Məhkəmə qərarları › İş №2-1(103)-1041/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1041/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1041/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, iddiaçının nümayəndə və vəkili X5, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin iddiaçıya aid olan hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsini xahiş etmişdir. Sonradan iddiaçı 07 aprel 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə olan hissədə ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 21(103)-1447/2020 saylı Qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1447/2020 saylı Qərardadın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərara qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-48/2021 saylı 23 fevral 2021ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1447/2020 saylı Qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 16 avqust 2021-ci il tarixə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi R.Əhmədov şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir . Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE №-0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Ağstafa rayonu, Eynallı kəndində pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********6 saylı 21 iyun 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Məşğulluq Xidmətinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əsas Azərbaycan Respublikasının X1 17 may 2018-ci il tarixli 2/416 №li məktubu olmuşdur. İş materiallarına əlavə edilmiş НТ-İ № 559275 saylı Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 1988-ci il tarixə Bakı Plan-İqtisad texnikumunun mühasibat uçotu fakültəsinə daxil olmuş, 25 iyun 1991-ci il tarixdə həmin fakültənin tam kursunu bitirmiş, “texnik” ixtisası əldə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı 16 iyul 2018-ci il tarixdən şöbənin sosial xidmət sektorunun baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “N.Nəsibovaya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrasının həvalə edilməsi” haqqında xx.xx.2018-ci il tarixdə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2018-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 3 (üç) ay müddətinə öz razılığı ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin qulluq funksiasının icrası həvalə edilmiş, İddiaçı Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş “N.Nəsibovaya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrasının həvalə edilməsi” haqqında xx.xx.2018-ci il tarixdə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə barədə Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 3 (üç) ay müddətinə öz razılığı ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin qulluq funksiasının icrası həvalə edilmiş, İddiaçı Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyinatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 4.11.10-cu yarımbəndini, Azərbaycan Respublkası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini və 51-ci maddəsini rəhbər tutaraq, adları cədvəldə (İddiaçı adı da həmin cədvədə qeyd olunmuşdur) qeyd olunan şəxslər xx.xx.2020-ci il tarixdən 1 (bir)a sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyin edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 21 iyun 2018-ci il tarixdə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə əsasən işdən azad edilmişdir. İddaçının işdən azad edilməsinə səbəb onun tutduğu inzibati vəzifəyə uyğun ali təhsilinin olmaması olmuşdur. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğun olaraq ali təhsilinin olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Göründüyü kimi iddiaçı Bakı Plan İqtisad Texnikumununu bitirmiş, xx.xx.1992-ci il tarixində Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sahə mühasibi vəzifəsinə təyin olunmuş, xx.xx.2003-cü il tarixindən DSMF-nin Ağstafa rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı bölməsində mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı öz ərizəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 16 iyul 2018-ci il tarixli 33 nömrəli əmrilə həmin şöbənin baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə təyin edilmiş və Nazirliyin xx.xx.2018-ci il tarixli **********2 və xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmrləri ilə əvvəllər qulluq keçdiyi vəzifənin icrası ona həvalə edilmiş, öz əmək haqqısı ilə yanaşı digər vəzifənin də əmək haqqısının 50%-i ona ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatından müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 saylı ərazi filialında sosial xidmətçi vəzifəsində çalışır. Halhazırda Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının Ağstafa rayon qəbul şöbəsində isə Mühasibat uçotu sektoru mövcud deyil. Göründüyü kimi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyinatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 4.11.10-cu yarımbəndini, Azərbaycan Respublkası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini və 51-ci maddəsini rəhbər tutaraq, İddiaçı da bir çox digər işçilər kimi xx.xx.2020-ci il tarixdən 1 (bir) ay sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyin edilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Qeyd olunan normaların tələblərinə əsasən, inzibati vəzifə iddiasında olan şəxslər üçün ilkin şərt olaraq onun müvafiq ali təhsilinin olması müəyyən olunmuşdur. Hazırki mübahisədə iddiaçının iddia etdiyi vəzifə inzibati vəzifədir və göründüyü kimi o dövlət qulluğunda işə qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməmiş və qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmişdir. Beləliklə məhkəmə tərəfindən cavabdeh inzibati orqan tərəfindən İddiaçı hər hansı hüququnun məhdudlaşdırlmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının barəsində qəbul edilən əmrin qanuni olması qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli (hakim N.Rəsulbəyova) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar