Məhkəmə qərarları › İş №2-1(103)-1044/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1044/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1044/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4920/2021 saylı, 15.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 05.09.2019-cu il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4920/2021 saylı, 15.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 55,5 yaşının tamam olduğu 05.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin ona dair 10.01.2020-ci il tarixli 95 nömrəli arayışında 27.03.2014-19.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20.11.2014-cü il tarixindən bugünədək isə həmin İdarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən idarədə 27.03.2014-cü il tarixindən bugünədək onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının laboratoriya şəraitində hal-hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olduğu və istehsalat prosesində iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçının gördüyü işlər elmi tədqiqat işlərinə aid olduğundan onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar “Abşeronneft” NQÇİ tərəfindən 12 yanvar 2021-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki: - İş materiallarında olan sənədlərə (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-l №0895185 nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli fomalaşdırıcı (“формировшица”) işləmiş, 02.04.1987-ci ildə Artyom adasında Tikiş fabrikində 1 saylı sahəyə 4-cü dərəcəli tikişçi vəzifəsinə qəbul edilmiş, 04.03.1994-cü ilədək orada nəzarətçi, usta, mühəndis texnoloq vəzifələrində işləmişdir. 09.03.1994-cü ildə “Abşeronneft” Neftqazçıxarma idarəsinə 2 saylı neftqazçıxarma sexinə anbardar vəzifəsinə qəbul edilmiş, 26.09.1994-cü ildə kadr hazırlığı üzrə mühəndis, 01.06.1997-ci ildə kadrlar şöbəsinə rəis müavini, 05.06.2009-cu ildə kadrlar şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01.10.2009-cu ildə kadrlar şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmiş, 01.09.2010-cu ildə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. 03.10.2011-ci ildə İdarəetmə aparatının Əsaslı tikinti şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə, 27.03.2014-cü ildə 1 saylı neft və qazçıxarma sexinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator peşəsinə, 20.11.2014-cü ildə isə elmi tədqiqat və istehsalat işləri sahəsinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmişdir və hazırda həmin vəzifədə işləyir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********0 nömrəli, 18.01.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının 22 oktyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 10.01.2020-ci il tarixli 95 nömrəli arayışında 27.03.2014- 19.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20.11.2014-cü il tarixindən bugünədək isə həmin İdarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən idarədə 27.03.2014-cü il tarixindən bugünədək iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun laboratoriya şəraitində hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olduğunu və istehsalat prosesində iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçının gördüyü işlər elmi tədqiqat işlərinə aid olduğundan onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar “Abşeronneft” NQÇİ tərəfindən 12 yanvar 2021- ci il tarixli Akt ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.03.2021-ci il tarixli məktubu ilə arxiv sənədlərində N.Nərimanov adına Bakı Trikotaj Dövlət İstehsalat Birliyinin 20.04.1995-ci il tarixdə D-357 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu, İstehsalat Birliyinin 2004-cü ildən hazırkı dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi bildirilmişdir. - "xxxx" ASC-nin 20.09.2021-ci il tarixli 44 nömrəli məktubunda iddiaçının işlədiyi vəzifənin hazırda qəlibləyici adlandırıldığı, həmin vəzifə üzrə işçinin əmək funksiyasının zərərli boyaq maddələrindən çıxmış yaş corabların 280-300 dərəcə olan isti qəliblərə birbir keçirilib formalaşdırılması, qurudulması, corabların 7-8 dəqiqə isti formada qaldığı və sonra isti formadan bir-bir corabların çıxarılaraq nəzarətçiyə verildiyi, iş prosesi gedərkən yəni corablar quruyarkən çıxan parın zərərli boyaq maddələrindən yarandığı göstərilmişdir. - “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 10.01.2020-ci il tarixli 95 saylı arayışından görünür ki, iddiaçı 27.03.2014-cü ildən 19.11.2014-cü il tarixədək «Abşeronneft» NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində quyuların tədqiqi üzrə operator peşəsində, 20.11.2014-cü ildən 10.01.2020-ci il tarixədək «Abşeronneft» NQÇİnin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir, güzəştli əmək pensiyası stajı 5 il, 9 ay,13 gündür. - “Abşeronneft” Neft və Qazçıxarma idarəsinə tərəfindən məhkəməyə ünvanlanmış R.Q-03/118 nömrəli 01.04.2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 27.03.2014-cü il tarixindən 19.11.2014-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20.11.2014-cü il tarixindən hazırkı dövrə qədər “Abşeronneft” NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. İddiaçı neft və qazçıxarma sahələrində (mədənlərdə) dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, neft quyularının istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğad ının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. ... Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşdən müəyyən olunur ki, iddiaçı 55,5 yaşısının tamam olduğu 05.09.2019-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb edir. Kollegiya qeyd edir ki, pensiya qanunvericiliyinin yuxarıda qeyd edilən maddəsindən də göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilkin şərt olan yaş tələbi ödənilir. Belə ki, o, xx.xx.1964-cü ildə anadan olub və 55 yaşının tamam olduğu 05.03.2019-cu il tarixdən artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik olmuşdur. İkinci tələb olan ən az 20 il ümumi stajı olmasına münasibətdə kollegiya qeyd edir ki, apelyasiya şikayətindən də aydındır ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmir. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, onun əmək pensiyası təyin edilməsini tələb etdiyi 05.09.2019-cu il tarixə 37 il 01 ay 03 gün ümumi stajı vardır. ((01.04.1987 – 26.07.1982 = 4 il 08 ay 05 gün) + (04.03.1994 – 02.04.1987 = 6 il 11 ay 02 gün) + (05.09.2019 – 09.03.1994 = 25 il 05 ay 26 gün) = 37 il 01 ay 03 gün)) İddiaçının güzəştli əmək stajına gəldikdə isə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 26.07.1982- 01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi dövr üzrə əmək fəaliyyəti növü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın kod 22100000 - XX. Yüngül sənaye bölməsi üzrə - corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcıları (kod 220200b— 19373) peşəsinə uyğundur. İşin hallarından və apelyasiya şikayətindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi dövr üzrə güzəştli əmək fəaliyyəti deyil, “Abşeronneft” NQÇİ-də 27.03.2014-cü il tarixindən bugünədək olan güzəştli şərtlərlə əmək fəaliyyəti dövrü mübahisələndirilmiş, dəlil olaraq 12 yanvar 2021-ci il tarixli Akt göstərilmişdir. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdə olan müəssisənin 10.01.2020-ci il tarixli arayışında iddiaçının 27.03.2014-cü ildən 19.11.2014-cü il tarixədək «Abşeronneft» NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində quyuların tədqiqi üzrə operator peşəsində, 20.11.2014-cü ildən 10.01.2020-ci il tarixədək «Abşeronneft» NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləməsi və güzəştli stajının 5 il, 9 ay,13 gün olması qeyd edilmişdir. Birinci instansiya instansiya məhkəməsi düzgün olaraq cavabdehin dəlil olaraq göstərdiyi 12 yanvar 2021-ci il tarixli Aktla iş materiallarında olan arayış arasındaki ziddiyyətlərin aradan qaldırılması məqsədilə müəssisəyə sorğu ünvanlamış, “Abşeronneft” NQÇİ tərəfindən məhkəməyə ünvanlanmış 29.07.2021-ci il tarixli R.Q-02/284 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 27.03.2014-cü il tarixdən 19.11.2014-cü il tarixədək 1 saylı Neft və qazçıxarma sahəsində və 20.11.2014-cü il tarixdən 10.01.2020-ci il tarixədək isə Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı bölməsinə aiddir. Bu peşə hansı sahədə işləməsindən asılı olmayaraq “quyuların tədqiqatı üzrə operator” qeyd olunan siyahıya aiddir. 12.01.2021-ci il tarixli AKT-da isə işçinin iş vaxtı ərzində gördüyü işlər, yəni quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işləri qeyd edilmişdir ki, bu işlər istismar olunan quyular üzərində aparılır. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”na istinad etmiş və qedy etmişdir ki, “...“Neft və X3ixtisas xüsusiyyətləri” bölməsinin 18-ci bəndinə əsasən quyuların tədqiqi üzrə operator işinin xüsusiyyəti - İstismar və vurucu quyularda dib və lay təzyiqinin ölçülməsi, Exolot və dalğaölçən vasitəsilə quyuda mayenin səviyyəsinin ölçülməsi, səviyyənin bərpa olunmasının (düşməsinin) izlənməsi, neft və qazın ölçülməsi və qaz faktorunun müəyyən edilməsi, Məsafədən ölçən cihazlarla (hasilat ölçən, sərf ölçən, termometr, nəmlik ölçən, manometr, qaz analizatoru) tədqiqatlar aparılmasında iştirak etmək, Tədqiqat işlərinin nəticələrinin müəyyən edilməsi, Avtomaşın və yaxud traktorun idarə olunması, Avadanlıq və cihazların cari təmirinin aparılmasından ibarətdir”. Beləliklə işin faktiki halları ilə, cavabdehin dəlilinin əsassız olduğu, iddiaçının 20.11.2014-cü ildən 10.01.2020-ci il tarixədək «Abşeronneft» NQÇİ-dəki əmək fəaliyyətinin güzəştli şərtlərə əmək fəaliyyəti növünə aid olması öz təsdiqini tapır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı) Beləliklə, İddiaçı 05.09.2019-cu ilə 10 il 05 ay 17 gün güzəştli stajı olduğundan, iddiaçıya 05.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ikini şərt, azı 10 il güzəştli şərtlərlə əmək stajının olması şərti də ödənilir. ((01.04.1987 – 26.07.1982 = 4 il 08 ay 25 gün) + (19.11.2014 – 27.03.2014 = 07 ay 22 gün) + (05.09.2019 – 20.11.2014 = 4 il 09 ay 15 gün) = 10 il 02 ay 02 gün)) “Əmək pensiyaları haqqında” qanunun tələbindən göründüyü kimi, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün yeterli ümumi staj və güzəştli staj tələbləri ödəndikdən sonra əgər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib verməməsi müəyyən edilməlidir. Buna münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, “...cavabdeh bu halı mübahisələndirməmiş, məhkəməyə təqdim etdiyi çıxarışda tələb olunan minimum məbləğ 40.500 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55647.11 manat vəsait toplandığı təsbit olunmuşdur.” Beləliklə, işin sadalanan hallarından aydın görünür ki, tələb edilən 05.09.2019-cu il tarixdən İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Buna münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4920/2021 saylı, 15.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar