Məhkəmə qərarları › İş №2-1(103)-1042/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1042/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1042/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “fərdi yaşayış evinin uçota götürülməsi” tələbinə dair inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11296/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahiblik və istifadəsində olan, yaşayış yeri üzrə pasport qeydiyyatında olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin uçota alınmasından Keşlə Bələdiyyəsinin imtinasının əsassız və qanunsuz hesab edilməsi və həmin evin uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun sahiblik və istifadəsindədir. O, həmin fərdi yaşayış evində yaşayır və onun bu evdən başqa yaşamaq üçün yaşayış sahəsi yoxdur. O, həmçinin həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Fərdi yaşayış evi qaz, su və elektrik enerjisi ilə təchiz olunmuşdur. Bununla bağlı müqavilələr formal olaraq onun atası X6 adına olmuşdur. X2 həmin evdə heç vaxt yaşamamış, həmin ev onun istifadə və sahibliyində olmamışdır. O, istifadə etdiyi bütün kommunal xidmətlərin haqqını davamlı ödəmiş və bununla bağlı heç bir borcu olmamışdır. O, sözügedən fərdi yaşayış evində yaşadığına və qeydiyyata alındığına baxmayaraq Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi iddiaçını, onun məlumatı və razılığı olmadan pasport qeydiyyatından çıxarmışdır. Bu faktan istifadə edən atası X8, həmin evə heç bir aidiyyəti olmadığı, evdə qeydiyyatda olmadığı və evdə yaşamadığı halda digər yollarla kommunal xidmətlərin göstərilməsi ilə bağlı bütün müqavilələri iddiaçının adından çıxartmış və həmin müqavilələri bu evə heç bir aidiyyəti olmayan, onlarla heç bir qohumluq əlaqəsi olmayan X1 adına sənədləşdirmişdir. O, pasport qeydiyyatından qanunsuz çıxarıldığı üçün, qeydiyyatının bərpa olunması məqsədilə Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin heç bir müsbət cavab ala bilməmişdir. Bu səbəbdən də o, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin qanunsuz hərəkətini Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Onun iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(112)- 2568/2021 saylı qərarı ilə tələbi təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hərəkətinin qanunsuz sayılması, X4 ünvan 1 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Polis İdarəsi həmin qərarı icra etmiş, onun sözügedən ünvan üzrə pasport qeydiyyatını bərpa etmişdir. Hazırda, o, yaşadığı evdə istifadə etdiyi kommunal xidmətlərə dair müqavilələrin öz adına sənədləşdirilməsi üçün yaşadığı evin Bələdiyyədə uçota götürülməsi barədə arayışı təqdim etməlidir. Buna görə də o, yazılı ərizə ilə Keşlə Bələdiyyəsinə müraciət etmişdir. Keşlə Bələdiyyəsinin 04 iyul 2022-ci il tarixli 111-K saylı cavab məktubu ilə ona imtina cavabı verilmişdir. Keşlə Bələdiyyəsinin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun sahiblik və istifadəsindədir. O, həmin evdə yaşayır və təbii ki, kommunal xidmətlərdən (qaz, işıq, su və s.) istifadə edir. Lakin bu xidmətlərin haqqını ödəyə bilmir. Bunun nəticəsində isə borclar yığılır ki, bu da son nəticədə həmin ünvana su, qaz və işığın verilməsinin dayandırılması ilə nəticələ bilər. Bütün bunların baş verməməsi üçün "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC müqavilələri onunla bağlamalıdır. Bu səbəbdən yalnız onun sahiblik və istifadəsində olan, hazırda da yaşadığı fərdi yaşayış evinin Keşlə Bələdiyyəsi tərəfindən uçota alınması zəruridir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/23A ünvandakı tikili özbaşına olduğu üçün inventarlaşdırma nəticəsində həmin ev X7 atası X6 adına uçota alınmışdır. Qanunvericiliyə əsasən özbaşına tikilinin hər hansı fiziki şəxsin adına bələdiyyədə inventarlaşdırılaraq qeydiyyata alınması həmin tikilinin həqiqi sahibinin kimliyinə əsas vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11296/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, eyni zamanda, qeyd etmişdir ki, bələdiyyənin imtinası əsassız və qanunsuzdur. Çünki ev onun sahibliyində və istifadəsindədir, kommunal xidmətlərdən istifadə edir. Lakin xidmət haqlarını ödəyə bilmir, borclar yığılır, ki, nəticədə kommunal xidmtlər dayandırıla bilər, Ona görə də evin uçota götürülməsi zəruridir. Məhkəmə isə göstərilənləri nəzərə almamış, onun iddiasını mümkün saymamış, məhkəmə müdafisindən məhrum etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Məmmədov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış,evin uçota götürülməsi üçün əsas olmadığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollgiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşaığıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahiblik və istifadəsində olan, yaşayış yeri üzrə pasport qeydiyyatında olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin uçota alınmasından Keşlə Bələdiyyəsinin imtinasının əsassız və qanunsuz hesab edilməsi və həmin evin uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, qanunvericiliklə cavabdehin belə bir səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin mövqeyi ilə razılaşır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Həmin Qanunun 18.3-cü madəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. Həmin Qanunun 18.10-cu maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.1.5-ci madəsi ilə isə müəyyən olunmuşdur ki, qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparmaq bələdiyyələrin vergi xidməti orqanının vəzifəsidir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, bələdiyyə fiziki və ya hüquqi şəxsləriin əmlakını deyil, həmin əmlak üzrə hüquqa sahib olan şəxsin uçotunun aparılmasını tənzimləyir və bu tənzimləmə həmin şəxslərdən yerli (bələdiyyə) vergilərin və ödənişlərin yığılmasına xidmət edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi nəzərədə tutur ki, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisi üzrə vergitutma obyekti sayılır. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Qanunvericiliyin qeyd olunan tələblərinin həyata keçirilməsinə gəldikdə, fiziki şəxslərin vergi ödəyicisi kimi uçota alınmaları onların təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qeyd edilən 18.3-cü maddəsinin imperativ tələbindən aydın görünür ki, şəxslər o halda, rezident və qeyri-rezident fiziki vergi ödəyicisi kimi uçota alınır ki, torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri almış olsunlar. İddiaçının isə mübahisəli ünvanda yerləşən evlə bağlı mülkiyyət və istifadə hüquqlarını təsdiq edən hər hansı sənədi mövcud deyil. Başqa sözlə, özbaşına tikilidir. Birinci instansiya məhkəməsi də məhz, öz qərardadında əsaslı olaraq qeyd etmişdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi əmlak özbaşına tikilidir və həmin əmlakla bağlı onun hər hansı bir hüququ mövcud olmadığını qeyd edərək sadalanan maddi hüquq normalarının ona münasibətdə tətbiq edilməsi mümkün deyil. İddiaçının hazırkı iddinı qaldırmaqda məqsədi kommunal xidmətlərə dair müqavilələrin öz adına keçirilməsinə nail olmaq, dolayısı ilə sahibliyində qalmasını təsbit etməkdir. Lakin bələdiyyə əmlakın deyil, vergi ödəyicisi olan fiziki şəxsin uçotunu aparır və belə bir uçota alınma vasitəsilə iddiaçının həmin məqsədinə çatması mümkünsüzdür. Daha sonra, məhkəmə İPM-in 35.1ci maddəsinin tələbini göstərərək, iddianın əsaslandırılmış iddia kimi qiymətlənirilməsini yolverilməz hesab etmiş və həmin Məcəllənin 35.3-cü maddəsinə istinadən iddianı mümkün saymamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qimətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin cavabdeh bələdiyənin imtinsının və birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11296/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11296/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar