Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik stajı kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12155/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik stajına hesablanmasından cavabdehin imtinasının əsassız hesab edilməsi, prokurorluqdakı xidmət illərinin hakimlik stajına hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməklə ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla hakimlik fəaliyyətinin son 24 ay ərzində ödənilmiş əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-12155/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin (xx.xx.1994 - xx.xx.2000) onun hakimlik stajına (xx.xx.2000 - xx.xx.2023) hesablanmaqla, ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla, hakimlik fəaliyyətinin son 24 ay ərzində (xx.xx.2021-xx.xx.2023) ödənilmiş əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan aydın olur ki, cavabdeh iddiaçı üçün ən yüksək məbləği olan pensiya nəzərə alınaraq ona hakim kimi əmək pensiyası təyin etmişdir. Belə ki, iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilərkən müraciətində də göstərdiyi kimi ilkin olaraq özünün şəxsi istəyi nəzərə alınmaqla pensiya məbləği son 24 ay ərzində ödənilmiş əməkhaqqına uyğun qaydada hesablanmış və bu barədə onun mobil nömrəsinə cavabdeh tərəfindən mesaj göndərilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində iddiaçıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli müvafiq Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun, yəni 5 il üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin ediləcək pensiya məbləğinin daha yüksək olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sabiq hakim kimi əmək pensiyasının iddiaçının müraciətində göstərdiyi 6769,42 manat məbləğində deyil, son 60 ay ərzindəki əməkhaqqına dair cavabdeh orqana təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli 01/23 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 24 nömrəli arayışlarına uyğun olaraq, iddiaçıya ünvanlanmış 26 may 2023-cü il tarixli məktubda da qeyd edildiyi kimi 6837,20 manat məbləğində təyin edilmişdir. Buna görə də cari ilin aprel (27 gün üçün) və may ayları üzrə iddiaçıya ödənilməli olan 196,56 manat fərq məbləği hesablanmışdır. İddiaçının hakimlik səlahiyyətlərinə 3 aprel 2023-cü il tarixdən xitam verildiyindən hakim kimi pensiya hüququ növbəti gündən yaranmışdır. Həm göstərilən səbəbdən, həm də ümumilikdə əmək pensiyasının hesablanması mexanizminin hər bir mərhələsini “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması da qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının müracətindəki kimi, həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən pensiya faiz dərəcəsinin, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının hesablanması mümkün deyil. Bundan başqa, iddiaçının əmək pensiyası ya “Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına, ya da Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun hesablana bilər. Göstərilənlərə müvafiq olaraq, iddiaçının əmək pensiyası daha yüksək sosial təminata imkan verən müvafiq Plenum Qərarı nəzərə alınmaqla hesablanmışdır. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Təqdim edilmiş xx.xx.2018-31,03.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əməkhaqlarına dair müvafiq arayışlar nəzərə alınmaqla iddiaçıya “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 22 il 7 ay hakim kimi iş stajına uyğun olaraq vaxtilə iddiaçının işlədiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində 4 aprel 2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya müraciətində göstərdiyi qaydada, yəni vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddia ərizəsində göstərildiyi kimi, iddiaçının vaxtilə prokurorluq orqanlarında çalışdğı stajın pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında olan staj yalnız əlavənin hesablanması zamanı nəzərə alına bilər. Həmin stajın hakimlik stajına daxil edilməsi nə qanunvericilik cəhətdən, nə də praktiki cəhətdən mümkündür. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulub. Müraciətinizdə göstərdiyiniz “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında da sabiq hakimlərə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının istənilən beş il üzrə hesablanmalı olduğu göstərilib. Təqdim etdiyiniz xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqlarınıza dair müvafiq arayışlar nəzərə alınmaqla Sizə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 22 il 7 ay hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınızın (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində 4 aprel 2023-cü il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Göründüyü kimi, Sizə müraciətinizdə göstərdiyiniz qaydada, yəni vaxtilə işlədiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınızın 80 faizi miqdarında əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd edilənlərə əsasən, prokurorluq orqanlarındakı xidmət illərinizin hakim kimi iş stajınızın hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa, əmək haqqı arayışınızda göstərilmiş məzuniyyətlə bağlı Sizə ödənilmiş iki aylıq əmək haqqı həcmində ödənilmiş bütün müavinətlər əmək pensiyanıza tətbiq edilib. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Sizə sabiq hakim kimi əmək pensiyası təyin edilərkən müraciətinizdə də göstərdiyiniz kimi ilkin olaraq şəxsi istəyiniz nəzərə alınmaqla pensiya məbləğiniz son 24 ay ərzində ödənilmiş əmək haqqınıza uyğun qaydada hesablanmış və bu barədə telefon nömrənizə tərəfimizdən mesaj göndərilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində Sizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli müvafiq Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun, yəni 5 il üzrə orta aylıq əmək haqqınızın 80 faizi miqdarında təyin ediləcək pensiya məbləğinin daha yüksək olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sabiq hakim kimi əmək pensiyanız tərəfinizdən müraciətinizdə göstərdiyiniz 6769,42 manat məbləğində deyil, son 60 ay ərzindəki əmək haqqınıza dair Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli 01/23 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 24 nömrəli arayışlarına uyğun olaraq, Sizə ünvanlanmış 26 may 2023-cü il tarixli 3-17-1/2-Ə-119256/2023 nömrəli məktubumuzda da qeyd edilmiş 6837,20 manat məbləğində təyin edilmişdir. Buna görə də cari ilin aprel (27 gün üçün) və may ayları üzrə Sizə ödənilməli olan 196,56 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləğinin cari ilin iyul ayında əmək pensiyanızın (6837,20 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 -ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq, sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, Sizin hakimlik səlahiyyətlərinizə 3 aprel 2023-cü il tarixindən xitam verildiyindən hakim kimi pensiya hüququnuz növbəti gündən yaranmışdır. Həm göstərilən səbəbdən, həm də ümumilikdə əmək pensiyanızın hesablanması mexanizminin hər bir mərhələsini “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması da qanunvericiliyin tələblərinə uyğun olmadığından müracətinizdəki kimi, həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən pensiya faiz dərəcənizin, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın hesablanması mümkün deyil. Bundan başqa, Sizin əmək pensiyanız ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına, ya da Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun hesablana bilər. Göstərilənlərə müvafiq olaraq, əmək pensiyanız daha yüksək sosial təminata imkan verən müvafiq Plenum Qərarı nəzərə alınmaqla hesablanıb. Əlavə olaraq bildiririk ki, vaxtilə işlədiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2674,33 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1203,45 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə əlavəniz 177,50 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 668,58 manat və digər növ əlavələriniz 3822,64 manat olmaqla orta aylıq əmək haqqınız 8546,50 manat təşkil edir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqınızın (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində müəyyən edilib. Məlumat üçün bildiririk ki, müraciətinizdə göstərdiyiniz hakimlik stajınızın hesablanmasına dair məsələ tərəfimizdən Sizə ünvanlanmış 26 may 2023-cü il tarixli məktubla ətraflı cavablandırılıb. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-2-20/2-733/2023 nömrəli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Hərbi Prokurluğunda işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid 048958 nömrəli pensiya işində olan sənədlərə əsasən: - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, №3-17-1/2-7-8193/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, hakim kimi səlahiyyətlərinə xitam verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş pensiya yenidən hesablanmış və ona xx.xx.2023-cü il tarixdən müddətsiz 6769 manat 42 qəpik məbləğində pensiya təyin olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 2556 manat, vəzifə maaşına əlavə (100%) 2556 manat, qulluq stajına görə əlavə (45%) 1150,20 manat, mükafatlar 2403,85 manat, hakimiyyət səlahiyyətinə görə əlavə (25%) 639 manat, dövlət məvacibinin cəmi 9305 manat 05 qəpik. Qərarın 11-ci bəndində pensiya faizi 72,75 %; 13-cü bəndində ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri: xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 6769,42 manat qeyd olunmuşdur. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-7-10158/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, vətəndaşın müraciətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş pensiya yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 6837 manat 20 qəpik müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 2674,33 manat, vəzifə maaşına əlavə 1869,67 manat, qulluq stajına görə əlavə 1203,45 manat, mükafatlar 1952,97 manat, dövlət məvacibinin cəmi 8546 manat 50 qəpik. Qərarın 11-ci bəndində pensiya faizi 80% qeyd olunmuşdur. Qərarın 13-cü bəndində ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri: xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 6837,20 manat qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı: 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək prokurorluq orqanlarında xidmət etmiş, xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək isə hakim vəzifəsində çalışmışdır. İddiaçı ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla, hakimlik fəaliyyətinin son 24 ay ərzində (xx.xx.2021-06.04.23) ödənilmiş əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməsini xahiş etsə də, cavabdeh inzibati orqan sabiq hakim kimi əmək pensiyasının iddiaçının müraciətində göstərdiyi qaydada deyil, son 60 ay ərzindəki əməkhaqqına uyğun olaraq pensiya hesablamışdır. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin tələblərindən də göründüyü kimi, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Bundan başqa, iddiaçı onun prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik stajına hesablanmaqla ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehin mövqeyinə əsasən prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin tələblərinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, qanunvericilik prokurorluq orqanlarındakı xidmət illərinə görə hakimlik stajı kimi eyni həcmdə əlavə haqq müəyyən edir. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinin tələblərinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur. Göründüyü kimi, qanunvericilikdə prokurorluq işçilərinin prokurorluqdakı xidmət illəri hakim kimi xidmət illərinə daxil edilir və prokurorluq orqanlarındakı xidmət illərinə görə hakimlik stajı kimi eyni həcmdə hakimlərə hər ay vəzifə maaşlarına əlavə haqq müəyyən edilir. O da qeyd olunmalıdır ki, sabiq hakimlərə pensiya məbləği hesablanarkən vəzifə maaşlarına əlavələr, o cümlədən prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə də nəzərə alınır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12155/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1037/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver