Məhkəmə qərarları › İş №2-1(103)-1038/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1038/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1038/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Nərgiz Emin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işəburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli iddianın mümkün sayılmaması haqqında qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Milli Məclisinə qarşı iddia qaldıraraq “işdən azad olunma barədə cavabdehin xx xxxxxx 2018-ci l tarixli, 228-V nörməli sərəncamının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ilin iyun ayından xx xxxxxx 2018ci il tarixədək Azərbaycan Respublikası Milli Məclisində məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrində işləmişdir. Sonuncu vəzifəsi Milli Məclis Aparatının Beynəlxalq Parlament təşkilatları ilə iş sektorunun müdiri olmuşdur. xx.xx.2018-ci il tarixdən iddiaçını işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə başlamışlar, o, əvvəlcə ərizə yazmaqdan imtina etmiş, lakin uzun müddət davam edən təzyiqlərdən sonra iradəsinin əleyhinə olaraq, əmək müqaviləsini ləğv etmək barədə ərizəni yazaraq xx.xx.2018-ci il tarixində Milli Məclisin Kadrlar Şöbəsinə təqdim etməli olmuşdur. İşdən təzyiq altında çıxması, işdən azad edilməzdən xeyli əvvəl, xx.xx.2018-ci il tarixdə bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsi ilə təsdiq olunur. İddiaçının həmin ərizəsi araşdırılması üçün Milli Məclisə göndərilmiş, lakin heç bir xidməti araşdırma aparılmamış, cavab verilməmiş və əvvəlki qaydada ərizə yazıb işdən getməsi tələb edilmişdir. Bundan başqa, onun tutduğu vəzifədən azad olunması barədə sərəncam xx.xx.2018-ci ildə Milli Məclisin sədri İran İslam Respublikasında səfərdə olduğu vaxta təsadüf edir və buna görə də, qeyd edilən sərəncam imzalana bilməzdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək iddia ərizəsinə qanunauyğun baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadda iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə əsassız və qeyri-obyektivdir. Belə ki, iş materiallarından da göründüyü kimi, əmək kitabçası iddiaçıya təqdim olunarkən barəsində verilmiş inzibati aktın özü (sərəncam) ona tələb etməsinə baxmayaraq, verilməmişdir. Çoxsaylı müraciətlərdən sonra 2019-cu ilin oktyabrından inzibati aktın imzasız surəti müəssisə rəhbərinin imzası olmadan kadrlar şöbəsinin möhürü qoyulmaqla iddiaçıya poçt vasitəsilə təqdim edilmiş, amma kadrlar şöbəsinin müdiri öz imzası ilə inzibati aktı təsdiq etməmişdir. Məhz bundan sonra İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edə bilmişdir. Çünki İnzibati icraat haqqında Qanunun 74.2.3-cü maddəsinin tələblərinə əsasən inzibati şikayətdə “barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik) olmalıdır. Yalnız 2 saylı Bakı İnzibatiiqtisad Məhkəməsinin sorğusundan sonra Milli Məclisin kadrlar çöbəsi Milli Məclis sədrinin imzası olmayan inzibati aktın surətini öz imzası ilə təsdiq edərək Məhkəməyə təqdim etmişdir. Qərardadda da təsdiq edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə inzibati aktın özünü yox, əmək kitabçasını cavabdehdən əldə etmişdir. İPM-in 28.1-ci maddəsində söhbət əmək kitabçasından və ya əmək kitabçasında inzibati akt haqqında verilmiş məlumatlardan yox, mübahisələndirilən inzibati aktın özündən gedir. Həm də inzibati aktda həmin aktı qəbul etmiş müəssisə rəhbərinin imzası olur. İddiaçının əmək kitabçasında isə yalnız inzibati akt barədə məlumat verən kadrlar şöbəsinin imzası var. Bu mənada əmək kitabçası və inzibati akt barədə orada qeyd olunan məlumat inzibati akt sayıla bilməz. Cavabdeh dini inancına görə iddiaçını işdən çıxarmış, bununla da onun dini etiqad hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsini bəhanə edərək iddianı mümkünsüz hesab etmişdir. İddiaçı məhkəmə baxışında təqdim etdiyi apellyasiya şikayətinə əlavəni bununla əsaslandırmışdır ki, cavabdeh sərəncamın (əmrin) surətini və əmək kitabçasını sonuncu iş günü ona təqdim etməmiş və bununla da Əmək Məcəlləsinin 83.2-ci maddəsinin təlbini pozmuşdur. Əmək kitabçası isə ona yalnız xx.xx.2018-ci il tarixdə təqdim edilmişdir. Qanunda sərəncamın “(əmrin) surəti və ya əmək kitabçası” ifadəsi yoxdur. Əmək kitabçasındakı qeydə görə sərəncamın tarixi ilə Milli Məclisin o zamankı sədri X7 səfər tarixi üst-üstə düşdüyündən Milli Məclis aparatının əməkdaşından barəsində verilmiş “inzibati aktın” surətini istəmişdir. Çünki bu onda inzibati aktın (sərəncamın) qanunsuz və etibarsız olması barədə əsaslı şübhələr yaratmışdır. Həm də ona görə ki, həmin akt ona təhdid, qorxu və təzyiq nəticəsində qəbul edilmişdir. “İnzibati icraat haqqında Qanun”un 62.1-ci maddəsinin tələbinə görə, “inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.” x xxxxxxxx 2019-cu il tarixdə Milli Məclisin sədrinə ünvanladığı şikayət məktubunda o, barəsində qəbul edilmiş inzibati aktın (sərəncamın) təsdiqlənmiş surətinin ona göndərilməsi, İranda olarkən iddia olunan inzibati aktın sədrin adından qəbul edilməsi və beləliklə də, həmin aktın qanunsuz olması və yol verilmiş qanunsuzluğun araşdırılması barədə məsələ qaldırmışdır. “İnzibati icraat haqqında Qanun”un 28-ci maddəsinin tələbinə görə, həmin şikayət məktubu inzibati icraatın başlanması üçün əsas olmuşdur, çünki şikayət qeydiyyata alınmış və cavab olaraq yalnız inzibati aktın (sərəncamın) təsdiqlənməmiş surəti 2019-cu ilin oktyabrında poçt xidməti ilə ona təqdim edilmişdir.Əmək Məcəlləsinin 296.3-cü maddəsində “sərəncamın (əmrin) və ya əmək kitabçasının” ifadəsi yoxdur. Qanun tələb edir ki, hər iki sənəd eyni gündə verilməlidir. Əmək kitabçasının verildiyi gündən 10 ay sonra poçt xidməti vasitəsi ilə sərəncamın surəti ona təqdim ediləndən sonra sərəncamın həqiqətən də qanunsuz və etibarsız olması faktlarını əyani olaraq aşkar etmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə görə sərəncam müəssisə rəhbəri tərəfindən imzalanmalı və möhürlənməlidir. Ona təqdim edilmiş sərəncamın surətində isə nə müəssisə rəhbərinin imzası, nə də möhürü vardır, sadəcə sonradan kadrlar şöbəsinin müdiri öz möhürünü qoymuşdur. İİHQ-un 65.2-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bundan başqa, əmək müqaviləsinin ləğv edilməsi haqqında sərəncamda müəssisənin hüquqi ünvanı da göstərilməmiş və bununla da, Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, mübahisələndirilən inzibati aktda müəssisə rəhbərinin imzası yoxdur, müəssisə rəhbəri ölkədə olmadığı halda onu adından qərar qəbul edilmişdir, əslində ya müavinlərdən birinin, ya da səlahiyyətlərini icra edən şəxsin imzası olmalı idi, daha sonra inzibati aktda müəssisənin hüquqi ünvanı, poçt indeksi, məlumat almaq üçün telefon nömrəsi və s yoxdur. Bu səbəbdən qeyd edilən inzibati akt qanunsuzdur və ləğv edilməlidir. İİHQ-un 67.12-ci maddəsinin tələbinə görə “Qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.” Həmin maddədəki müddət məsələsi həmin qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil edilmir. Yəni bu müddət əsas hüquqları, o cümlədən dini etiqad hüququnu pozan qanunsuz yükləyici aktlara şamil edilməməlidir. Bundan başqa, sayca birinci şifahi məhkəmə baxışının protokolunda iddia müddətinə dair məsələnin aydınlaşdırılması ilə bağlı müvafiq qeydlər edilmişdir. İPM-in tələblərinə görə, şifahi məhkəmə baxışı başlayana qədər, yəni hazırlıq icraatı dövründə və ən azından birinci şifahi məhkəmə baxışında olmalı idi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Raqif Mustafayev məhkəmə baxışında apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək bildirdi ki, inizbati akt təqdim edilmədən onu mübahisələndirə bilməzdilər. Məhz inzibati akt təqdim edildikdən sonra orada Milli Məclisin həmin dövrdə sədri olan Oqtay Əsədovun imzasının olmaması iddiaçı tərəfindən aşkar edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsi qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası şikayət verilən qərarın qanuniliyini bütövlükdə yoxlayır. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin “İddiaçı işdən azad edilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli, 228-V nörməli sərəncamını məhkəmədə mübahisələndirir. Cavabdeh Azərbaycan Respublikasının Milli Məclisi iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, İddiaçı işdən çıxma barədə ərizə yazılması ilə bağlı heç bir təzyiq göstərilməmişdir, sərəncamın imzalanması tarixində Milli Məclisin sədrinin İran İslam Respublikasında səfərdə olması barədə göstərilənlərə gəldikdə isə həmin rəsmi səfər xx xxxxxx 2018-ci ildə tarixində səhər saat 8.00-da baş tutmuşdur və adı gedən sərəncam da səfərdən öncə imzalanmışdır. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yalnız bu qanunda və buna uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Əmək qanunvericiliyi ilə tənzimlənir. İddiaçı işdən azad olunduqda ona əmək kitabçası təqdim olunmuş və iddiaçı əmək kitabçasını götürdüyünü öz imzası ilə təsdiq etmişdir. İddiaçı əmək kitabçasında onun işdən azad olunması barədə Milli Məclisin rəhbəri tərəfindən verilmiş sərəncamın nömrəsi, tarixi, azad olunma tarixi və tətbiq olunan qanunun maddəsi göstərilməklə qeydlər aparılmışdır. İşdən qanunsuz azad olunmasını iddia edən İddiaçı əmək kitabçasını təhvil aldığı gün o, fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnu aşkar etdiyi gün hesab edilir və o həmin gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Məhkəmə kollegiyası işin faktiki hallarını qanunun müvafiq maddələrinə istinadən araşdırıb birinci instansiya məhkəməsinin iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddia müəyyən etmə haqqında iddiadan fərqli olaraq, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müddət məhdudiyyətləri mövcuddur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı xx.xx.2018-ci il tarixli sərəncam barədə xx.xx.2018-ci il tarixdən məlumatlı olmasına baxmayaraq şikayət instansiyasına xx.xx.2019-cu il tarixdə müraciət etmiş, nəticə əldə etmədikdən sonra xx.xx.2019-cu il tairxdə məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İddiaçının inzibati aktın (işdən çıxma barədə sərəncamın) təqdim edilməməsi və bununla da inzibati aktın özünü əldə etmədiyindən şikayət vermə imkanından məhrum olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya həmin sərəncam və onun işdən çıxarılması əsası olaraq müvafiq qanunun maddəsi 2018-ci iin dekabr ayının 28-də elan edilmiş və bu barədə əmək kitabçasında qeyd edilmiş, iddiaçı əmək kitabçasını əldə etmişdir. Sərəncamın əslini iddiaçı hər bir halda məhkəmədə iddia qaldırdıqdan sonra hakimin sorğusu əsasında əldə etmişdir. Belə olan halda, sərəncamın əslinin formal sənəd olaraq iddiaçıda olmaması hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsinə maneə deyildi. Apellyasiya şikayətinin “sərəncamın müəssisə rəhbəri xarici dövlətdə rəsmi səfərdə olduğu üçün onun müavini və ya digər səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmalı olması və iddiaçının dini etiqadına görə işdən azad olunması barədə” dəlillərinə qiymət verərək məhkəmə kollegiyası bildirir ki, sözügedən sərəncam xx.xx.2018-ci il tarixdə Milli Məclisin həmin dövrdə sədri vəzifəsini icra edən Oqtay Əsədov tərəfindən imzalanmış və iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.1-ci maddəsinə istinadən, öz ərizəsinə əsasən işdən çıxarılmışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbi baxımından haqlı olaraq iddianı mümkün saymamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə inzibati prosessual qanunvericiliyin tələblərinə uyğundur və hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir, buna görə də apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasıgöstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar