Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1042/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-330/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşməklə ona məxsus olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması, buna dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarəyə təqdim edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı 01.08.2019-cu il tarixli **********83 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ünvan 2 nömrəli fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquq müəyyənedici sənəd təqdim edilməlidir. Rayon, şəhər X1 İcraiyyə Komitəsinin Texniki-İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notariat təsdiqli surətinə görə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 3-cü massiv 42a nömrəli fərdi yaşayış evi iddiaçının adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmışdır, bu barədə qeydiyyat kitabında 24.12.1993-cü il tarixdə 03/2750 saylı reyestr kitabının 1284-cü səhifəsində 07/2750 nömrə ilə qeydiyyat aparılmışdır. Qeydiyyat vəsiqəsi Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 21.11.2019-cu il tarixli **********24 nömrəli məktubunda göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 3-cü massiv 42A fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qaradağ RİH birinci instansiya məhkəməsinə ünvanladığı 02.07.2020-ci il tarixli 5/400 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının adına 07/275 saylı 24.12.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər barəsində RİH-də heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi təşkil edir. Çünki, məhz həmin normada sadalanan sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşr. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Halbuki, İPMin 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” İddiaçı belə bir sənəd kimi 24.12.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə istinad edir ki, sözügedən sənədin verilməsinə əsas olmuş sənədlər mövcud olmadığı, həmçinin, qeydiyyat vəsiqəsi verilmiş daşınmaz əmlak barədə bütövlükdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hər hansı məlumat aşkar edilmədiyi üçün, mötəbər sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli yaşayış evi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qərarında iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiq olunmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-330/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 1 ünvanda yerləşməklə ona məxsus olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması, buna dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1042/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1042/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver