Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-104/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aylıq pul təminatı və ərzaq payı əvəzinə pul kompensasiyasının ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “öhdəliyin icrası haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər tutduğu tank bölüyü komandiri vəzifəsinin və baş leytenant hərbi rütbəsinin hazırda mğvcud olan vəzifə və rütbə əmək haqları nəzərə alınmaqla, 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müdət üçün almadığı aylıq pul təminatının 3 qat həcmində, 1994-cü ilin mart ayından xx.xx.1994-cü il tarixədək olan müddət üçün ərzaq payı əvəzinə pul kompensasiyasının (hazırki vaxta mövcud olan kompensasiya nəzərə alınmaqla), 1994-cü il üçün maddi yardımın, 1994-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Müdafiə Nazirliyində zabit kimi xidmət etmişdir. N №li hərbi hissədə tank bölüyünün komandiri vəzifəsində xx.xx.1993-xx.xx.1995-ci illərdə xidmət edərkən 25 aprel 1994-cü il tarixdə Ağdam rayonu ərazisində döyüş vaxtı əsir götürülmüş və 23 noyabr 1994-cü il tarixdə əsirlikdən qaçaraq azad olunmuşdur. xx.xx.1994-xx.xx.1995-ci illərdə AR MTN-nin filtrasiya məntəqəsində saxlanılmış, xx.xx.1995-ci il tarixdə çıxarılaraq hərbi xidmətə qayıtmışdır. Göstərilən müddət ərzində (aprel 1993-mart 1995) heç bir pul təminatı növü ilə (aylıq pul təminatı, 1994-cü il yekunlarına görə birdəfəlik pul mükafatı, maddi yardım və ərzaq payı əvəzinə pul kompensasiyası) təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müvafiq ərizə ilə müraciət etmiş, lakin həmin müraciətinə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli,12/1608 №li məktubu ilə imtina cavabı verilmişdir. İmtina əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissənin pul paylama cədvəllərinin aradırılması zamanı məlum olmuşdur ki, İddiaçı 1994-cü ilin mart ayından 1995-cü ilin aprel ayınadək olan müddət üçün ona üçqat əmsal tətbiq edilməklə aylıq pul təminatı tam həcmdə ödənilmişdir. O, cümlədən: 1994-cü ilin mart, aprel və may ayları üçün həmin aylarda; 1994-cü ilin iyun ayından 1995-ci ilin yanvar ayı da daxil olmaqla, 1995-ci ilin yanvar ayında; 1995-ci ilin fevral, mart ayları üçün həmin ilin aprel ayında ödənilmişdir. Digər pul təminatı növləri, o, cümlədən maddi yardım, ilin yekunlarına görə birdəfəlik pul mükafatı, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyası hərbi hissələrdə hərbu qulluqçulara əlavə paylama cədvəlləri ilə ödənilir, həmin cədvəllər arxivə təhvil verilmir və onların hərbi hissədə saxlama müddəti N (üç) ildir. Bu müddət bitdikdən sonra həmin cədvəllər müvafiq qaydada məhv edilirlər. Ona görə də İddiaçı pul təminatının digər növlərinin ödənilib-ödənilməməsi barədə məlumat almaq mümkün olmamışdır. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 2009-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının posulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdyi məsələ 1994-1995-ci illərə aid olsa da o, 25 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən 1994-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1995-ci ilin yanvar, fevral, mart, aprel, may aylarının pul paylama cədvəllərindən çıxarışlara istinad edərək guya həmin cədvəllərdə onun həmin müddət ərzində hər ay maaş aldığı və maaş almasını öz imzası ilə təsdiqlədiyi göstərilmişdir. Halbuki, o,həmin müddət ərzində əsirlikdə olmuşdur. Həmn imzaların həqiqiliyiniyoxlamaq üçün vəsatətlə məhkəməyə müraciət etsə də müraciət bildirilməmişdir. Cavabdeh ona 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadən olan müddət üçün aylıq əmək haqının 3 qat əmsal tətbiq edilməklə, ödənildiyini bildirsə də iddia tələbinin digər hissəsində göstərilənləri 1994-cü ilin mart ayından xx.xx.1994-cü il tarixədək olan müddət üçün ərzaq payı əvəzinə pul kompensasiyasının, 1994-cü il üçün maddi yardımın, 1994-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının hesablanaraq ona ödənilməsini qeyrimümkün hesab etmiş və bunu həmin ödənişlərin edilməsini təsdiq edə biləcək sənədlərin (paylama cədvəllərinin) saxlama müddəti keçdiyinə görə məhv edildiyi və iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh paylama cədvəllərinin məhv edilməsi hallarında tərtib olunmalı aktların təsdiqlənmiş surətlərini məhkəməyə təqdim etməmişdir. O, 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müddət üçün aylıq əmək haqqının 3 qat əmsal tətbiq edilməklə ödənilməsi barədə pul təminatı cədvəllərin təsdiqlənmiş kserosurətlərinin (onun əlyazmalarının göstərilməsi şərtilə) və həmin aktların məhkəməyə təqdim edilməsi barədə vəsatətini məhkəmə təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Qarayev iddiaçı ilə razılaşmamış, ona bütün təminatların edildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materialları ilə birlikdə araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları üzrə iddiaçının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin və ZE seriyalı ******* №li hərbi biletin surətindən surətlərinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, “Hərbi Xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq Müdafiə nazirinin 0562 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuşdur. 25 dekabr 1991-ci il ( № 36) tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Eyni zamanda, Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 164-cü bəndində göstərilmişdir ki, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Həmin Əsasnamənin 165-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin crası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə qarşı aşağıdakı pul tələblərini irəli sürərək ödənilməsini tələb etmişdir: -1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müdət üçün almadığı aylıq pul təminatının 3 qat həcmində ödənilməsi; -1994-cü ilin mart ayından xx.xx.1994-cü il tarixədək olan müddət üçün ərzaq payı əvəzinə pul kompensasiyası; -1994-cü il üçün maddi yardımı; -1994-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli iddia ərizəsinə etirazına əlavə olunmuş “N №li hərbi hissənin yanvar-may 1994-cü il tarixli şəxsi heyətin pul təminat qovluğundan arxiv çıxarışına əsasən müəyyən olunur ki, İddiaçı 1994cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müddət üçün aylıq pul təminatı tam həcmdə ona ödənilmişdir. İşin hazırkı mərhələsində cavabdeh tərəfindən məhkəməyə “məxfi qrif” altında 708 saylı h/hissənin 1978-ci ilin 1995-ci ilin mart fevral və 1994/1995 iyun-yanvar 877 saylı h/hissə üzrə 1995-ci ilin may ayı üzrə pul təminatının paylama cədvəlləri təqdim edilərkən, iddiaçının iştirakı ilə onlara baxış keçirildikdə, iddiaçı həmin cədvəllərdə bəzi imzaların ona məxsus olmadığını mübahisələndirmiş, bununla əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə xətşünslıq ekspertizası təyin edilərək, həmin pul təminatı paylama cədvəllərinin cavabdeh tərəfindən təsdiq olunmuş surətləri, habelə, iddiaçıdan alınmış eksperimental imza nümunələri iş materialları birlikdə həmin imzaların iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza tədqiqatı aparılıb rəy verilməsi üçün AR ƏN.Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin məhkəmə Ekspertizası Mərkəzinin eksperti (Mətanət Muradova) tərəfindən (2cild i.v.82) pul təminatı üzrə paylama cədvəllərinin əsillərinin və ən əsası, İddiaçı sərbəst imza nümunələrinin təqdim edilməsi barədə məhkəməyə təqdim olunmuş 13 dekabr 2021ci il tarixli vəsatəti tərəflərə göndərilsə də onlar tərəfindən həmin materiallar təqdim olunmamışdır. Xüsusilə də iddiaçının 25 ildən əvvələ təsdüf edən imzalarının tədqiq edilməsi üçün onun həmin dövrə yaxın “sərəbəst” imza numunələrinin ekspert tədqiqatı üçün zəruriliyi onun nəzərə çatdırılmış və hazırkı məhkəmə iclasında iştirak edən iddiaçıya bir daha sərbəst imza nümunələrinin məhkəməyə təqdim olunması təklif olunsa da, o, belə nümunələri təqdim edə bilmədiyini bildirmişdir. İPM-in 1.2-ci maddəsinin tələbi baxımından MPM-in 97.5-ci maddəsi isə nəzərədə tutur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçının ödənilməsini tələb etdiyi digər pul təminatı növlərinə gəldikdə isə cavabdehin imtina məktubunun və iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərində iddiaçının “1994-1995-ci illərdə maddi yardım, ilin yekunlarına görə birdəfəlik pul mükafatı, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyası hərbi hissələrdə əlavə paylama cədvəlləri ilə əlaqədar bildirmişdir ki, həmin cədvəllər arxivə təhvil verilmir və hərbi hissədə saxlama müddəti N ildir.” Belə olan təqdirdə, konkret halda, həmin vaxtdan 25 ildən də çox müddət keçmiş, iddiaçının isə həmin müddət ərzində sözügedən pul təminatları ilə bağlı cavabdehə müraciəti olmamış, həmin sənədləri əldə etmək imkanını qaçırmış və hazırda da onların məhkəmə tərəfindən də əldə olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, göstərilənlər baxımından iddia sübuta yetirilmiş hesab olunmamış, əsaslı olaraq iddia rədd edilmişdir. İPM-in 14.3-cü maddəsinin tələbindən də görünür ki, məcburetmə haqqında iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qaununsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-104/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-104/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver