Məhkəmə qərarları › İş №2-1(103)-1038/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1038/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1038/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12694/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2024cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 63325,15 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC COVİD-19 pandemiyasının yayılması vüsət almış 2020-ci ildə ölkəyə maska idxal etmək niyyətində olaraq bu məqsədlə investisiya qoymaqla xaricdən maska gətirməyə qərar vermişdir. Lakin mallar ölkəyə gələrkən ölkənin yerli istehsal müəssisələri açıldığı üçün artıq maskaya tələbat demək olar ki, minimuma enmişdir. Bu səbəbdən də iddiaçı ölkəyə idxal etdiyi maskaları artıq tələbatın olmadığı üçün elə maya qiymətinə sata bilmiş, nəticədə də müəssisə külli miqdarda ziyana uğramışdır. İddiaçı malları idxal edərkən ƏDV-ni dövlət büdcəsinə ödəmiş, lakin malların üzərinə ticarət əlavəsi gələ bilmədiyi və malları maya dəyərinə satdığı üçün dövlət büdcəsinə ƏDV üzrə vergi öhdəliyi yaranmamışdır. Beləliklə, bu səbəbdən də iddiaçı müəssisənin şəxsi hesab vərəqəsi üzrə artıq ödənilmiş vergilər yaranmışdır. Belə ki, 12 mart 2024-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 63325,15 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Lakin cavabdeh vergi orqanı 6 aprel 2024-cü il tarixdə **********623600 nömrəli cavab məktubu təqdim edərək iddiaçının guya 2023 və 2024-cü illər üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələri üzrə elektron uyğunsuzluqların mövcud olduğunu bildirmiş və qeyd edilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsini tövsiyə etmişdir. Əslində cavabdeh vergi orqanın imtina səbəbi ərizənin icrası ilə heç bir əlaqəsi olmasa və həmin imtina səbəbi ərizənin icrasından imtina etməyə qanuni əsas olmasa da, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı 25 yanvar 2024-cü il tarixdə 2023 və 2024-cü illər üzrə cari mənfəət vergi bəyannamələri təqdim etmiş və cavabdeh vergi orqanı 01 may 2024-cü il tarixdə həmin bəyannamələri kameral vergi yoxlamasından keçirərək onlara münasibət bildirmiş, iddiaçının təqdim etdiyi bəyannamələri təsdiq edərək hər hansı məbləğdə əlavə vergilər hesablamamışdır. Lakin bundan sonra da, cavabdeh vergi orqanı iddiaçının artıq ödəmənin qaytarılması ilə bağlı ərizəsini yenə də icra etməmişdir. Daha sonra, iddiaçı yenidən 23 may 2024-cü il tarixdə artıq ödəmənin qaytarılması ilə bağlı ərizənin icrasının təmin edilmədiyi üçün şikayət ərizəsi ilə cavabdeh vergi orqanına və Dövlət Vergi Xidmətinə müraciətlər etmişdir. Lakin vergi orqanı 27 may və 5 iyun 2024-cü il tarixli cavab məktubları ilə iddiaçıya müraciət edərək şablon cavablar vermiş, cavab məktublarında yenidən artıq ödəmələrin qaytarılması ilə bağlı qaydalara əsasən müraciət edəcəyini tövsiyə edərək vergilərin qaytarılmasından imtina etmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, vergi orqanının imtina məktubları əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 63.325,15 manat artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalıdır. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 63325,15 manat artıq ödəmə məbləği mövcuddur. Qeyd olunan artıq ödəmə məbləği vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş vergi məbləği və fəaliyyəti ərzində əvəzləşdirilmiş ƏDV məbləğlərindən yaranmışdır. İddiaçı tərəfindən vergi orqanına ilkin olaraq xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən 2023 və 2024-cü illər üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələrində elektron uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur ki, bu da şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığa uyğun olmasına dair əsaslı şübhələr yaradır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir və kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Qeyd olunan halla bağlı müvafiq bəyannamələr üzrə uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxıla bilər. Daha sonra xx.xx.2024-cü il tarixdə 2 eyni məzmunlu şikayət məktubu ilə müraciət edilmişdir. Həmin məktublara cavab olaraq bildirilmişdir ki, müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirildikdə yenidən baxılacaqdır. Göründüyü kimi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddədə müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12694/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim C.Quliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12694/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki: -İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2024-cü il tarixli ərizəsinə 06 aprel 2024-cü il tarixdə **********623600 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən 2023cü və 2024-cü illər üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələrində elektron uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur ki, bu da şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığa uyğun olmasına dair əsaslı şübhələr yaradır. Qeyd olunan halla bağlı müvafiq bəyannamələr üzrə uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxıla bilər. -İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2024-cü il tarixli ərizəsinə 27 may 2024-cü il və 05 iyun 2024-cü il cavab məktubları ilə bildirilmişdir ki, “artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Şəxsi hesab vərəqənizdə olan artıq ödəmə məbləği Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən digər vergilər, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid oluna bilər. Müraciətiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydalarına olaraq həyata keçirildikdə yenidən baxılacaqdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının dövlət büdcəsinə artıq ödəməsi olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddiaçının tələbi təmin edilməmişdir. Halbuki, iddiaçının müraciət etdiyi xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən 63325,15 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir. İddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə müxtəlif əsaslardan irəli gələrək həmin ödəməni qaytarmaqdan imtina etmiş və öz vəzifələrinin icrasından yayınmış, yuxarıda şərh edilən qanunvericilik normaları pozulmuş və məsələ iddiaçının xeyrinə əsassız olaraq həll edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12694/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar