Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1038/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçılar İddiaçı və Süleyman-zadə Sevinc Sabir qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3581/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçıların 03.12.2019-cu il təvəllüdlü uşağı X1 “Muradov”dan “Muradxanlı”ya dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarında qeyd edir ki, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının uşağın soyadının dəyişdirilməsinə razılığı təsdiq edən sübut müəyyən olunmamışdır. Məhkəmə bu halı doğru olaraq qeyd etmişdir, çünki məhkəmə bu sübutu əldə etmək üçün heç bir tədbir görməmiş, uşağın mənafeyi ilə bağlı məsələyə rəy bildirməsi üçün qəyyumluq və himayə orqanına sorğu göndərməmiş, həmin orqanın rəyini almamışdır. Digər tərəfdən, məhkəmə iddia tələbinin rəddi olunması əsası kimi “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı 02.02.1993-cü il tarixli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş qaydalara istinad edir. Məhkəmə uşağın mənafeyi üçün belə zəruri olan bir məsələdə həmin qərarlara istinad etməklə Normativ hüquqi aktlar haqqında Qanunun 2.6cı və 22-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin qərarların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyanın normalarından və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən üstün ola bilməz. Əgər qeyd olunan qanunvericilik aktlarında kolliziya aşkar edilirsə, o zaman mübahisəsiz olaraq Azərbaycan Respublikasının Konstitusiyasının normaları və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin, konvensiyaların tələbləri tətbiq olunur. İddiaçı əsli Füzuli rayonundandır və iddiaçının mənsub olduğu nəsil Muradxanlı nəsli kimi tanınmışdır. Lakin sonradan sovet hakimiyyəti dövründə “Muradxanlı” sözündə xan sözü olduğu üçün nəslin davamçıları “Muradov” soyadından istifadə etməyə başlamışlar. İddiaçı nəslinin adını yaşatmaq məqsədi ilə övladlarının soyadını nəslin soyadı kimi dəyişdirmək qərarına gəlmiş və birinci övladının soyadının Muradxanlı kimi dəyişdirilməsi ilə bağlı müvafiq tədbirlər görərək ona Muradxanlı soyadının verilməsinə nail olmuşdur. Sonradan ikinci uşaq Samir anadan olarkən ona eyni qaydada Muradxanlı soyadı ilə doğum haqqında şəhadətnamə almaq istəyərkən cavabdeh inzibati orqan əsassız olaraq imtina elmişdir. Uşağa həmin soyadın verilməsi uşaqda valideynlərinin öz əslinə və nəslinə bağlılığı təsəvvürü yaradacaq, uşaq bu təqdirəlayiq addımın şahidi olduqda ailəsinə və öz əslkökünə bağlılığı daha da artacaq, bu isə öz növbəsində ailə bağlarının möhkəmlənməsinə əsas olacaq. Əgər uşaq Muradov soyadında qalsa bu uşağın mənafeyinə zidd olar, uşağın psixologiyasına mənfi təsir göstərər. Belə ki, qardaşının Muradxanlı soyadında olmasını bilmək uşaqda valideynlərinin ona münasibətdə ayrı-seçkilik etməsi rəyini formalaşdırar, uşaqda valideynlərinə qarşı kin-kudurət hissi bəslənər, bu da öz növbəsində uşağın gələcəkdə sağlam şəxsiyyət kimi formalaşmasında süni əngəllər törədəcək, uşağın ailəsinə bağlılığı şübhə yaradacaq. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı, iddiaçıların vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçıların 21 may 2014-cü il tarixdə Murad adlı, 03 dekabr 2019-cu il tarixdə Nicat adlı uşaqları doğulmuşdur. Nicatın doğum haqqında şəhadətnaməsini alarkən cavabdeh uşağın soyadını “Muradxanlı” kimi yazmaqdan imtina edərək, doğum haqqında şəhadətnamədə uşağın soyadını “Muradov” kimi qeyd etmişdir. İddiaçılar Nicatın da “Muradxanlı” soyadını daşımasını istədiyi üçün doğum akt qeydiyyatında soyadının “Muradov”dan “Muradxanlı”ya dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçılara imtina məktubu təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər; 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.26-cı bəndinə əsasən, hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Sadalanan normaların təhlili göstərir ki, qüvvədə olan qanunvericilik Azərbaycan Respublikası vətəndaşlarının adını, soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra dəyişdirməsinə icazə verir. Qanunvericilik bu qaydadan istisna kimi, yəni yetkinlik yaşına çatmayanların soyadının dəyişdirilməsinin hər iki valideynin soyadı dəyişdirildikdə mümkün ola biləcəyini tənzimləyir və əlavə olaraq təsbit edir ki, əgər soyadını valideynlərdən biri dəyişdirərsə, yetkinlik yaşına çatmayan uşaqların soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Lakin bu hallardan heç biri iş üzrə mövcud deyil. Belə ki, Nicatın soyadı Muradov kimi yazıldıqdan sonra hər iki valideyninin soyadı dəyişdirilməmişdir, onlardan ayrıca birinin də soyadında dəyişiklik olmamışdır. Ən əsası isə, iddiaçılar Nicatın soyadının öz soyadlarına deyil, hansı ki, qanunun tələbinə görə, uşağın soyadı məhz bu halda və qaydada dəyişdirilə bilərdi, tamamilə yeni bir, həm də “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 nömrəli qərarında nəzərdə tutulmayan formada yeni soyadına dəyişdirilməsini istəyirlər ki, bu da qüvvədə olan qanunvericiliyə ziddir. Bu mənada, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Qanunvericiliyə görə soyadın dəyişdirilməsi üçün yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanın icazəsi tələb olunur. Məhkəmə tərəfindən isə həmin orqan tərəfindən belə razılıq verilməsini təsdiq edən sübut müəyyən olunmamışdır” barədə qənaətini bölüşmür və bildirir ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsi və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.26-cı bəndi uşağın adının dəyişdirilməsi və soyadının digər valideynin soyadına dəyişdirilməsi hallarına tətbiq olunur. Göründüyü kimi, qanunverici 18 yaşı tamam olanadək uşağın soyadının valideynlərdən hər ikisinin (onları soyadı eyni olduqda) yaxud onlardan birinin soyadı ilə eyni olmasını tələb edir ki, bu da uşağın mənafeyinə uyğun olub, onu mövcud soyadı ilə ailəyə bağlamaq məqsədi güdməklə, dövlətin ailəyə və uşağa verdiyi yüksək dəyərdən irəli gəlir. İşə tətbiq olunan Ailə Məcəlləsinin və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müddəalarının Konstitusiyaya və beynəlxalq konvensiyalara zidd olması barədə Məhkəməyə hər hansı xüsusat məlum deyil. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri qanunvericiliyin və beynəlxalq sənədlərin tamamilə yanlış və subyektiv təfsirindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçıların uşağına yeni soyadın verilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), bununla bağlı cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 09.01.2020-ci il tarixli 05/15-39 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3581/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı və Süleyman-zadə Sevinc Sabir qızının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1038/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1038/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver