Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-104/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Nərimanov rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə ödənilməmiş sosial müavinətin hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1436/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün “Sosial müavinətlər haqqında” AR Qanununda nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya xx.xx.2015-ci il tarixdə veteran vəsiqəsi verilmiş, ona müavinət həmin tarixdən təyin etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən, 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün veteranlara verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ləğv edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdən görünür ki, iddiaçıya AR Müdafiə Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə M/V 056572 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə, aşağıdakılar bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələrinə aidddir: - Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək (3.1.15-ci bənd); - əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək (3.1.20-ci bənd). «Sosial müavinətlər haqqında» AR Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1-ci maddəsinə əsasən, qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; üç yaşınadək uşağa qulluğa görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 5-ci maddəsinə görə, bu Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər; 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir; 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Sadalanan normaların təhlili göstərir ki, iddiaçıya kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən təyin edilə bilsə də, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Başqa sözlə, müavinəti almaq hüququ daha əvvəlki tarixdə yaransa da, ödənilmə yalnız bu barədə müraciət tarixindən əvvəlki son üç illə bağlı həyata keçirilə bilər. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini qanunun səhv təfsirinin nəticəsi hesab edir. Belə ki, iddiaçının müharibə veteranı olması və onun bu hüququnun veteran olduğu dövrdə yaranmaqla, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilməsi və bu prosesin Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından əvvəl baş verməsi işin mübahisəsiz hallarıdır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona üç il əvvələ görə də müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin müraciətə cavab verməməkdə ifadə olunan imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1436/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-1(103)-104/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-104/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver