Məhkəmə qərarları › İş №2-1(103)-1042/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1042/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1042/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13480/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bortoperator vəzifəsi üzrə uçuş saatları 3845 saat 27 dəqiqə, vertolyotun ikinci pilotu üzrə uçuş saatı isə 889 saat təşkil edir. AR Nazirlər Kabinetinin 231 №-li qərarında əks olunan hesablama qaydasına əsasən iddiaçının bortoperator vəzifəsi üzrə 18 il, ikinci pilot vəzifəsi üzrə isə 7 il 4 ay, ali təhsil müddəti üzrə isə 5 il sığorta stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən "xxxx" QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda "xxxx" QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma aparəlmış şəxslərin heç biri "xxxx" QSC-nin işçisi deyillər və onlar “X3” şirkətinin əməkdaşlardırlar. Buna görə də, "xxxx" QSC tərəfindən verilmiş arayışı əsas götürülməsi əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13480/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı yazılı etiraza və imtina məktubuna uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı xx.xx.1983-cü il təvəllüdlür.

10. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı:

11. 01.09.2000-xx.xx.2005-ci illərdə Mülki Aviasiya Akademiyasında təhsil almışdır.

12. 07.07.2005-xx.xx.2006-cı illərdə Azərbaycan Respublikasının Milli Ordu sıralarında hərbi xidmət etmişdir.

13. xx.xx.2007-xx.xx.2007-ci illərdə “Azərbaycan Hava Yolları “X1 aviasiya şikrətində Aviaeskadrilyanın İL-76 HG-nin bortoperatoru vəzifəsində VTC-7-ci dərəcə ilə işləmişdir

14. xx.xx.2007-xx.xx.2013-cü illərdə "xxxx" MMC Aviaşirkətində Uçuş dəstəsinə İL76 tipli HG-nin bort operatoru vəzifəsində işləmişdir.

15. xx.xx.2015-ci il tarixdən “X2 Services” MMC Uçuş xidmətlərinin Şərq texnikası üzrə uçuş-istehsalat qrupuna Mi tipli vertolyotunun ikinci pilotu vəzifəsinə işə qəbul edilmişdir.

16. “Silkway Airlines” şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də uçuş dəstəsinin İL76 tipli HG-nin Bortoperatoru vəzifəsində çalışıb. Bu müddət ərzində uçuş saatı 3845:27 (Üç min səkkiz qırx beş saat iyirmi yeddi dəqiqə) təşkil edib və bu 17 il 9 ay sığorta stajına bərabərdir.

17. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən vertolyotun sıravi ekipaj üzvü kimi onun xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı 889 (səkkiz yüz səksən doqquz) uçuş saatına əsasən 7 il 4 ay təşkil edir.

18. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 9.1-ci maddəsinə görə yeraltı işlər incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçıbort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bundan başqa, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Dövlət Mülki Aviasiya Agentliyi müvafiq sorğuya 30 may 2023-cü il tarixində verdiyi cavab məktubunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il Çikaqo Konvensiyasını da əsas gətirərək bort operatorunun nə uçuş heyət üzvü, nə də digər uçuş mütəxəssisi hesab edilmədiyini bildirib. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır.

23. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

25. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2007-xx.xx.2007-ci illərdə “Azərbaycan Hava Yolları “X1 aviasiya şikrətində, xx.xx.2007- xx.xx.2013-cü illərdə "xxxx" MMC Aviaşirkətində Uçuş dəstəsinə İL-76 tipli HG-nin bort operatoru vəzifəsində işləmişdir.

26. xx.xx.2015-ci il tarixdən “X2 Services” MMC Uçuş xidmətlərinin Şərq texnikası üzrə uçuş-istehsalat qrupuna Mi tipli vertolyotunun ikinci pilotu vəzifəsinə işə qəbul edilmişdir.

27. İddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3- cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.

28. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçının bort operatoru vəzifəsində işlədiyi dövrləri sığorta stajına daxil etmir.

29. Cavabdeh imtinasını onunla əsaslandırır ki, bort operatoru vəzifəsi uçuş heyəti üzvü hesab edilmədiyindən, bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik ola bilər.

30. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinə görə, (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.

32. Qanunun 9.3-cü maddəsinə əsasən iddiaçıya pensiya təyin edilməsi üçün iki şərt olması kifayət edir: 1) Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar 25 il staj; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı.

33. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün hər hansı yaş məhdudiyyəti yox idi.

34. Həmçinin baxılan işdə iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmasını cavabdeh mübahisələndirmir.

35. Cavabdehin mübahisələndirdiyi hal, iddiaçının işlədiyi bort operator vəzifəsinin uçuş heyyətinə aid olmamasıdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”: Bənd 2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) ... Bənd. 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Qaydaların 2.1-ci bəndi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli pensiya hüququ almağa malik olan şəxslərin siyahısını, 3.1ci bəndin isə həmin şəxslərin stajının hesablama qaydasını müyyən edir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə formalaşdırdığı təcrübə ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Qanunun tələbinə görə, hava gəmisinin ekipajını müəyyən etmək səlahiyyəti 2 şəxsdədir:

1. hava gəmisinin sahibi; 2. hava gəmisinin istismarçısı.

38. Belə ki, sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdir.

39. Həmçinin qeyd edilməlidir ki, “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq, “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: 1. hava gəmisinin komandiri; 2. hava gəmisinin pilotu; 3. naviqatoru; 4. bortmühəndisi; 5. bortradisti; 6. böyük bortoperatoru; 7. bortoperatoru.

40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bortoperator vəzifəsi konkret olaraq göstərilməsə də, həmin bənddə “digər uçuş mütəxəssisləri” söz birləşməsi qeyd edilmişdir. Bununla da, normayaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir (İş № ş № 2-1(102)-1692/2024, 2-1(102)- 1971/2024, 2-1(102)-2104/2024, 2-1(102)-1451/2024, 2-1(102)-2387/2024, 2-1(102)- 2134/2024 nömrəli qərarlar).

41. İş materialında olan “Silkway Airlines” şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin Bortoperatoru vəzifəsində işlədiyi müddət ərzində uçuş saatı 3845:27 (Üç min səkkiz qırx beş saat iyirmi yeddi dəqiqə) təşkil etməklə 17 il 9 ay sığorta stajı və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən vertolyotun sıravi ekipaj üzvü kimi onun xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı 889 (səkkiz yüz səksən doqquz) uçuş saatı təşkil etməklə 7 il 4 ay sığorta stajına malikdir.

42. Göründüyü kimi, iddiaçı Qanunun 9.3-cü maddəsinə göstərilən staja malik olduğundan ona hüququnun yarandığı vaxtdan, yəni 25 il stajının tamam olduğu, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərl pensiya təyin edilməli və həmin tarixdən ödənilməlidir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

45. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13480/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar