Məhkəmə qərarları › İş №2-1(103)-1041/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1041/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1041/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı Məhərrəmova (Quliyeva) Gülnar Rafiq qızının iştirakı ilə, İddiaçı Məhərrəmova (Quliyeva) Gülnar Rafiq qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1453/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məhərrəmova (Quliyeva) Gülnar Rafiq qızı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş A № 170710 (qeydiyyat nömrəsi № 210) ali təhsil haqqında diplomun bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikkası Təhsil Nazirliyi X3i Kollecində müəllim işləmişdir. Ancaq 2015-ci ilin iyul ayının əvvəllərində Kollecin direktoru onu yanına çağıraraq ondan ali təhsil barədə diplomun surətini istəmişdir. O, ondan diplomun nəyə lazım olduğunu soruşmuş, direktor isə bildirmişdir ki, işi ilə əlaqədardır və sonra həmin diplomu ona qaytaracaqdır. 24 iyul 2015- ci il tarixdə isə onu yanına çağıraraq ona həmin tarixdən 40 saylı əmri təqdim edərək, onun işdən azad olunmasını bildirmişdir. O, ondan soruşmuşdur ki, nəyə görə belə olur. O, da ona bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona məktub göndərilmişdir ki, onun diplomu düzgün verilməmişdir. Həmin əmrin əsaslandırıcı hissəsində isə Təhsil Nazirliyinin 46-03-8494/18 nömrəli, 17.12.2014-cü il tarixli, 46-03- 2122/18 nömrəli, 03.04.2015-ci il tarixli məktubları, Pedoqoji Şuranın və Həmkarların qərarı əsas götürülmüşdür. O, həmin əmri götürdükdən sonra bununla əlaqədar, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməli olmuş və diplomun özünə qaytarılmasını xahiş etmişdir. Ona bildirmişlər ki, diplom onlarda deyildir və 24 dekabr 2012-ci il tarixli, Q-2349/0427 saylı məktubla bildirmişlər ki, Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən adına yazılmış A № 170110 (qeydiyyat nömrəsi № 210) diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nümunəli sənəddir. Ona məktub həmin dövrdə nazirliyin aparatının rəhbəri İlham Pirməmmədovun imzası ilə daxil olmuşdur. Eyni zamanda ona bildirmişlər ki, onun diplomu onlara verilməmişdir və ondan kim tələb edibsə ondan tələb edə bilər. O, yenidən Cavabdeh2 direktoru R.Qənbərova müraciət etmişdir. O, da diplomun Nazirlikdə olduğunu bildirmişdir. Beləcə, o, iki təşilatın arasında qalmışdır. Başqa təşkilatlara da müraciət etmiş və təşkilatların hamısı onun məktublarını tədbir görülməsi üçün Nazirliyə göndərsələr də, indiyə kimi heç bir tədbir görülməmişdir. O, bununla əlaqədar vəkilə müraciət etmişdir. Vəkili tərəfindən iki dəfə Nazirliyə sorğu göndərilmişdir. Nəhayət, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəkilinə gələn 10.05.2019-cu il, 13-13-462/10 saylı (poçtla 30.05.2019-cu il tarixdə daxil olmuşdur) sorğuya göndərilən cavab da həmin ona məxsus olan diplomun yoxlanıldığını və həmin diplomun dövlət nümunəli olmadığının müəyyən edilməsi göstərilmişdir. Hesab edir ki, Nazirliyin cavablarının arasında ciddi ziddiyyətlər vardır. Belə ki, Nazirliyin sorğuya cavab olan 10.05.2019-cu il, 13-13-462/10 saylı məktubunda o da, göstərilmişdir ki, guya Nazirlikdən ona göndərilən 10.05.2019-cu il tarixli, 13-13-462/10 saylı məktub Təhsil Nazirliyi tərəfindən təqdim edilməmişdir. Bundan əlavə Nazirliyin ona göndərdiyi 24 dekabr 2012-ci il tarixli, Q-2349/0427 saylı məktubda Azərbaycan Beynəlxalq Universiteti tərəfindən ona verilən diplomdan söhbət getdiyi halda X3 Kolleci tərəfindən verilən 24.07.2015-ci il tarixli, 40 saylı əmrdə söhbət Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən verilmiş diplomdan söhbət gedir. Belə çıxır ki, onun qanunvericilikdə nəzərdə tutulan qanuni hüquqları ciddi şəkildə pozulmuşdur və nazirliklə kollec arasında onun ali təhsil diplomunun qəsdən ondan alınaraq işdən azad edilməsi barədə nazirliklə kollec arasında əlaqə vardır. Çünki, onun diplomu etibarsız elan edilməmiş və ona qaytarılmır. Nazirlik tərəfindən vəkilin sorğusuna göndərilənləri əsassız sayır və onun diplomu bərpa edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi göstərilməklə, ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi 210 (AN 170710) göstərilmiş diplomun dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2020 saylı, 10.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, iş üzrə Cavabdeh2 cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1453/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Beynəlxalq Universitetində 4 il əyani təhsil almış, təhsil aldığı müddətdə müvafiq imtahan və semestrlərdə iştirak etmişdir. Oxuduğu illərdə tələbə yoldaşları ilə fotoşəkillər çəkdirmişlər və nəhayət “məzun” lövhəsi hazırlatdırmışlar. Bütün bu göstərdikləri həqiqətən də Azərbaycan Beynəlxalq Universitetində əyani təhsil almağının faktiki sübutudur. Hakim məhkəmə qərarı ilə cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecini cavabdehlər sırasından çıxarmışdır. O, Tovuz Dövlət Sosial İqtisad Kollecinin rəhbəri Rizvan Qənbərovdan onun əli ilə təqdim etdiyi diplomu geri tələb edir. O isə müxtəlif bəhanələrlə bundan imtina edir. Bundan başqa, həmin dövrdə Nazirlik aparatının rəhbəri işləmiş İlham Pirməmmədovun imzası ilə daxil olmuş 24 dekabr 2012-ci il tarixli Q2349/0427 saylı məktubunda göstərilir ki, Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən adına yazılmış A N170110 diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nümunəli sənəddir. Lakin nazirliyin digər 10 may 2019-cu il tarixli 13-13-462/10 saylı cavabında isə diplomun dövlət nümunəli olmadığı bildirilir. Aparat rəhbəri dəyişdikdə cavablar dəyişməlidirmi. Bəs vətəndaşın təhsil hüququnu kim qorumalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1453/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. A № 170710 nömrəli, 210 qeydiyyat nömrəli, 2008-ci il tarixli bakalavr diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli, 3/628-1 nömrəli əmri (qərarı) ilə “Maarif, tarix və ictimaiyyət” ali peşə istiqaməti üzrə Azərbaycan Beynəlxalq Universiteti tərəfindən bakalavr dərəcəsi verilmişdir. Cavabdeh2 tərəfindən verilmiş 40 nömrəli, 24.07.2015-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 46-03- 556/16 nömrəli, 31.01.2014-cü il tarixli məktubla Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialının diplom əsasında çalışan pedaqoji və texniki heyətin siyahısını və onların diplomlarının surətlərinin yoxlanılması üçün Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Həmin məktuba cavab olaraq kollec rəhbərliyi kollecdə işləyən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş pedaqoji və texniki heyətin siyahısını Nazirliyə təqdim etmişdir. Nazirliyin 46-03-8494/18 nömrəli, 17.12.2014-cü il tarixli və 46-03-2122/18 nömrəli, 09.4.2015-ci il tarixli məktublarına əsasən İddiaçı diplomu dövlət sənədi olmadığı təsdiqlənmişdir və həmin məktublar Pedaqoji Şurada və Həmkarlar İclasında müzakirə edilərək onun işdə qalması məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı diplomu Təhsil Nazirliyi tərəfindən tanınmadığı üçün Əmək Məcələsinin 75-ci maddəsinin (d) bəndin əsasən onunla bağlanmış əmək müqaviləsinə 15.07.2015-ci il tarixdən xitam verilmişdir. Əmrə əsas kimi, Təhsil Nazirliyinin 46-03-8494/18 nömrəli, 17.12.2014-cü il tarixli, 46-03- 2122/18 nömrəli, 03.04.2015-ci il tarixli məktubları, Pedaqoji Şuranın və Həmkarların qərarı göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 14.12.2012-ci il tarixli məktubdan görünür ki, ididaçının Təhsil Nazirliyinə ünvanlanmış müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən adına yazılmış A № 170710 (qeydiyyat nömrəsi № 210) diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nümunəli sənəddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 14.05.2015ci il tarixli, 28.06.2016-cı il tarixli, 21.02.2017-ci il tarixli məktublardan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd olunan məsələnin araşdırılması üçün təhsil sənədlərinin əsli ilə birlikdə Təhsil Naziliyinə gəlməsi zəruridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 9 saylı Vəkil Bürosuna ünvanlanmış 10.05.2019-cu il tarixli, 13-13-462/10 nömrəli məktubdan görünür ki, İddiaçı adına verilmiş 2008-ci il tarixli, A-17710 nömrəli diplom yoxlanılmış və dövlət nümunəli olmadığı müəyyən edilmişdir. İddiaçı həmin diplomun dövlət nümunəli olması barədə Q- 2349/0427 nömrəli, 24.12.2012-ci il tarixli məktub Təhsil Nazirliyi tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X1 tərəfindən məhkəməyə ünvanlanmış 28.09.2020-ci il tarixli, 09/04-09/2385 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, 29 noyabr 1985-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu:1F80L5Q) 2003, 2004 və 2005-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X1 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 28.09.2020-ci il tarixli, 18-18-56/12 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən 2008-ci ildə İddiaçı adına yazılmış A seriyalı, 170710 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Eyni zamanda bildirmişlər ki, A seriyalı 170710 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən heç bir təhsil müəssisəsinə verilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçının 2003, 2004 və 2005-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etməsi, lakin, heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli, 3/628-1 saylı qərarı ilə “Maarif, tarix və ictimaiyyət” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında A seriyalı № 170710 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə qərarının giriş hissəsində tələb qismində yalnız “diplomun əslinin bərpa edilməsi”ni göstərsə də, işdən görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi göstərilməklə, ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi 210 (AN 170710) göstərilmiş diplomun dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2020 saylı, 10.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi də məhz iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1453/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar