Məhkəmə qərarları › İş №2-1(103)-1037/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. H3 seriyalı ******* saylı 22.07.1981-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 08.05.1979-cu ildən 30.06.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 20.07.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, 17.07.1978-ci ildə Plastik kütlənin emalı üzrə Salyan zavodunda hazır məhsul anbarına quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, 01.09.1978-ci ildə təhsilə getdiyi üçün işdən azad edilmiş, 13.09.1978-ci ildə Salyan plastik kütlə emalı zavodunda Presləmə sexinə hazır məhsulun qablaşdırma anbarına qablaşdırıcı vəzifəsinə qəbul edilmiş, 24.04.1979-cu ildə sovet ordusu sıralarına çağırış ilə əlaqədar olaraq işdən azad edilmiş, 08.05.1979-cu ildən 30.06.1981-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 01.06.1984-cü ildən NQÇİ nəzdində Kürsəngi TNİ “Səlyanneft” 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 30.11.1984-cü ildə ESM yanacaq dolduran vəzifəsinə keçirilmiş (2-ci dərəcə), 07.09.1988-ci ildə TKK protokoluna əsasən 1-ci dərəcə sayılmış, 11.05.2003-cü ildən 12.20.2004-cü ilədək X8 İdarəsinin Nəqliyyat Sexinin Təmir emalatxanasının 1-ci dərəcəli YS operatoru vəzifəsində çalışmış, 13.10.2004-cü ildə X8 İdarəsinin Elektrik avadanlıqlarının Təmir sexinə 5-ci dərəcəli təmir üzrə elektrik montyoru vəzifəsində, 01.02.2005-ci ildə Kürsəngi Qazma sexinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru vəzifəsində, 01.04.2008-ci ildən 21.10.2010-cu ilədək Lökbatan sahəsində 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru vəzifəsində, 29.10.2010-cu ildən 03.02.2014-cü ilədək “X10” Trestinin Tamponaj İdarəsində xüsusi aqreqatlar və almaşınlar sexinə 5-ci dərəcəli quyuların sümentlənməsi üzrə maşinist vəzifəsində, 04.02.2014-cü ildən 31.07.2014-cü ilədək həmin Trestdə Tamponaj bölümündə quyuların sementlənməsi üzrə 5-ci dərəcəli maşinist vəzifəsində, 01.08.2014-cü ildən 07.09.2020-ci ilədək ARDNŞ Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində texnoloji nəqlliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində, 08.09.2020-ci ildən 30.11.2020-ci ildən SOCAR Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsində, 01.12.2020-ci ildən hazıradək “Azneft” İstehsalat Birliyinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində Texnoloji nəqliyyat sahəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinit vəzifəsində çalışır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müracitə etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 22.10.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər (10.2) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın “X10i tresti”nin 04.10.2021-ci il tarixli arayışında qeyd olunanlara əsasən 13.10.2004-22.10.2010-cu il tarixləri arasındakı dövr ərzində “X8 İdarəsi”ndə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda onun elektrik montyoru vəzifəsində işlədiyi zaman bilavasitə neft, qaz və qaz kondensantı hasilatı obyektlərində elektrik avadanlığının təmiri xidməti ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 3 ay 24 gün (28.10.2010-31.07.2014-cü il, 01.08.2014-07.09.2020- ci il, 08.09.2020-30.11.2020-ci il, 01.12.2020-24.02.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan, yəni 24 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.06.1984-cü ildən hazıra qədər əmək fəalliyyəti ilə məşğuldur. 2005-ci ildə X8 idarəsi Qobustan KQİİ-yə çevrilmiş, 2007-ci ildə X10 Trestinə çevrilmişdir. 01.04.2008-ci il tarixdən 22.10.2010-cu il tarixdək X10 Trestin Lökbatan sahəsinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçmişdir. İşlədiyi müddətdə zərərli işdə işlədiyi üçün ona hər ay maaşı ilə bərabər pul verilmişdir. Ağır işdə işlədiyini müəssisə də arayışla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmiş, güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Onun 01.04.2008-ci il tarixdən 22.10.2010-cu il tarixdək X10 Trestin Lökbatan sahəsinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsi güzəştli şərtlərlə ağır iş hesab edilməmişdir. Cavabdeh orqan tərəfindən onun güzəştli iş stajının 10 il 3 ay 24 gün olması qeyd edilməklə əsassız imtina verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşdan, yəni 24.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayəti təmamilə əsassızdır və təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin qərarı qanunazidd və əsassız olması barədə şikayətdə heç bir əsaslanma yoxdur və formal mülahizələrə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, onun xüsusi şərtlərlə pensiya hüququ yoxdur. Onun işlədiyi müddətdə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 27.05.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialarından müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə 04.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona 60 yaşının tamam olduğu 24.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 24.02.2021-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajının, 12 il 06 aydan çox güzəştli iş stajının olmasına, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlərin ödənilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 08.05.1979-cu ildən 30.06.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olduğu müəyyən olunur və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 34 saylı 29.03.2021-ci il tarixli güzəştli arxiv arayışından görünür ki, İddiaçı 01.08.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı TND-də bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Texnoloji nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə təyin olunmuş, 07.09.2020-ci il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Onun ixtisası Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 06 il 01 ay 06 gün təşkil edir. SOCAR “Azneft” İstehsalat Birliyi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin 23 saylı 29.03.2021-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı 08.09.2020-ci il tarixdən idarədə 6-cı quyuların sementlənməsi üzrə maşinist peşəsinə işə qəbul edilmiş, 30.11.2020-ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Onun ixtisası Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 06 ay 22 gün təşkil edir. Hazırki işdə iddiaçının 28.10.2010-31.07.2014-cü il, 01.08.2014-07.09.2020-ci il, 08.09.2020-30.11.2020-ci il, 01.12.2020-24.02.2021-ci il tarixləri arasındakı dövrlərdə “quyuların sementlənməsi üzrə maşinist” işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilərək belə stajının ümumilikdə 10 il 3 ay 24 gün olduğuna istinad olunur. Yəni, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 01.04.2008- 22.10.2010 və 28.10.2010-31.07.2014-cü illər üzrə işlədiyi dövrlər güzəştli iş stajı kimi qəbul edilməmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olub-olmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı 01.06.1984-cü il tarixdən 31.07.2014-cü il tarixədək işlədiyi dövrün hansı illərinin zərərli sahədə çalışması və işlədiyi peşənin zərərli peşəyə aid olub-olmaması barədə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 11.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, (iş materiallarında olan“SOCAR” “X10i” trestinin SOCAR**********80020123X00030 saylı 01.10.2021-ci il tarixli iş stajı haqqında arxiv arayışının məzmunu ilə eynilik təşkil edir) xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Azneft” X1 Texnoloji Nəqliyyat İdarəsində, X8 İdarəsində, X6 İşləri İdarəsində, Tamponaj İdarəsində və “X10i” trestində işləmişdir. 01.06.1984-cü ildən 30.11.1984-cü ilədək X2 İdarəsinə avtomobil təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilib (Əmr № 21-k, 08.06.1984-cü il); 30.11.1984-cü ildən 01.05.2003-cü ilədək X4 2-ci dərəcəli yanacaq dolduran peşəsinə keçirilib (Əmr № 46-k, 30.11.1984-cü il); 01.05.2003-cü ildən 20.08.2004-cü ilədək “Azneft" İstehsalat Birliyinin 16.04.2003-cü il tarixli, 08 saylı əmrinə əsasən X2 İdarəsi Nəqliyyat sexi kimi, 01.05.2003-cü il tarixindən Kürsəngi Qll-nin tərkibinə verilməsi ilə əlaqədar olaraq, Nəqliyyat sexinə 1-ci dərəcəli yanacaq doldurma stansiyasına operator peşəsinə qəbul edilib (Əmr № 28/k, 01.05.2003-cü il) 20.08.2004-cü ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilib (Əmr № 115-k, 20.08.2004-cü il); 13.10.2004-cü ildən 01.02.2005-ci ilədək X8 İdarəsinə Elektrik avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli təmir üzrə elektrik montyoru peşəsinə qəbul edilib (Əmr № 139-k, 12.10.2004-cü il); 01.02.2005ci ildən 01.04.2008-ci ilədək “Azneft” İstehsalat Birliyinin 31.01.2005-ci il tarixli, 25 saylı əmrinə əsasən Kürsəngi Qİİ-si qazma sexi kimi Qobustan KQİİ-nin tərkibinə verilməsi ilə əlaqədar olaraq, Kürsəngi qazma sexinə 5-ci dərəcəli təmir üzrə elektrik montyoru peşəsinə qəbul edilib (Əmr № 43, 01.02.2005-ci il); 01.04.2008-ci ildən 22.10.2010-cu ilədək Lökbatan sahəsinə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilib (Əmr № 34-k, 01.04.2008-ci il); 22.10.2010-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏMsi bağladığı üçün onunla bağlanmış ƏM-nə xitam verilib (Əmr № 311-k, 21.10.2010-cu il); 28.10.2010-cu ildən 03.02.2014-cü ilədək Tamponaj İdarəsi Xüsusi aqreqatlar və avtomaşınlar sexinə 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə işə qəbul edilib (Əmr № 58-k, 28.10.2010-cu il); 03.02.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün onunla bağlanmış ƏMnə xitam verilib (Əmr № 56-k, 03.02.2014-cü il); 04.02.2014-cü ildən 31.07.2014-cü ilədək “X10i” tresti Tamponaj bölümünün Quyuların möhkəmləndirmə sexinə 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə keçirilib (Əmr № 59-k, 04.02.2014-cü il); 31.07.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏMsi bağladığı üçün onunla bağlanmış ƏM-nə xitam verilib (Əmr № 481-k, 31.07.2014-cü il).Onun ümumi iş stajı 30 il, güzəştli iş stajı 06 il 03 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən İddiaçı 01.04.2008-ci ildən 22.10.2010-cu ilədək işlədiyi 10.1a) buruqlara xidmət üzrə elektrik montyoru peşəsi, 28.10.2010-cu ildən 31.07.2014-cü ilədək 10.1 a) quyuların sementlənməsi üzrə maşinistlər peşəsi üzrə güzəştli iş stajl 06 il 03 ay 24 gün güzəştli iş stajı təşkil edir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının güzəştli iş stajı 01.04.2008-22.10.2010 (2 il 6 ay 21 gün) dövr üzrə işlədiyi Lökbatan sahəsində 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsi yuxarıda adı çəkilən Siyahıda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazma” yarımbölməsində a) buruqlara xidmət üzrə elektrik montyoru, 28.10.2010- 31.07.2014 (3 il 9 ay 3 gün), 01.08.2014-24.02.2021 (6 il 6 ay 23 gün) dövr üzrə işlədiyi quyuların sementlənməsi üzrə maşinist peşəsi yuxarıda adı çəkilən Siyahıda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.1 Qazma” yarımbölməsində a) quyuların sementlənməsi üzrə maşinistlər peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisələr (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya 24.02.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9140/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar