Məhkəmə qərarları › İş №2-1(103)-1041/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1041/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1041/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı müavinətin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3006/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş veteranlıq müavinətinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi iddiaçının 2018-ci ildən əlilliyə görə əmək pensiyası aldığını nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi X5 Sistemindən çıxarışlara görə, iddiaçıya pensiya orqanının xx.xx.2018-ci il tarixli 18/1271 nömrəli qərarı ilə əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmişdir, pensiyanın məbləği 733,84 manatdır. İşdə olan, pensiya orqanının xx.xx.2018-ci il tarixli 1716 nömrəli arayışında da iddiaçının 2-ci qrup əlilliyə görə 563 manat məbləğdə əmək pensiyası aldığı göstərilmişdir. İddiaçının müharibə veteranı statusuna malik olmasını təsdiq edən müvafiq vəsiqənin surəti işdə mövcud deyil. DSMF Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan məlum olur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 230 manat məbləğdə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü alır. “Sosial müavinətlər haqqında” AR Qanununun 4.0.1.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət bu Qanunla təyin edilən 12 növ aylıq müavinətlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının: 1-ci bəndi ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuş; 2-ci bəndi ilə müəyyən edilmişdir ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanı ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixdən tətbiq edilir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0-cı maddəsinə görə, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. Göründüyü kimi, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin o halda təyin edilməsini mümkün sayır ki, həmin müavinət təyin ediləcək şəxs əmək pensiyası almayan şəxs olsun.Lakin iddiaçı hazırda əlilliyə görə əmək pensiyası alır. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanının 2.2-ci bəndinin mənasına görə isə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmiş “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği (hazırda ən azı 210 manat), “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğindən (hazırda 80 manat) çox olduğundan, indiki mərhələdə birinci təqaüdü alan şəxslər ikinci təqaüdü ala bilməzlər. İddiaçı hazırda 230 manat məbləğdə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü alır ki, bu təqaüdün məbləği də onun almaq istədiyi 80 manat məbləğdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğindən yüksəkdir. Bu da o deməkdir ki, sözügedən əsas da iddiaçıya “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsini mümkünsüz edir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü alması əsas gətirilərək ona “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsindən imtina edən cavabdehin xx.xx.2018-ci il tarixli **********5 nömrəli məktubu qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təsdiq olunur, şikayət qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalı, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3006/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarıləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş veteranlıq müavinətinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar