Məhkəmə qərarları › İş №2-1(103)-104/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-104/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-104/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə X8 qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, xx.xx.2019-cu il tarixli qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, xx.xx.2019-cu il tarixli qərarı qismən - “xxxx” Açıq Səhmdar Cəmiyyətinə 1.241.148 (bir milyon iki yüz qırx bir min bir yüz qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində əlavə verginin hesablanması və 359.747 (üç yüz əlli doqquz min yeddi yüz qırx yeddi) manat 95 (doxsan beş) qəpik maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunmuş, iddia qalan hissədə rədd olunmuş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması keçirilən dövr ərzində vergi ödəyicisinin satış dövriyyəsi ümumi dəyəri 3 901 167,44 manat olmaqla, satışın böyük hissəsi 0,05 litr və 0,1 litr tutumlu içkilərdən ibarət olmuşdur. Halbuki araşdırma zamanı vergi ödəyicisi tərəfindən 260 000 ədəd 0,1 litr həcmli butulkaların xx xxxxxx 2009-cu ildə Rusiyanın ОАО “STAR QLASS” təşkilatından alındığı və 0.05 həcmində butulkaların isə ümumiyyətlə alınmadığı müəyyən edilmişdir. Bundan başqa yoxlanılan dövrdə xxxx ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən 2016-cı ilin aprel ayında 177772 ədəd butulkada (maya dəyəri 109594,43 manat olmaqla ƏDV-si 19727,0 manat), 2016-cı ilin may ayında 82944 ədəd butulkada (maya dəyəri 68225,94 manat olmaqla ƏDV-si 12280,67 manat), 2016-cı ilin sentyabr ayında 282320 ədəd butulkada (maya dəyəri 161835,63 manat olmaqla ƏDVsi 29130,41 manat), 2016-cı ilin noyabr ayında 28247 ədəd butulkada (maya dəyəri 195384,50 manat olmaqla ƏDV-si 35169,21 manat), 2017-ci ilin mart ayında 521930 ədəd butulkada (maya dəyəri 171362,06 manat olmaqla ƏDV-si 30845,17 manat) və 2017-ci ilin noyabr ayında 444875 ədəd butulkada (maya dəyəri 584224,86 manat olmaqla ƏDV-si 105160,47 manat), ümumilikdə ******* ədəd müxtəlif həcmli butulkalarda (maya dəyəri 1290627,42 manat olmaqla ƏDV-si 232312,93 manat təşkil edən) aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları hazır məhsul anbarında xarab olma adı altında silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı vergi orqanının xx.xx.2019-cu il tarixli **********186032 saylı qərarı ilə dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017 tarixli silgi aktlarında hazır məhsul anbarında xarab olmuş məhsulların təkrar emala verilməklə silinməsinin reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Bu da vergi ödəyicisi tərəfindən malların təkrar emala qaytarılmadığını, onların istehsal binasının hüdudlarından kənara çıxarıldığını göstərir. Nəticədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 232312,93 manat məbləğində əlavə dəyər vergisi və Xİİ fəslinə əsasən 1008836,05 manat məbləğində aksiz vergisi olmaqla əlavə vergi məbləği hesablanmışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində xxxx MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda düzgün olmayaraq büdcədən əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə vergi ödəyicisinə azaldılmış əlavə dəyər vergisi üzrə 68144,37 manat, aksiz vergisi üzrə 291745,13 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, birinci instansiya məhkəməsinin cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi müddətinin pozulması qənaəti yanlışdır. Vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi müddətini Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün tənzimləmişdir. Eyni zamanda, mübahisələndirilən qərar üzrə yayındırılmış külli miqdar təşkil edən 1241432,07 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli ********* nömrəli cinayət işi başlanmışdır. Bununla əlaqədar icraatın dayandırılması barədə Bakı İnzibati Məhkəməsinə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən yoxlama qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2021-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən D-2330 saylı xx.xx.2001-ci il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” zavodunun bazasında yaradılıb və onun hüquqi varisidir. Cəmiyyətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə 0102-A1-1294 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Cəmiyyət Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyat İdarəsində xx.xx.2009-cu il tarixdə **********281200 nömrə ilə yenidən qeydiyyatdan keçmişdir. Cəmiyyət vergi ödəyicisi kimi iri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə yenidən qeydiyyatdan keçmiş və xx.xx.2004-cü il tarixdə “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamə almışdır. Cəmiyyətə xx.xx.2004-cü il tarixli **********14 saylı “ƏDV-nin qeydiyyat bildirişi” verilmişdir. ƏDV-nin qüvvəyə minmə tarixi xx.xx.2001-ci il olmuşdur. Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğuna görə fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən xx.xx.2014-cü il tarixdən 3 il müddətinə “İstehsal həcmi ildə 20 min dekalitrdən az olmamaq şərti ilə təbii üzüm şərablarının istehsalını həyata keçirmək üçün 083574 №li, “İldə istehsal həcmi 150 min dekalitrdən az olmamaq şərti ilə şampan tipli şərablar (köpüklənən və oynaq şərablar) istehsalını həyata keçirmək üçün 083575 №li, “İldə istehsal həcmi 10 min dekalitrdən az olmamaq şərti ilə konyak tipli içkilərin (brendi) istehsalını həyata keçirmək üçün 083576 №li, “İstehsal həcmi ildə 100 min dekalitrdən az olmamaq şərti ilə denaturasiya olunmamış etil (yeyinti) spirtinin (tərkibində 80 həcm %-dən az omayan spirt konsentarsiyası ilə) istehsalı”nı həyata keçirmək üçün 083577 №li və “İstehsal həcmi ildə 100 min dekalitrdən az olmamaq şərti ilə araq (vodka) istehsalı”nı həyata keçirmək üçün 083578 №li yeni lisenziyalar alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin “Növbəti səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********778800 №li xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, “xxxx” ASC-də xx.xx.2018-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi) xx.xx.2018-ci il tarixli **********168615 saylı qərarına əsasən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X6, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri X5 tərəfindən “xxxx” ASC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. İşdən görünür ki: Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Vergi auditi departamentinin baş direktorunun “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********173603 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü müddətinə və yenidən xx.xx.2019-cu il tarixli, **********176778 saylı qərarı ilə 30 iş günü müddətinə artırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********80943 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********182666 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********182718 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********184525 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********184533 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********186019 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********186048 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187624 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin baş direktoru müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********187684 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəis müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********188439 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəis müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********188460 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********189528 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********189612 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəis müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********192949 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəis müavininin “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2019-cu il tarixli, **********192964 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. AR VN Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəis müavininin “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********193591 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin anbarında olan saxlama müddəti keçmiş və satışa yararlı olmayan spirtli içkilərin (araq, şampan və konyak məhsullarının) yararsız olması barədə cəmiyyətin əməkdaşları tərəfindən xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017-ci illərdə aktlar tərtib edilərək, həmin məhsullar spirtli içkilərin süzülməsi sexinə təhvil verilmişdir. “xxxx” ASC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən spirtli içkilər istehsalı zavodunda xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövr üçün istehsal olunan məhsulun yoxlama ilə əhatə olunan dövr üzrə (aylar üzrə) istehsal həcminin və silgi aktlarına əsasən silinmiş malların reallığa uyğun olub-olmamasının müəyyən edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən Departament tərəfindən qoyulmuş dövr ərzində xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli aktlara əsasən hazır məhsul anbarında xarab olmuş məhsulların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi barədə mütəxəssis rəyi verilmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin düzgünlüyü yoxlanılarkən cəmiyyət tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində yoxlanılan dövrün yekunu üzrə büdcəyə ödənilməli olan vergi məbləği 527.919,07 manat göstərildiyi halda, yoxlama ilə büdcəyə ödənilməli olan vergi məbləği 760.232,0 manat müəyyən edilərək verginin 232.312,93 manat azaldıldığı aşkar edilmişdir. Yaranmış kənarlaşmaya səbəb təqdim edilmiş bəyannamələrdə verginin 2016-cı ilin aprel ayı üzrə 19.727,0 manat, may ayı üzrə 12.280,67 manat, sentyabr ayı üzrə 29.130,41 manat, noyabr ayı üzrə 35.169,21 manat, 2017-ci ilin mart ayı üzrə 30.845,17 manat və noyabr ayı üzrə 105.160,47 manat az göstərilməsi olmuşdur. Belə ki, 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində “xxxx” MMC tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda, düzgün olmayaraq büdcə ilə əvəzləşdirilmişdir. Bundan başqa yoxlanılan dövrdə “xxxx” ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən hazır məhsul anbarında xarab olma adı altında 2016-cı ilin aprel ayında 177772 ədəd butulkada, maya dəyəri 109.594,43 manat olmaqla ƏDV-si 19.727,0 manat, 2016-cı ilin may ayında 82944 ədəd butulkada, maya dəyəri 68.225,94 manat olmaqla ƏDV-si 12.280,67 manat, 2016-cı ilin sentyabr ayında 282.320 ədəd butulkada, maya dəyəri 161.835,63 manat olmaqla ƏDV-si 29.130,41 manat, 2016-cı ilin noyabr ayında 28.247 ədəd butulkada, maya dəyəri 195.384,50 manat olmaqla ƏDV-si 35.169,21 manat, 2017ci ilin mart ayında 521930 ədəd butulkada, maya dəyəri 171.362,06 manat olmaqla ƏDVsi 30.845,17 manat və 2017-ci ilin noyabr ayında 444875 ədəd butulkada, maya dəyəri 584.224,86 manat olmaqla ƏDV-si 105.160,47 manat, ümumilikdə ******* ədəd müxtəlif həcmli butulkalarda maya dəyəri 1.290.627.42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən, aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Cəmiyyət tərəfindən silinmiş malların itkilər nəzərə alınmaqla xam mal kimi anbara mədaxil edildiyi göstərilmişdr. Lakin, səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən istehsal avadanlıqlarının güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Yoxlama ilə mütəxəssis rəyinə əsaslanaraq və Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə əsasən xarab olmuş, silinmiş malların dəyəri vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və 232.312,92 manat ƏDV-nin büdcədən yayındırılması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə aksiz vergisinin düzgünlüyü yoxlanılarkən cəmiyyət tərəfindən təqdim olunmuş aksiz vergisi bəyannamələrində yoxlanılan dövrün yekunu üzrə büdcəyə ödənilməli vergi məbləği 1.123.899,21 manat göstərildiyi halda, yoxlama ilə büdcəyə ödənilməli olan vergi məbləği 2.132.735,26 manat müəyyən edilərək, verginin 1.008.836,05 manat azaldıldığı aşkar edilmişdir. Yaranmış kənarlaşmaya səbəb təqdim edilmiş bəyannamələrdə verginin 2016-cı ilin aprel ayı üzrə 124.832,80 manat, may ayı üzrə 63.962,0 manat, sentyabr ayı üzrə 151.810,0 manat, noyabr ayı üzrə 84.741,0 manat, 2017-ci ilin mart ayı üzrə 154.550,0 manat və noyabr ayı üzrə 428.940,25 manat az göstərilməsi olmuşdur. Yoxlanılan dövrdə “xxxx” ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən hazır məhsul anbarında xarab olma adı altında 2016-cı ilin aprel ayında 177772 ədəd butulkada, 62416,40 litr həcmində araq məhsulu, 2016-cı ilin may ayında 82944 ədəd butulkada, 31981,0 litr həcmində araq məhsulu, 2016-cı ilin sentyabr ayında 282320 ədəd butulkada, 75905,0 litr həcmində araq məhsulu, 2016-cı ilin noyabr ayında 28247 ədəd butulkada, 14123,5 litr həcmində konyak məhsulu, 2017-ci ilin mart ayında 521930 ədəd butulkada 77275,0 litr həcmində araq məhsulu və 2017-ci ilin noyabr ayında 444875 ədəd butlkada, 201926,75 litr həcmində araq, konyak, şampan şərabları məhsullarının, aksiz markaları ilə markalanaraq qablaşdırılmış halda silindiyi müəyyən edilmişdir. Mühasibat sənədlərində silinmiş malların itkilər nəzərə alınmaqla, xam mal kimi anbara mədaxil edildiyi göstərilmişdir. Lakin səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən istehsal avadanlıqların güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Vergi Məcəlləsinin 184-cü maddəsinin tələblərinə əsasən malların həcmi vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və ümumilikdə 1.008.836,05 manat aksiz vergisinin büdcədən yayındırılması aşkar olunmuşdur. Qeyd olunan akta görə yoxlamanın nəticəsi olaraq, müəssisə tərəfindən yoxlanılan dövr ərzində aşağıdakı vergilərin azaldılması müəyyən edilmişdir: Əlavə dəyər vergisi- 232.596,02 manat (o cümlədən 2016-cı il üzrə 96307,02 manat, 2017-ci il üzrə 136.288,73 manat); Aksiz vergisi-1.008.836,05 manat (o cümlədən 2016-cı il üzrə 425.345,80 manat, 2017-ci il üzrə 583.490,25 manat) Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195415 №-li qərarla “xxxx” ASC-yə 1.241.432,07 manat məbləğində əlavə vergi hesablanmış və 359.889,5 manat maliyyə sanksiyası ((ƏDV üzrə əsas borc 232.596,02 manat (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat), maliyyə sanksiyası üzrə 68.144,37 manat, aksiz vergisi üzrə əsas borc 1.008.836,05 manat (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat), maliyyə sanksiyası üzrə 291.745,13 manat) tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********232300 №li tələbnaməyə əsasən, büdcəyə ödənilməli olan 1.601.321,57 manat məbləğində vəsaitin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Bundan sonra iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, xx.xx.2019-cu il tarixli qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin nəticəsi ilə Kollegiya razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və Kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********168615 saylı qərarı ilə xx xxxxxx 2018-ci il tarixdən “xxxx” ASC-də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-ci il – sentyabr 2018-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Yoxlamanın nəticəsinə dair xx xxxxxx 2019-cu il tarixli, **********170063 saylı "Səyyar vergi yoxlaması aktı" tərtib edilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195415 №-li qərarla “xxxx” ASC-yə 1.241.432,07 manat məbləğində əlavə vergi hesablanmış və 359.889,5 manat maliyyə sanksiyası ((ƏDV üzrə əsas borc 232.596,02 manat (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat), maliyyə sanksiyası üzrə 68.144,37 manat, aksiz vergisi üzrə əsas borc 1.008.836,05 manat (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat), maliyyə sanksiyası üzrə 291.745,13 manat) tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 11-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən norma vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuşdur və qanunun bu norması imperativ xarakterə malikdir. Bu baxımdan cavabdehin apelyasiya şikayətində vergi orqanının səyyar vergi yoxlamasının keçirilməsi müddətini Vergi Məcəlləsinə uyğun tənzimlənməsinə dair dəlilini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4.9-cu və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İş materiallarına əsasən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********168615 saylı qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli **********778800 saylı “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş təqdim etmişdir. Həmin qərarda yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Beləliklə işin həqiqi hallarından müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması 40 gün (xx.xx.2018-xx.xx.2018-ci il tarixi aralığında) və 68 gün (xx.xx.2019-xx.xx.2019-cu il tarixi aralığında) olmaqla ümumilikdə 108 gün müddətində aparılmışdır ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsinə ziddir. Bundan əlavə, işin faktiki hallarından müəyyən olunur ki, səyyar vergi yoxlamasının müddətləri cavabdeh orqan tərəfindən müddət ötürməklə: xx xxxxxx 2018-ci il tarixdə başlamış səyyar vergi yoxlamasının müddəti xx xxxxxx 2018-ci il tarixdə başa çatdığı halda, müddət 11 gündən sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə, həmin tarixlə 30 gün artırılmış müddət xx xxxxxx 2019-cu il tarixdə başa çatmasına baxmayaraq 16 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə artırılmışdır. Belə olan halda, səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək qeyri-qanuni olaraq aparılması müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Sözügedən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********168615 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018-ci il, yoxlamanın sona çatma tarixi isə xx.xx.2019-cu il göstərilmişdir. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Apelyasiya şikayətinin digər bir dəlili o olmuşdur ki, iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli silgi aktları reallığı əks etdirmir ki, bu da aktlarda göstərilən miqdarda xarab olmuş məhsulun təkrar emala qaytarılmadığını, onların istehsal binasının hüdudlarından kənara çıxarıldığına dəlalət edir. Cavabdeh bu nəticəyə gələrkən səyyar vergi yoxlamasının keçirilməsi zamanı alınmış mütəxəssis rəyinə istinad etmişdir. Vergi orqanın istinad etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, “.....Bir ədəd 0.1 litr və 0.5 litr tutumlu butulkada arağın anbardan araq istehsalı sexinə daşınması, paletlərin üzərindən arağın boşaldılmasına cəlb edilmiş işçilərin yaxınlığına daşınması, butulkanın (stəkanın) tıxacının (qapağının) açılması, içərisində olan arağın boşaldılması, boş butulkanın yenidən paletin üzərinə yerləşdirilməsi və ayrılmış sahədən yenidən anbara daşınmasına orta hesabla 2 dəqiqədən artıq vaxt sərf edilər. Belə ki, 521930 ədəd butulka və ya stəkanın boşaldılmasına (459225+62705)x2=1043860 dəqiqə:60=17397.67 iş saatı tələb olunur“. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, butulkada olan arağın araq süzmə sexinə daşınaraq boşaldılması müddəti hesablanılmışdır. Mütəxəssis bir ədəd 0.1 litr və 0.5 litr butulkada arağın sexə daşınması, boşaldılması və yenidən anbara daşınması ilə bağlı əməliyyatlar üçün 2 dəq vaxt tələb olunduğunu qeyd etsə də, həmin vaxtın hansı normativlər əsasında və ya eksperiment üsulu ilə hesablandığı müəyyən olunmamışdır. Digər tərəfdən, mütəxəssis tələb olunan 2 dəq vaxtın butulkanın və ya stəkanın boşaldılması üçün tələb olunduğunu qeyd etməklə faktiki olaraq butulka və stəkanın açılıb-boşaldılma mexanizmi, onlara sərf olunan vaxt arasında hər hansı fərq qoymamışdır. Halbuki, hər iki tutum konstruktiv cəhətdən fərqli olmaqla onlara sərf olunan vaxt itkisi də eyni ola bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən silgi aktlarında qeyd olunan hazır məhsul anbarında xarab olmuş məhsulların təkrar emala verilməsi barədə məlumatların reallığa uyğun olub-olmamasının yoxlanılması məqsədi ilə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4969 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, «xxxx» ASC-nin hazır məhsullar anbarından araq istehsalı sexinə təhvil verilmiş xarab olmuş malların (spirtli içkilərin) təkrar emalı üçün quraşdırılmış 3 ədəd vannaların ümumi həcminin 900 litr («xxxx» ASC-nin sex rəisi X1 deməsinə görə 1200 litr) olduğunu, həmin vannalara butulkalardan daimi olaraq süzülən spirtli içkilərin gücü saatda 10 m3 olan Ж6-ВНП-10/32 tipli nasos vasitəsilə 10 ədəd hərəsinin tutumu 12,5 m3 olan yığılma çənlərinə vurulmasını nəzərə aldıqda və bir günün iş saatları 8 saat götürüldükdə, bir gün ərzində 80000 litr (80 m3) spirtli içkilərini təkrar emal üçün araq istehsalı sexinin yığma çənlərinə doldurmaq, mümkündür. Həmin vannalardan yığma çənlərə vurulan nasosların sayı çoxalsa bu həcm artırıla da bilər. «xxxx» ASC-nin araq istehsalı sexində 2 sistem olmaqla 4 kömür kolonkaların və 12 daş-qum filtirlərin quraşdırılmasını və onların gündəlik orta hesabla 1200-1900 dal (12000- 19000 litr) araq süzmə gücünə malik olmasını nəzərə aldıqda, təkrar emal üçün yığma çənlərə doldurulmuş spirtli içkiləri, bir gün ərzində 19000 litr (19 m3) həcmdə kupaj çənlərinə yığılmaqla, həmin çənlərdə su-spirt qarışığı ilə qarışdırılaraq texnoloji prosesinə uyğun olaraq süzmə xətlərinə buraxıla bilər. Araq istehsalı sexində quraşdırılmış 2 ədəd süzmə xətlərinin gücünü nəzərə aldıqda, hər xətti həcmi 0.1-0.5 l olan butulkalara saatda 6000 ədədə qədər spirtli içkilərin süzməsi gücünə malikdir. “xxxx” ASC tərəfindən xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-ci il, xx.xx.2016-cı il və xx.xx.2017-ci tarixli aktlarda qeyd edilmiş həcmdə anbarda xarab olmuş məhsulların bir gün ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. xx.xx.2017-ci il tarixli aktda göstərildiyi həcmdə anbarda xarab olmuş məhsulların iki gün ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. Qeyd olunur ki, hər hansı məlumatların reallığı əks etdirib-etdirməməsinin müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə mühəndis-texniki ekspertizasının həll etdiyi məsələlərinin (predmetin) dairəsindən kənardır və məhkəmə tərəfindən həll oluna bilər. Məhkəmə Ekspertizası Mərkəzinin adı çəkilən rəyində isə ekspert təkrar emal üçün xarab olmuş spirtli içkilərin vannalara süzüldükdən sonra çənlərə vurulmasını hesablamış, lakin spirtli içkinin sexə gətirilməsi, butulkanın açılması, boşaldılması və s. əməliyyatları nəzərə almamışdır. Həm də, ekspert tərəfindən “xxxx” ASC tərəfindən xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-ci il, xx.xx.2016-cı il və xx.xx.2017-ci tarixli aktlarda qeyd edilmiş həcmdə anbarda xarab olmuş məhsulların bir gün ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) və xx.xx.2017-ci il tarixli aktda göstərildiyi həcmdə anbarda xarab olmuş məhsulların iki gün ərzində təkrar emala verilməsinin (yığma çənlərinə doldurulması) mümkünlülüyünü əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən Kollegiya tərəfindən əlavə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2934 №li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən spirtli içkilər istehsalı zavodunda spirtli içkilərin təkrar emalı üzrə istifadə olunan xüsusi avadanlıqların gündəlik spirtli içki təkrar emal gücünü və yuxarıda qeyd olunmuş qaydada laboratoriyanın verdiyi rəyə əsasən hazır məhsullar anbarında olan məhsulların bir hissəsi yoxlanılarkən saxlama müddəti keçmiş və satışa yararlı olmayan adları aktlarda qeyd olunmuş spirtli içki məhsullarının təkrar emalı üçün 3 ədəd vannalara süzülmə vaxtlarını nəzərə aldıqda, “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 5 iş günü (37,5 saat), xx.xx.2016-cı il tarixlə aktda göstərilmiş məhsulların 3 iş günü (18,3 saat), xx.xx.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 6 iş günü (45 saat), xx.xx.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 1 iş günü (8 saat), xx.xx.2017-ci il tarixli tarixli aktda göstərilmiş məhsulların 6 iş günü (43,1 saat) və xx.xx.2017-ci il tarixli aktda göstərilmiş məhsulların 9 iş günü (72,1 saat) ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. Ekspert rəyindən müəyyən olunur ki, hazır məhsul anbarında xarab olmuş məhsulların silgi aktlarında göstərildiyi qaydada müvafiq avadanlıqlardan istifadə edilməklə, həmin aktlarda müəyyən olunmuş vaxt ərzində təkrar emala verilməsi mümkündür. Göründüyü kimi, vergi orqanının istinad etdiyi mütəxəssis rəyinin əsassızlığı ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. AR İnzibati-Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. AR Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, ekspert tədqiqatının dəyəri olan 150 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Ekspert tədqiqatına görə 150 manat xərc “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41NABZ 013601**********3944, SFİFT Bik CREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: MirzəTağızadə Hakim: Xəyal Sarıyev Hakim: Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar