Məhkəmə qərarları › İş №2-1(103)-104/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-104/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-104/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı Mayıs oğlu, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Mayıs oğlunun cavabdeh Təhsildə X2rşı “Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)- 743/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mayıs oğlu cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə Gürcüstan Respublikası GeoMedi Tədris Universitetində “Stomatologiya” ixtisaslaşması üzrə ali təhsil almaq üçün qəbul olunmuşdur. Həmin ixtisası müvəffəqiyyətlə 2016-cı ildə bitirərək, stomotoloq ixtisası üzrə ali təhsil almışdır. Daim bütün semestrlərdə iştirak etmiş və sessiya imtahanlarını vermişdir. Bunun təsdiqi kimi Diploma əlavəni iddia ərizəsinə əlavə etmiş və həmin Diploma əlavədə bütün ixtisaslar üzrə semestrdə topladığı ballar açıq-aşkar nümayiş edilmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra prosedur üzrə xaricdə aldığı ali təhsil üzrə diplomunun tanınması və ekvivalentliyinə dair şəhadətnamənin verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Təhsil Nazirliyi iddiaçının Konstitusiya hüququnu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, həmin qaydaların 2.1-ci bəndinin tələbləri çərçivəsində bütün zəruri sənədləri tərcümə, təsdiq, leqallaşdırmaqla təqdim etməyinə, ixtisasın tanınması üçün zəruri sənədləri təqdim etməyinə baxmayaraq, qaydaların 3-cü fəsli üzrə ixtisasın ekvivalentliyinin müəyyən edilməsi prosesi aparılmamışdır, ekspertiza keçirilməmiş, keçirilmişdirsə də, doğru qaydada keçirilməmiş, hər hansı təhlillər aparılmamış və nəticə etibarı ilə sadəcə iddiaçının ixtisasının tanınmasından cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədlərin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdeh imtinanın qanuni və əsaslı olmasını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-743/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasına qayıtdıqdan sonra prosedur üzrə xaricdə aldığı ali təhsil üzrə Diplomumun tanınması və ekvivalentliyinə dair Şəhadətnamənin verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Təhsil Nazirliyi onun Konstitusiya hüququnu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, həmin qaydaların 2.1.-ci bəndinin tələbləri çərçivəsində bütün zəruri sənədləri tərcümə, təsdiq, leqallaşdırmaqla təqdim edilməsinə, ixtisasın tanınması üçün zəruri sənədləri təqdim edilməsinə baxmayaraq, qaydaların 3-cü fəsli üzrə ixtisasın ekvivalentliyinin müəyyən edilməsi prosesi aparılmamışdır, ekspertiza keçirilməmiş, keçirilmişdirsə də doğru-dürüst qaydasında həyata keçirilməmiş, hər hansı təhlillər aparılmamışdır və nəticə etibarilə sadəcə iddiaçının ixtisasının tanınmasından cavabdeh tərəfindən imtina edilmişdir. Nəticədə isə onun Konstitusiya ilə nəzərdə tutulan hüquqları pozulmuş olur. Belə ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.” Ali Təhsilimə dair yekun sənəd Diplomun təsdilənməməsi və ixtisasın tanınmaması ilə halbuki aldığı təhsil üzrə hüquqlarını realizə edə bilmir. Nəticə etibarilə aldığı təhsilin Azərbaycan Respublikası hüdudları çərçivəsində reallaşdırılması məhdudlaşır. Bu isə onun digər Konstitusiyan hüququ olan əmək hüququnu məhdudlaşdırır. Belə ki, Konstitusiyanın 35-ci maddəsi üzrə "Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Halbuki, iddiaçı hazırda əmək hüquqlarını reallaşdırmaqda məhdudlaşdırmışdır və onun əmək hüquqlarını kobud surətdə pozmuş olur. Əlavə olaraq onu qeyd etməliy ki, iddiaçının təhsil aldığı Gürcüstan Respublikası qonşu Respublikadır, onun həqiqi təhsil almağını müəyyənləşdirmək hər hansı bir çətinlik yaratmır. İxtisası isə nəinki Azərbaycanda, həmçinin bütün dünyada "Stomotologiya" ixtisaslaşması üzrə tanınma da çox çətin proses deyildir, yəni "Stomotologiya" ixtisası dünyanın hər yerində nəinki var, həmçinin aktual və zəruri tələbat olan ixtisaslardandır. İddia tələbi Bakı İnzibati Məhkəməsində kifayət qədər əsaslandırılmışdır, İddiaçı daim Gürcüstanda sessiyalarda iştirak edib, təhsil kursunu əxz etmişdir. Buna sübut olaraq iş materiallarına iddiaçının vaxtı tamam olmuş Pasportu və Pasportunda ölkəyə giriş və çıxış qeydləri təqdim edilmişdir. Eyni zamanda X4 həkim kimi çalışmasına dair müsbət rəy, oxuduğu "Geomedi Universiteti" tərəfindən də təqdirəlayiq tələbə olmasına dair mailə cavab yazısı məhkəmə sübutlar olaraq təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş bu sübutlar düzgün qiymətləndirilməmiş, işin faktiki halları doğru araşdırılmamışdır. Məhkəmə qətnaməsində yalnız gürcü dilini iddiaçının bilmə səviyyəsinin onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini guya şübhə altına alınmasına əsas verir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsi "şübhə altına alınması" ifadəsi üzərində əsaslandırılmışdır. Bu isə qəbul edilməzdir. Apellyasiya baxışı zamanı İddiaçı Mayıs oğlu və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklərinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində tədris dili gürcü dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə gürcü dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi videomüsahibənin materiallarından məhkəmə müəyyən etdi ki, iddiaçının gürcü dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtina dəlili ilə razılaşaraq iddia tələbinin əsassız olması qənaətinə gələrkən işin araşdırılması prinsipini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə əsasən Nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 2.4-cü bənd. Ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. - 2.5-ci bənd. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Gürcüstan Respublikası Geomedi Tədris Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona TUGM 000098 nömrəli diplom verilmişdir. Qeyd olunan diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Gürcüstan Ədliyyə nazirliyi LEPL ictimai xidmətin inkişafı agentliyi tərəfindən xx.xx.2017-ci il tarixdə **********86386 nömrə ilə apostil edilmişdir. İddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İş materiallarında olan Geomedi Tədris Universitetin diploma əlavəsindən görünür ki, tədris dili gürcü dilində olmuşdur. Məhkəmə kollegiyası tərəfindən Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı Mayıs oğlunun tədris (gürcü) dilinin bilmə səviyyəsinin Gürcüstan Respublikasının Geomedi Tədris Universitetinin “Stomotologiya” ixtisasını mənimsəməsi üçün yetərli olubolmaması barədə mütəxəssis rəyi alınması ilə bağlı xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Eyni zamanda həmin qərardadda müsahibə zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iştirakının təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərardadının icrası ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx-xx/1300 nömrəli məktubdan müəyyən olunur ki, Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında İddiaçı Mayıs oğlunun gürcü dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə komissiya təşkil edilmişdir. Komissiya üzvləri İddiaçı yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən İddiaçı Mayıs oğlu gürcü dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. İddiaçı Mayıs oğlunun gürcü dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Məktuba əlavə edilmiş müsahibə komissiyasının iclas protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Bakı inzibati Məhkəməsindən Bakı Dövlət Universitetinə daxil olan 2-1(103)-1894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Ümumi dilçilik kafedrasında İddiaçı Mayıs oğlunun gürcü dili üzrə bilik səviyyəsinin yoxlanılması. Tədris işləri üzrə dekan müavini, Ümumi dilçilik kafedrasının baş müəllimi, fil.f.d. X5 (sədr), sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, Ümumi dilçilik kafedrasının müəllimi X12, Ümumi dilçilik kafedrasının gürcü dili fənni üzrə müəllimi X6, Ümumi dilçilik kafedrasının böyük laborantı X3 (katib), Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi X1 üzvləri qeyd etdilər ki, İddiaçı Mayıs oğlunun gürcü dili şifahi və yazılı bilik səviyyəsi yaxşıdır, gürcü dilində qrammatika ilə bağlı biliyi yetərlidir. O, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Komissiyanın üzvləri İddiaçı Mayıs oğlunun gürcü dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab edir. Göründüyü kimi Bakı Dövlət Universiteti tərəfindən cavabdehin nümayəndəsinin iştirakı ilə təşkil edilmiş komissiyanın qərarına əsasən iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində təhsil aldığı gürcü dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın İddiaçı Mayıs oğlunun Gürcüstan Respublikasının Geomedi Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli TUGM 000098 nömrəli diplomu üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd hesab olunmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Mayıs oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)-743/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Mayıs oğlunun Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəlikləri cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar