Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-104/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Nümayəndə Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq ona 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən 930 manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2007-ci ildən İİ dərəcə əlilliyə görə sosial müavinət alır. xx.xx.2016-ci il tarixdə həmin əlillik dərəcəsi təsdiqlənmiş və növbəti beş il üçün müavinət təyin edilmişdir. Qeyd edilən müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixdə, elektron sistem vasitəsilə növbəti müayinədən keçməsi barədə bildiriş daxil olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tibbi müayinəni keçib və tibbi rəy həmin mərkəz tərəfindən Bakı 11 nömrəli şəhər poliklinikasına göndərilmişdir. Qeyd edilən rəy kifayət etmədiyi üçün iddiaçı yenə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və üç dəfə müvafiq müayinədən keçmişdir. xx.xx.2021 və xx.xx.2022-ci il tarixli müayinə vərəqələri ərizəyə əlavə edilmişdir. Bu vərəqələr 11 nömrəli şəhər poliklinika tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilməli idi, lakin o bunu etməmiş, bu səbəbdən iddiaçının müayinəsi 6 ay uzanmışdır.İddiaçı İİ dərəcə əlilliyə görə müavinət (130 manat) axırıncı dəfə 2021-ci ilin sentyabr ayı üçün almışdır. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçının İİ dərəcə əlilliyi növbəti səfər təsdiq edilmişdir. İddiaçı hal-hazırda 180 manat məbləğində müavinət alır. Lakin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək iddiaçıya müavinət ödənilməmişdir.İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ödənilməsini xahiş etmişdir. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun müraciətinə 08 iyul .2022-ci il tarixli cavabında “əlilliyin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün iddiaçının müraciətində qaldırılan məsələnin həllini mümkün hesab etməmiş və qərarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ barədə xəbərdar edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2007-cı il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və iddiaçının əlilliyə görə müavinət xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. İddiaçı 28 mart 2022-ci il tarixdə həkim komissiyasından keçdiyi və 12 aprel 2022-ci il tarixdə müsbət rəy aldığı üçün ona 12 aprel 2022-ci il tarixdə yenidən müavinət təyinatı aparılmışdır. İddiaçı həmin tarixdən qabaq iki dəfə X3 adına Milli Oftolmologiya Mərkəzində tibbi müayinədən keçmiş, lakin hər iki müayinə nəticəsində rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, həmçinin diaqnozu təsdiqləyən müayinələr tam aparılmamışdır. İddiaçının sağlamlıq imkanlarının məhdudluğu 11 nömrəli şəhər poliklinikasının göndərişi əsasında xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və arxa qütbün və ləkənin degenerasiyası,OU-Periferik xoriorentinal distrofiya diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının bundan əvvəl iki dəfə tibbi sosial ekspert müayinəsinə göndərişləri natamam doldurulduğu üçün tibb müəssisəsinə geri qaytarılmış, sonuncu göndəriş isə tam doldurulduğundan və diaqnoz sağlamlıq imkanlarının təyininə əsas verdiyindən təyinat aparılmışdır.Ona görə də hazırda mübahisə predmeti mövcud olmadığından işə xitam verilməlidir. Bu qəbildən olan işlərin məhkəmə icraatına qəbul edilməsi mümkünsüz sayılmalı və vətəndaşa aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etməli olduğu izah edilməlidir. Çünki inzibati məhkəmələr inzibati orqanın şəxsin hüquqlarını pozan və ya hüquqdan məhrum edən inzibati aktından verilən şikayətlərə baxırlar. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması isə inzibati akt deyil, mövcud qanuni prosedurun bir pilləsidir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ikinci dərəcəli əlilliyə görə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən (930 manat məbləğində) müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, xx.xx.1983-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildən uşaqlıqdan “ümumi görməyə görə İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və əlillyin müddətinin bitməsi ilə əlaqədar olaraq müavinətin ödənilməsi xx.xx.2021- ildə dayandırılmış, X1 Sisteminin Əlillik altsisteminə əsasən xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixinədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixinədək 180 manat aylıq sosial müavinət təyin edilmişdir və ödənilmişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək iddiaçının əlilliyi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh müvafiq aylıq müavinəti ödəməkdən imtina etmişdir. Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət üçün iddiaçıya müavinət ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə müavinət-əlillik müddətinə. Həmin Qanunun 9.1-2-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixindən qüvvəyə minmiş 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Məhkəmə kollegiyası hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçıya münasibətdə şamil edilməlidir. Belə ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022 –ci ilin aprel ayında əvvəlki (uşaqlıqdan müəyyən edilmiş) diaqnoz əsasında İİ dərəcə əlillik təkrar müəyyən edilmişdir. Göründüyü kimi əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə olan halda, iddiaçının ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı müavinət iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən 930 manat məbləğində müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-104/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-104/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver