Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 22 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 28 may 1945-ci il təvəllüdlüdür. 092928 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, iddiaçıya ilk dəfə 10.06.2005-ci il tarixdə yaşa görə (xidmət illəri) əmək pensiyası təyin edilmiş və pensiyasının ümumi məbləği 1767.79 manat müəyyən edilmişdir. Sonradan “Pensiyanın təyin edilməsi haqqında” 10.07.2020-ci il tarixli qərarla İddiaçı pensiya hüququnun yarandığı vaxtdan, yəni 01.07.2020-ci il tarixdən müddətsiz olmaqla 1720.66 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Onun prokurorluq orqanlarıda qulluq stajı 27 il 7 ay, dövlət məvacibinin orta aylıq məbləği 2150.82 manat təşkil edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən tərtib olunmuş 14/417 saylı 16.05.2006-cı il tarixli arayışdan görünür ki, İddiaçı 1993-cü il 1998-ci il tarixlərə kimi Azəraycan Respublikası Baş Prokurorluğunun İdarənin prokuroru vəzifəsində işləmiş, 1993 – 2 dəfə 100% aylıq vəzifə maaşı həcmində, 1 dəfə 50% vəzifə maaşı həcmində; 1994 - 2 dəfə 50% vəzifə maaşı həcmində; 1995 – 1 dəfə 50% vəzifə maaşı həcmində, 1 dəfə 100% vəzifə maaşı həcmində; 1996 – 1 dəfə 100%, 2 dəfə -50 % vəzifə maaşı həcmində; 1997-ci ildə– 1 dəfə 100%, 1 dəfə 50% vəzifə maaşı həcmində mükafat almış, bundan əlavə işlədiyi müddət ərzində ona xidmət illərinə görə 45% əlavə əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqının ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın 87 saylı 03 dekabr 2004-cü il tarixli protokolunun surətindən görünür ki, İddiaçı 16.03.1972-ci il tarixdən 10.03.1975-ci il tarixədək Naxçıvan MR Nazirlər Sovetində Təşkilat-Təlimat şöbəsinin təlimatçısı, 10.03.1975-ci il tarixdən 14.06.1977-ci il tarixədək Naxçıvan MR Nazirlər Soveti sədrinin köməkçisi vəzifələrində işlədiyi 5 il 02 ay 28 gün müddət onun prokurorluqdakı xidmət illərinə əlavə edilmiş və onun prokurorluqdaki xidmət illəri 27 il 7 ay 18 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Müavinin 07/11-38 saylı 15 yanvar 2003-cü il tarixli məktubundan görünür ki, Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 168 nömrəli Qərarı, prokurorluq işçilərinin 26 avqust 2002-ci ildən 01 noyabr 2002-ci ilədək olan dövrün əmək haqqı barədə arayışlar və ”Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə arayışlar və “Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə” İzahat icra və rəhbərlik üçün rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə göndərilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş MM12 saylı 12 noyabr 2018-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, Azərbaycan Respulikasının vətəndaşı, pensiyaçısı olan İddiaçı 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2018-ci il tarixədək hesablanmamış pensiyanın məbləği 308.879,19 manat və təyin edilməli aylıq pensiyasının məbləğinin 3.686,29 manat təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/19 saylı 22 aprel 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş üzrə ekspertiza təyini haqqında qərardadda ekspertizanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı üzrə mütəxəssislərinin iştirakı ilə keçirilməsi qeyd edildiyindən, bununla bağlı məhkəmə orqanına vəsatət verilmiş, lakin qeyd edilən mütəxəssislərin tədqiqatda iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən mövcud iş materiallarında olan 12 noyabr 2018-ci il tarixli "xxxx" MMC audit şirkəti tərəfindən verilmiş rəydə olan məlumatlar, o cümlədən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş müavinətlər hazırki ekspertiza tədqiqatı ilə nəzərə alınması əsaslı hesab edildiyi halda İddiaçı 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2018-ci il tarixinədək hesablanmamış pensiyasının məbləğinin 308.879,19 AZN və təyin edilməli aylıq pensiyanın məbləğinin 3.686,29 AZN təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/820 saylı 08 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq əmək haqqı həcmində müavinət, müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində maddi yardım verilir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/276 saylı 23 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4 maddəsinə əsasən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində yardım verilir, həmin maddə üzrə ödənişlər sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxildir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 15/126 saylı 02 fevral 2007-ci il tarixli məktubuna əsasən İddiaçı 1993-cü ilin noyabr ayından 1995-ci ilin noyabr ayı tarixlərinə kimi Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarənin aparıcı prokuroru vəzifəsində işləmiş və hazırda həmin vəzifə böyük prokuror vəzifəsinə bərabər olmaqla aylıq vəzifə maaşı 975 manat təşkil edir. İddiaçı qanunvericiliyin və X1 (rəyi) nəzərə alınaraq, 2005-2018-ci illərdəki 161 təqdim ayı müddətində 0.11.2018-ci il tarixinə ödənilməmiş 308879.19 manat fərqin ona birdəfəlik ödənilməsini və aylıq pensiya məbləğinin 3686.29 manat təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********5 saylı 18.12.2018-ci il tarixl məktubdan görünür ki, ona prokuror kimi yaşa görə əmək pensiyası təyin olunmuş, 01.03.2018-ci il tarixdən pensiyanın məbləği 1.767,79 manat təşkil etmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4 maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı,eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyaya hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq edərək müxtəlif vəzifələrdə işləmişdir. Onun prokurorluq orqanlarında xidmət illəri 27 il 07 ay 18 gün müəyyən edilmişdir. 1 iyun 2005-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmiş, DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən ona 1.767,79 manat məbləğində pensiya hesablanaraq ödənilir. Lakin pensiya təyin olunarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu, 21.4-cü maddələri ona münasibətdə tətbiq edilməmiş və pensiya hüququ yarandığı vaxtdan bu günədək, yəni 161 ay pensiya tam məbləğdə ödənilməmiş və əmək pensiyası yenidən hesablanmamışdır. 2005-2018-ci illərdə 161 təqvim ayı müddətində pensiyanın ona ödənilmədiyi vəsaitin və təyin olunmalı aylıq pensiya məbləğinin hesablanması üçün iddiaçı tərəfindən "xxxx" MMC adlı müstəqil audit şirkətinə müraciət olunmuş və sonuncu ilə müqavilə imzalanmışdır. "xxxx" MMC-nin audit hesabatı (rəyi) ilə müəyyən edilmişdir ki, 2005-2018-ci illərdəki 161 təqvim ayı müddətində ona 01 oktyabr 2018-ci il tarixə ödənilməmiş pensiya məbləği 308.879,19 manat təşkil edir, aylıq pensiya məbləği isə 3.696,29 manat təyin edilmişdir. O, bununla bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanuna zidd olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş, 31 iyul 2001-ci ildə dərc olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17/114 saylı 27.02.2018-ci il tarixli məktubuna əsasən 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonraki artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehə görə, həmin əlavələr sonraki artım deyildir. Əmək pensiyası haqqında Qanunun 20.8-ci maddəsi pensiyasının “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındaki sonraki artımların da diqqətinə alınacağını nəzərdə tutur. Demək ki, Qanun “orta aylıq məbləğ” və “sonraki artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonraki artım” isə, orta aylıq məbləğini deyil, əmək haqqındaki artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonraki artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirdən də daxildir. Bundan başqa, cavabdeh qeyd edir ki, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə isə daha bir hal qeyd olunur ki, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə”Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonraki artımı deyildirlər, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çixarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Həmçinin, qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasi Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına istinad etmişdir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərə tutulan əlavə nəzərə alınaraq, pensiya məbləğinin yenidən hesablanması, 11 dekabr 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin 11.12.2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsinə dair gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmənin yanaşması tamamilə yanlışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və işə baxılarkən qanunvericiliyin müddəaları pozulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə öz qərarında qeyd etmişdir ki, “yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində qeyd edilmiş əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir”. Belə ki, iş materillarında iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulmuş ödənişləri alması barədə heç bir sübut mövcud deyildir. Ona pensiya təyin edilərkən öz arzusu ilə 1993-1998-ci illər (5 il) ərzində aldığı əmək haqqı əsas götürülmüşdür. Qanun isə bundan 2 il sonra qəbul edilmişdir. İddiaçı həmin ödənişləri almış olsa belə, əmək pensiyasının hesablanması və ödənilməsi üçün əsas götürülən 1993-1998-ci illər ərzində həmin əlavəni ala bilməsi mümkünsüz idi. Qanunun 21.4-cü maddəsində göstərilmiş məbləğ əmək haqqı əsasında hesablanır. Nazirlər Kabinetinin 126 saylı 15.07.200-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda açıq şəkildə göstərilmişdir ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Digər tərəfdən məhkəmə gedişində iş üzrə ekspertizanın keçirilməsinə zərurət olmadığı dəfələrlə bildirilmişdir. Keçirilmiş məhkəmə ekspertizası xərcinin cavabdehə aid edilməsinin qanuni əsası yoxdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X4 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı ona 2005-2018-ci illərdəki 161 təqvim ayı müddətində 01.11.2018-ci il tarixinə ödənilməmiş 308879.19 manat pensiya fərqinin ona birdəfəlik ödənilməsini və aylıq pensiya məbləğinin 3686.29 manat təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçı tərəfindən əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayışın təqdim edilməməsi səbəbindən həmin əlavələrin pensiyaya hesablanması zamanı dövlət məvacibində nəzərə alınmasının qanunvericiliyə zidd olmasına istinad edilərək onun tələbinin təmin edilməsindən imtina etmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən qismən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya pensiya məbləğinin yenidən hesablanarkən, yalnız onun aldığı və məcburi sosial sığorta haqları ödənilən əlavələrin, yəni “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulan əlavələrin nəzərə alınmalı olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Həmin əlavələrə məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları liə bağlı müavinət və maddi yardım aiddir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Həmin Qanunun 3–cü maddəsinin “a” bəndinə əsasən Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslər əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin Qanunun 63-1-ci maddəsinə görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi əmək pensiyasıdır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: -20.1.5-ci prokurorluq işçiləri; -20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması yalnız prokurorluq orqanlarda ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik olduqda müəyyən edilmişdir. Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Göründüyü kimi, vətəndaşa pensiya təyin olunarkən və ya hesablanarkən yalnız alınan və sosial sığorta haqqları ödənilən vəsait nəzərə alınır. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunun 08 oktyabr 2020-ci il tarixli və 23 oktyabr 2020-ci il tarixli məktublarında göstərilmişdi ki, 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4 maddələrinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq əmək haqqı həcmində müavinət, müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində yardım verilir. Lakin, həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar yalnız 2007-ci ildən (məzuniyyət) və 2010-cu ildən (müalicə) həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunda xidmət etdiyi dövrdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4 maddələrində nəzərdə tutulmuş əlavələri almışdır. Buna baxmayaraq yalnız 21.4-cü maddədə qeyd edilmiş əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Digər müavinətlərdən, yəni 2 aylıq əmək haqqı həcmində müavinətindən və müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinətindən məcburi sosial sığorta haqqlarının ödənilməsi yalnız 2007-ci və 2010-cu il tarixdən başlayaraq həyata keçirilir. Məhkəmənin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9-cu maddələrində nəzərdə tutulan müavinətləri alması ilə bağlı pensiyasının yenidən hesablanması və həmin pensiyada yaranmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi, həmin əlavələrə görə 01 noyabr 2018-ci il tarixdən məhkəmə qərarı icra olunduğu tarixə qədər hər ay üçün 1.918,5 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə tələbini (həmin əlavələr pensiya təyin edilməsi üçün nəzərə alınmadığından) təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəyi hazırki işin hallarına tətbiq etməmişdir. İddiaçının adı çəkilən Qanunun 21.4-cü maddəsində göstərilən əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, bu əsasla ötən illərin pensiya fərqinin hesablanıb ödənilməsi barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi yuxarıda qeyd olunan əsaslara görə təmin edərkən Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan, iddiaçının işlədiyi dövrdə aldığı və sosial sığorta tutulmalarının aparıldığı əlavələrin məhz hansı illər üzrə alındığını nəzərə almaqla pensiyanın yenidən hesablanmalı olduğunu qərarın nəticəvi hissəsində dəqiq göstərməli idi. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışlardan görünür ki, iddiaçı adı çəkilən Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavələri işlədiyi dövrdə hissəvi almışdır. Bu məsələni dəqiqləşdirmək üçün apellyasiya baxışı zamanı müvafiq sorğu verilmiş və həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 06.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 27.07.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 29.06.2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrləri ilə 2001- 2005-ci illərdə İddiaçı aşağıdakı kimi mükafat və maddi yardımlar ödənilmişdir: 2001-ci ilin mart, may və sentyabr ayı 100% vəzifə maaşı həcmində mükafat, oktyabr və dekabr ayı 100% vəzifə maaşı həcmində maddi yardım, 2002, 2003, 2004 və 2005-ci illərin isə mart və sentyabr ayı 100% vəzifə maaşı həcmində mükafat, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım. Həmin ödənişlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar edilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunda xidmət etdiyi dövrdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulmuş əlavələri yalnız 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə almış (bu əlavə ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilir) və həmin əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə qərarı iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində göstərilən əlavələrin nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması hissəsində dəyişdirilərək, pensiyanın yenidən hesablanması Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavələrin yalnız iddiaçı tərəfindən alındığı müddətlər (illər) nəzərə alınmaqla aparılmalıdır. Buna görə də iddiaçının pensiyanın ödənilməmiş fərqinin ödənilməsi barədə tələbi də məhz göstərilən qaydada aparılan yenidən hesablamaya uyğun olaraq «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən ilkin müraciət tarixindən geriyə üç il üçün, yəni 11.12.2015ci il tarixdən hesablanıb ödənilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “ekspertiza xərcinin bir hissəsinin cavabdehdən tutulmasının düzgün olmaması” barədə dəlili isə məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən prosessual xərcin proses iştirakçıları arasında iddianın təmin edilən hissəsinə münasib bölüşdürüldüyünü nəzərə alaraq əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı iddianın təmin edildiyi hissədə dəyişdirilərək, İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulan əlavənin 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə alındığı nəzərə alınaraq pensiyanın yenidən hesablanması və 11 dekabr 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı iddianın təmin edildiyi hissədə dəyişdirilsin. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulan əlavənin 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə alındığı nəzərə alınaraq pensiyanın yenidən hesablanması və 11 dekabr 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1037/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver