Məhkəmə qərarları › İş №2-1(103)-1039/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1039/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1039/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9198/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçıya ilk dəfə xx.xx.2011-ci il tarixdə bir il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir, bundan sonra, hər dəfə bir il müddətinə olmaqla, onun həmin əlillik dərəcəsi təkrarlanmış, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə iddiaçıya şəkərli diabet səbəbindən 2-ci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçıya tibb müəssisəsi tərəfindən təkrar əlillik dərəcəsinin təyini üçün F-088 göndərişi verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlavə müalicəyə ehtiyacının olması, həmçinin təqdim edilən tibbi sənədlərin stasionar müalicə müddətinin diaqnoz və ağırlaşmaları təsdiq etməyə yetərli olmaması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Tibbisosial ekspert komissiyasının 28 iyun 2021-ci il tarixli imtinasını ləğv edərək mənə ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinın 22 noyabr 2021-ci il tarixli, 2-1(112)-9198/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən inzibati araşdırma aparılmadan əlilliyin təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya fasiləsiz olaraq 10 (on) il əlillik təyin olunduğundan (xx.xx.2011-ci il tarixdən qiymətləndirildiyi xx.xx.2021-ci il tarixədək) ona əlilliyin müddətsiz olaraq təyin edilməsi məsələsi cavabdeh tərəfindən qiymətləndirilməli olduğu halda, o cümlədən tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozun yanlış olması şübhəsi cavabdeh tərəfindən araşdırılmalı olduğu halda, cavabdeh 2-ci dərəcə əlilliyin təyin olunmasından əsassız olaraq imtina etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)- 1156/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin 28 iyun 2021-ci il tarixli imtinası qanunsuz hesab edilmiş, iddiaçıya 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1403/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (X1 (məruzəçi), X5, X4 ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022ci il tarixli, 2- 1(103)-1156/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iddaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1403/2022 saylı xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1403/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin imtinasının qanunsuz sayılmaqla, ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi qoyulmuşdur. Həmin qərardan isə yalnız cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə şikayət verməmişdir. Belə olan halda, İPM-in 82-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatının hədləri şikayətin hədləri ilə məhdudlaşmalı, yəni birinci instansiya məhkəməsi tərəfindən “cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyinin qoyulmasının” qanuniliyinin qiymətləndirilməsi apellyasiya icraatının predmetini təşkil etməli idi. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi İPM-in tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iddia tələbini tam təmin edərək cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından iddiaçı şikayət verməmiş, apellyasiya məhkəməsi isə cavabdehin şikayəti əsasında iddiaçının xeyrinə qərar qəbul edərək iddianı tam təmin etmiş, bununla da İPM-in 82-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 73.3-cü maddəsinin müddəalarının tələbləri nəzərə alınmamışdır. İşin bu halı apellyasiya instansiyası məhkəməsi üçün əsas verir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (qısaldılmış halda İPM) 87.7-ci maddəsini rəhbər tutaraq, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərsin. Məhkəmə kollegiyası qeyd edir ki, 2-1(112)-9198/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmuşdur. Məhkəmə bu zaman İPM-in 73.3.3-cü maddəsinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini ilə baglı aşağıdakıları qeyd edir. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmənin inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaq səlahiyyəti İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 73.3.3-cü maddəsini tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi nəticəsinə gələrsə, bu halda özü xidməti vəzifəsinə görə işin hallarını araşdırmalıdır. Qeyd edilən vəziyyətlərdə məhkəmənin işi inzibati orqana geri göndərməsi əksər hallarda istisna təşkil edir. Başqa sözlə, məhkəmə bu zaman İPM-in 12-ci maddəsində təsbit edilmiş xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmaqla işin halları üzrə tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməlidir. Çünki İPM-in 12.1 və 12.2-ci maddələrində təsbit edilmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi nəticəsinə gəlsə də bu halda özü xidməti vəzifəsinə görə işin hallarını araşdırmamış, başqa sözlə, məhkəmə bu zaman İPM-in 12-ci maddəsində təsbit edilmiş xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmaqla işin halları üzrə tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Kolleiyası daha sonra qeyd edir ki, işə yenidən baxılarkən nəzərə alınmalıdır ki, “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə ləğv edilmişdir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minib). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9198/2021 saylı xx.xx.2021-ci il tarixli saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar