Məhkəmə qərarları › İş №2-1(103)-1043/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1043/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1043/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12603/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25 iyul 2024-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və xx.xx.2009-cu il tarixindən etibarən 3 uşaqlı ana kimi yaşa görə ödənilməmiş əmək pensiya haqqının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 13 iyul 1980-ci il təvəllüdlü X5, 09 aprel 1984-cü il təvəllüdlü X1 və 16 oktyabr 1981-ci il təvəllüdlü X3 adlı üç övladı dünyaya gəlmişdir. Müəyyən səbəblərdən nikahı pozulmuşdur. Nikahının pozulması 15 iyul 1985-ci il tarixində Culfa rayon VVAQ şöbəsində qeydə alınmışdır. xx.xx.1980-ci ildə Culfa üzümçülük sovxozuna işə qəbul olmuşdur. xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. xx.xx.1986-cı il tarixində Mənzil idarəsinə işə götürülmüşdür. xx.xx.1990-cı ilə qədər işləmişdir. xx.xx.1990-cı ildə Nəsimi rayon Kommunal Müəssisələri İstehsalat idarəsinə işə qəbul olmuş, xx.xx.1991-ci il tarixində işdən azad olunmuşdur.1992-ci ildə mədəsində mövcüd olan xəstəliyə görə əmək qabliyyətini itirmişdir. Sonra təkbaşına uşaqlara baxmalı olduğuna görə hər hansı yerdə işləyə bilməmişdir. xx.xx.2009-cu il tarixi üçün onun 51 yaşı tamam olmuş və 5 ildən çox iş stajı mövcüd olmuşdur. Belə olduğu halda əvvəlki əmək pensiyası haqqında qanunun 8.1ci maddəsinə əsasən onun əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixində DOST mərkəzi vasitəsi ilə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh 25 iyun 2024-cü il tarixli məktubla bildirmişdir ki, əmək fəaliyyətinin dövrləri xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək övladlarına qulluq etdiyi dövrlər də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək 11 il 7 ay 21 gün sığorta stajının əsasında ona xx.xx.2021-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 259.78 manat məbləğində yaşa görə əmək pensiyası təyin etmişdir. İndeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 363.86 manata çatdırılmışdır. Daha sonra 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun xx.xx.2009-cu il tarixindən yaranmasına baxmayaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət etdiyi tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsinin nəzərdə tutulmadığını bildirmişlər. Cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-12603/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək himayəsində üç uşaq olduğunu və onlara təkbaşına baxdığını bildirmişdir. “Əmək pensiyası haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən üç uşaq dünyaya gətirdiyinə, onları səkkiz yaşınadək tərbiyə etdiyinə və azı 5 il sığorta stajı olduğuna görə onun əmək pensiyasını almaq hüququ yaranmışdır. xx.xx.2009-cu il tarixində onun 51 yaşı tamam olmuş və 5 ildən çox iş stajı mövcud olmuşdur. DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin ona həmin dövrdə yaşa görə sosial müavinət yox, himayəsində 3 uşaq olduğuna, onlara təkbaşına baxdığına və 5 ildən artıq iş stajı olduğuna görə əmək pensiyasının ödənilməsini təmin etməli idilər. DSMF ona xx.xx.2015-ci il tarixində yaşa görə sosial müavinəti yox, həmin tarixdən 3 il əvəlki dövür daxil edilməklə, yəni 2012-ci ildən etibarən 5 il iş stajını və himayəsində 3 uşağın olduğunu nəzərə almaqla əmək pensiyasını təyin etməli və müvafiq ödənişlərinin ödənilməsini icra etməli idi. Məhkəmə 3 uşağının və 5 il əmək stajının və müraciətinin 2015-ci ildən olduğuna nəzər yetirməmişdir. Nəticədə məhkəmə onun əmək pensiyasının təyin edilməsinin və alınmasının 2024-cü ildə olduğuna əsaslanaraq əvvəlki 3 il dövrün nəzərə alındığı və DSMF-nin düzgün hərəkət etdiyi qənaətinə gəlmişdir. Sadalananlara əsasən məhkəmənin qərarı qanunsuzdur. Onun şəkər və ürək xəstəsi olduğunun, 3 cərahiyyə əməliyyatı keçirməsinə ehtiyacı olduğunun nəzərə alınmağını və ona köməklik göstərilməsini xahiş edir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı apellyasiya şikayəti tam əsassızdır, məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 25 iyul 2024-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və xx.xx.2009-cu il tarixdən etibarən 3 uşaqlı ana kimi yaşa görə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009 cü il tarixdə onun 51 yaşı tamam olmuş və 5 ildən çox iş stajı mövcud olmuşdur. “Əmək pensiyası haqqında” Qanunun 8-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının hüququ yarandığı vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən yaşa görə pensiya təyin edilmiş və təyin edilmiş pensiyanın müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2021-ci il tarixə 11422,14 manat əksik vermə hesablanaraq ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı ona hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən hazıradək ona yaşa görə pensiyanın ödənilməsini xahiş edir. İddiaçı 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun xx.xx.2009-cu il tarixdən yaranmasına baxmayaraq, Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsində üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların, yəni 3 uşağı olanlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ olması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində nəzərdə tutulur: 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir; 32.1. Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Başqa sözlə, xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçının pensiya hüququnun yaranma tarixi xx.xx.2009-cu ildir, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən ona həmin tarixdən 3 il əvvəldən, yəni xx.xx.2021-ci il tarixdən pensiya təyin edilmişdir. İddiaçının müraciətinin xx.xx.2017-ci il tarixədək edilməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair iş materiallarında hər hansı sübutlar yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası hüququ var idi. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək övladlarınıza qulluq etdiyiniz dövrlər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 11 il 7 ay 21 gün sığorta stajınız əsasında Sizə xx.xx.2021-ci il tarixindən (müraciət etdiyiniz tarixdən 3 il əvvələ) 259,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 285,28 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 327,21 manata, xx.xx.2024-cü il tarixindən 363,86 manata çatdırılıb. 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnuzun xx.xx.2009-cu il tarixindən yaranmasına baxmayaraq, Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda (xx.xx.2010-cu il tarixinədək qüvvədə olan redaksiyası). 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiyası). 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuşdur. İddiaçıya DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2015-ci il tarixdən hesablanaraq ona ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə ona hüququnun yarandığı xx.xx.2009-cu il tarixindən yaşa görə pensiya təyin edilmiş və təyin edilmiş pensiyanın müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2021-ci il tarixə 11422,14 manat əksik vermə hesablanaraq ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı hüququnun yarandığı xx.xx.2009-cu il tarixindən ona yaşa görə əmək pensiyasının ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixindən yaransa da, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən əvvəlki dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ildən artıq müddətə geri ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana xx.xx.2024-cü il tarixində müraciət etmiş, cavabdeh isə 3 il əvvəl, xx.xx.2021-ci il tarixindən iddiaçıya pensiya hesablayaraq ödəyir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12603/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar