Məhkəmə qərarları › İş №2-1(103)-1044/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1044/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1044/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, X1, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2929/2023 saylı, 19 sentyabr 2023-ci il tarixli qərarından iddiaçı və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 1 ünvanında qeydiyyatının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanına 21 iyul 2003-cü il tarixində qeydiyyata alınmışdır. Lakin, xəbəri olmadan xx.xx.2010-cu ildən qeydiyyatdan öz razılığı olmadan (xaricdə olmuş) qeydiyyatdan çıxarılmışdır. Yalnız Bakı şəhərinə qayıtdıqdan sonra xx.xx.2018-ci il tarixdə yenidən öz ünvanına qeydiyyata düşmüşdür. Bununla əlaqədar, 2019-cu il fevralın 14-də İddiaçı ünvan 1 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək pasport qeydiyyatında olub-olmaması barədə məlumatın əldə olunmasına dair vəkil sorğusu ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən 25 fevral 2019-cu il tarixində cavab məktubu göndərilmişdir. Cavab məktubuna əsasən yaşayış yeri kimi ünvan 1 ünvanı qeyd olunmuşdur. Bildirir ki, qeydiyyatdan çıxarılmasının səbəbi bacısının işləri ola bilərdi, çünki bacısı onun razılığı olmadan evi öz adına keçirmək təşəbbüsündə olmuşdur. Nəticədə o, qeydiyyatda olduğu ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, şəxsiyyət vəsiqəsini bərpa etmək üçün müraciət etdikdə aşkar olunmuşdur ki, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatdan çıxarıldığı vaxtdan şəxsiyyət vəsiqəsini aldığı vaxta qədər onun heç bir yerdə qeydiyyatı olmamışdır. Belə ki, Nərimanov Rayon Polis İdarəsinə sorğu ilə müraciət edilmişdir. Sorğuda iddiaçının ünvan 1 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək pasport qeydiyyatında olub-olmaması barədə məlumat verilməsini və əgər qeydiyyatdan çıxarılmışsa əsas olmuş sənədin surətinin təqdim olunmasını xahiş etmişlər. xx/xx-5140 №-li xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq qeyd edilmişdir ki, xx.xx.2010-cu il tarixində İddiaçı qeydiyyatdan çıxarılmış və qeydiyyatdan çıxarılmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 1 ünvanında qeydiyyatda olmamışdır. Sorğuya verilən cavab onu qane etməmişdir. Belə ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Aydındır ki, məhkəmənin yaşayış sahəsindən çıxarılma barədə heç bir qətnaməsi yoxdur. Belə halda, onun ünvan 1 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək qeydiyyatdan çıxarılması qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarının tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyata düşmüş, fərdi uçot kartoçkasının surətində aparılmış qeydə əsasən xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasına getməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır və xx.xx.2018-ci il tarixdən yenidən ünvan 4 ünvanına qeydiyyata alınmışdır. Bu sübutlar iş materiallarında olduğu və məhkəmə tərəfindən bu sübutlara istinad olunduğu halda məlumatlarında iddiaçının xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında sözügedən ünvanda qeydiyyatda olmaması halı müəyyən edilməməsi nəticəsi müəmmalıdır və ən əsası Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə ziddir. Bundan əlavə, məhkəmə qərarında istinad olunan mülki mübahisə ilə bağlı məhkəmə qətnamələrinə və qərarlarına əsasən İddiaçı mənzilin yalnız 1/3 hisssəsinə mülkiyyət hüququnu təsdiq edə bilmişdir. Halbuki, birbaşa vərəsə olaraq İddiaçı miras mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmalıdır. Məhz onu qanunsuz qeydiyyatdan çıxarılma vasitəsi ilə bağışlama müqaviləsinin notariat kontorunda rəsmiləşdirilməsi mümkün olmuşdur. İddiaçı qanunsuz qeydiyyatdan çıxarılması səbəbindən o, mirasın bir hissəsindən məhrum olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, 25 dekabr 2023-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı onun xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında ünvan 1 ünvanında qeydiyyatının olmaması nəticəsində anası X8 ilə bacısı X9 arasında bağlanılmış bağışlama müqaviləsi əsasında mənzilə dair pozulmuş hüquqlarının bərpa edilməsidir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən iddiaçının həmin bu hüquqi marağını rəhbər tutaraq, həmçinin iş üzrə aidiyyəti qurumlardan əldə edilmiş məlumatlara əsasən iddianın əsassız olduğu qənaətinə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ünvan 2 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2018-ci il tarixdən yenidən Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanına qeydiyyata alınmışdır. İddiaçı sözügedən ünvana mübahisəli dövrlərdə qeydiyyatının bərpa edilməsi nəticəsində çatmaq istədiyi hüquqi marağa (mənzilə dair bağlanılmış bağışlama müqaviləsinin ləğvi) mülki məhkəmə icraatında nail olmuşdur. Bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə ki, iş materiallarında olan: -Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 078- 24397-1222 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatdan çıxarılmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 6 ünvanında qeydiyyatda olmamışdır. -Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ***-**** nömrəli məktuba əsasən, İddiaçı forma 1 (fərdi uçot kartoçkasının) kserosurəti təqdim edilmişdir. Fərdi uçot kartoçkasının surətində aparılmış qeydə əsasən xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasına getməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 078-33357 nömrəli məktuba əsasən İddiaçı Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanında pasport qeydiyyatındadır. -Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsinə dair qeydiyyat vəsiqələrinə əsasən İddiaçı xx.xx.2011, xx.xx.2011, xx.xx.2018-ci il tarixlərdə müvəqqəti yaşama icazələri almışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-50/2-7518 nömrəli cavab məktubuna görə İddiaçı xx.xx.2003cü il tarixdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyndən tərəflərindən məhv edilmişdir. Ona görə də, göndərilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən 37 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş may 2019-cu il tarixli arayışa əsasən İddiaçı Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X4 göndərdiyi bildirişə əsasən (bildiriş arayış əlavə edilmişdir) xx.xx.2010-cu il tarixdən qeydiyyatdan çıxarılmışdır. Təkrarən şəxsiyyət vəsiqəsinə əsasən (AZE ********) xx.xx.2018-ci il tarixdə yenidən qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 38-33/2- 1467/23 nömrəli məktubla xx.xx.1977-ci il təvəllüdlü X12 2005-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı aşağıdakı məlumatlar təqdim edilmişdir: xx.xx.2010-cu il, istiqamət “çıxış”; xx.xx.2011-ci il, istiqamət “giriş”; xx.xx.2011, istiqamət “çıxış”; xx.xx.2018-ci il, istiqamət “giriş”. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/2-20017/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ünvan 2 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2018-ci il tarixdən yenidən Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)- 2224/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı “əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı başqa icraatda cavabdehlər X5, Bakı şəhəri 21 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X7 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X2, 1/6 hissəyə X3 vərəsəlik hüququnun tanınması, İddiaçı 1/6 hissə payı isə açıq saxlanması barədə 29 fevral 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın və RX seriyalı 130577B nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2, 1/3 hissəsinə X3 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X7 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və 29 fevral 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)- 2224/2019 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsindən isə cavabdeh X9 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)-5175/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2 və 1/3 hissəsinə X3 vərəsəlik hüquqları tanınmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətnaməsi ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, X8 ilə X9 arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilmiş, yəni həmin müqavilə üzrə X8 tərəfindən X5 Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə X9 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)- 680/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçının xx.xx.2010-cu il tarixdə qanunsuz olaraq ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından və xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 1 ünvanında qeydiyyatının bərpa olunması barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən - 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən ünvana mübahisəli dövrlərdə qeydiyyatının bərpa edilməsi nəticəsində çatmaq istədiyi hüquqi marağa (mənzilə dair bağlanılmış bağışlama müqaviləsinin ləğvi) mülki məhkəmə icraatında nail olmuşdur. Bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2023 saylı, 19 sentyabr 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar