Məhkəmə qərarları › İş №2-1(103)-1042/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1042/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1042/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı Ənvər oğlunun və onun nümayəndəsi və vəkili X5 (Bakı şəhəri 14 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi və vəkili X2 (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, İddiaçı Ənvər oğlunun (xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi filialı) qarşı əmək pensiyasının təyin edilərək əvvəlki üç il üçün ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı İddiaçı Ənvər oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2016-cı ildən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməklə müraciətdən əvvəlki 3 ili üçün xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Lenin adına X11 Birliyinin 69 №-li peşə məktəbində oxuyaraq işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.2008-ci il tarixədək isə toxuculuq istehsalatında işləmişdir. 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlərlə X12 Xidmət Mərkəzinə müraciət etmişdir. Mərkəz tərəfindən sənədlər X8 İdarəsinə göndərilmişdir. Lakin müraciəti təmin edilməmişdir. Halbuki əmək kitabçasına əsasən onun xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 32 il 3 ay ümumi iş stajı, xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək isə 29 il 10 ay güzəştli iş stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********2 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubuna (məktub rəis müavini M.Məmmədov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizin ümumi iş stajınız 25 ildən az təşkil edir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X8 İdarəsi yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına bütün toxucular deyil, yalnız metal və sintetik tor toxuyan toxucular daxildir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı sədrlik edənin sualına cavab olaraq metal tor toxuduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq iddiaçı sədrlik edənin sualına əvvəlki məhkəmə iclasında verdiyi izahatdan fərqli olaraq cavab olaraq metal tor toxumadığını bildirdi. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili iddiaçının 1996- 2008-ci illərdə ödənişsiz məzuniyyətdə olduğunu, bu dövrün ümumi iş stajı sayılmamasına əsas olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, 1996-cı ildə iddiaçının əmək müqaviləsinə xitam verildiyini, lakin 2008-ci ildə rəsmiləşdirildiyini, imtinada qeyd edilməsə də, hal-hazırda iddiaçının güzəştli iş stajını da mübahisələndirdiklərini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən (iş materiallarında səh.21) iddiaçı sədrlik edən hakim M.Hacıbəyovanın sualına cavab olaraq sintetik parçaları toxuduğunu bildirmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə qədər peşə məktəbində toxuculuq sinfində təhsil almışdır, xx.xx.1976-cı ildən xx.xx.1991-ci ilə qədər “xxxx” ASC-də (keçmiş Şəki İstehsalat Birliyində) toxuculuq istehsalatında toxucu vəzifəsində işləmişdir, xx.xx.1996-cı ildən öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.2008-ci ildən işdən çıxmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etsə də müraciəti təmin edilməmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən iddiaçıya verilmiş, xx.xx.2019-cu il tarixli, 65 №-li arayışda vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanının 1.3-cü yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş istehsaların sexlərində və istehsalatında işləmişdir, xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1995-ci ilədək Toxucu istehsalatında toxucu işləmişdir, qeyd: 1994 və 1995-ci ilin noyabr, dekabr aylarında əmək haqqı almamışdır, arayış DSMF-nun Şəki şöbəsinə təqdim etmək üçün verilir (İnzibati və kadr məsələləri şöbəsinin meneceri: Y.Abdullayev, Arxiv müdiri: Y.Əsədova). Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqarı əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinin iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016cı il tarixdə qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan əmək kitabçasının surətinin 5-ci qrafasında qeyd edilmişdir ki(qeyd k/şöbə rəisi E.Allahverdiyev tərəfindən imzalannışdır), 117 1s nömrəli, xx.xx.1996cı il tarixli əmrə əsasən müəssisə iş fəaliyyətini dayandırdığı üçün qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılsın. İşin apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, “xxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 19 nömrəli arayışında ( Kadr üzrə menecer: Y.Abdullayev, arxiv müdiri: Y.Əsədova) bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nda “Toxuculuq istehsalatı” 32-ci bölmədə kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatı; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə) işləyənlərə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verilmişdir. İddiaçı xx.xx.1973-cü il tarixdən müəssisənin nəzdində təşkil edilmiş 69 saylı peşə texniki məktəbinin toxucu qrupuna şagird qəbul edilmiş, toxucu peşəsinin sirlərini öyrənib həmin peşəni tam mənimsədiyi üçün xx.xx.1976-cı il tarixdən toxucu istehsalatına toxucu kimi təhvil verilmişdir. O 6 ədəd ATE -120 dəzgahlarına xidmət edərək süni, təbii, kimyəvi saplarla parçanın toxunmasını təmin etmişdir. Bu dəzgahlar hər beş dəqiqədən bir çelnoqdakı şpulun üzərində olan sapın qurtarması nəticəsində dayanır, dəzgahları yenidən işə salmaq üçün şpulları dəyişib yenisi ilə əvəz edir və parçanın üzərində olan nöqsanları aradan qaldıraraq hər yüz metrdən bir parçanın dəzgahlardan kəsilib açılmasını təmin edir. Həmçinin toxucu peşəsində işləyənlər iş vaxtının 8 saatını ayaqüstə dəzgahın ətrafında hərəkət etmək şərtilə, gözləri ilə kəmiyyət və keyfiyyət göstəricilərinə nəzarət etməklə keyfiyyətli parça toxunmasını təmin edirlər. Toxucuların iş şəraiti nəzərə alınaraq onlara daim güzəşt olunur. Toxucunun güzəştli pensiyaya düşməsinin üç əsas şərti var:

1. Ayaq üstə durmaq

2. Yüksək səs

3. Gözlə kəmiyyət və keyfiyyətə nəzarət etmək.

X3 toxucu istehsalının toxucu peşəsinə qəbul edildiyi gündən xx.xx.1995-ci il tarixə kimi həmin peşədə işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi toxucu vəzifəsi nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarında, nə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda toxuculuq istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmamışdır. Belə ki, hər iki qərarda toxucu istehsalatında yalnız metal və sintetik tor toxuyan toxucular güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur ki, iddiaçı da işin faktiki hallarına əsasən qeyd edilən peşələrdə işləməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçı uzun müddət ödənişsiz məzuniyyətdə olmuşdur. Belə olan halda iddiaçının 25 il ümumi sığorta stajının olmaması barədə cavabdehin imtinası iş materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 65 №-li və xx xxxxxxxx 2020-ci il tarixli, 19 nömrəli arayışları Kadr üzrə menecer: Y.Abdullayev, arxiv müdiri: Y.Əsədova tərəfindən imzalanmış, “xxxx” ASC-nin direktoru tərəfindən imzalanmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı Ənvər oğlunun apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar