Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1045/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-3419/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsi ilə əvəz edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh olan Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida məhsulları, meyvə, tərəvəz idxal edir. İddiaçı MMC 23 sentyabr 2021-ci il tarixində İran İslam Respublikasından ölkəyə kartof idxal etmişdir, yəni, kartof məhsulu yük avtomobilində həmin tarixdə gömrük postunu keçərək ölkəyə daxil olmuşdur. Cavabdeh müəssisənin əməkdaşlarının sınaq üçün kartof məhsulunu haradan, kimin yanında, hansı maşından götürdükləri iddiaçıya bəlli deyil. Həmçinin, cavabdeh müəssisənin xx.xx.2021-ci il tarixli, AZ-21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokolunun tərtibatı üçün sınaqdan keçirdikləri kartofu haradan almaları da məlum deyil. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh 07 oktyabr 2021-ci il tarixli qərar qəbul etmişdir, qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə verilmişdir. Qərardan görünür ki, qərarın sayı və kim barəsində qəbul edildiyi müəyyən deyil. Məhsulun ölkəyə daxil olduğu tarix kimi nümunənin götürüldüyü tarix göstərilməmişdir. xx.xx.2021-ci il tarixli, AZ- 21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokolu üçün götürülmüş nümunənin harada, nə vaxt, kimin iştirakı ilə götürülməsinə dair hər hansı bir sənəd, yazı, sübut yoxdur. Bunlarla yanaşı, xx.xx.2021-ci il tarixində ölkəyə daxil olmuş kartof, yük avtomobilində uzun müddət, cavabdehin deməsinə görə 14 gün qala bilməzdi. Odur ki, 4 gün saxlandıqdan, gözlənildikdən sonra kartof satılmışdır. İddiaçı hesab edir ki, hazırkı qərar əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 2021-ci il tarixli, İD********** nömrəli elektron ərizə ilə İran İslam Respublikasından idxal etdiyi 23.800 kq ərzaqlıq kartof məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Agentliyin Bakı regional bölməsinə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Agentliyin regional bölməsinin əməkdaşı və ərizəçinin nümayəndəsinin iştirakı ilə 25 sentyabr 2021-ci il tarixində məhsuldan nümunə götürülmüş və normativ sənədin tələblərinə uyğun olmasının müəyyən edilməsi məqsədilə X4 İnstitutunun laboratoriyasına təqdim edilmişdir. Laboratoriya nəticələrinə əsasən sınağa təqdim edilmiş məhsulda karantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar edildiyindən Bakı Regional bölməsinin 07 oktyabr 2021-ci il tarixli, 12/Fn saylı qərarı ilə idxal edilmiş məhsul partiyasının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilmişdir. İddia ərizəsində sınaq üçün nümunələrin harada, nə zaman və kimin iştirakı ilə götürülməsinə dair sübutların olmadığı qeyd edilmişdir. 2021-ci il 25 sentyabr tarixli “məhsul nümunələrinin götürülməsinə dair” tərtib edilmiş aktda "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Gülnarə Abdullayevanın nümunələrin götürülməsi zamanı iştirak etdiyi müəyyən olunur. Eyni zamanda, həmin aktda nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etməyə imkan verən məlumatlar, o cümlədən nəqliyyat vasitəsi ilə bağlı məlumat öz əksini tapmışdır. Qeyd edilənlərdən başqa, 2021-ci il 25 sentyabr tarixli “mallara (məhsullara) toxunulmaması barədə” aktda nümunələrin götürüldüyü yer ilə bağlı məlumatlar qeyd edilmişdir. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun 2021-ci il 5 oktyabr tarixli, AZ-21010733 nömrəli sınaq protokoluna və Azərbaycan Respublikası X5nin 2021-ci il 7 oktyabr tarixli, 12/FN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə” Qərarına dair formal tələblər pozulmuşdur. Etiraza əlavə edilmiş həmin sənədlərə baxdıqda görmək olar ki, iddia ərizəsində qeyd edilən pozuntuların heç biri mövcud deyildir. Belə ki, həmin qərarda qərarın nömrəsi, barəsində qərar qəbul edilən hüquqi şəxsin ünvanı, adı və digər məlumatlar öz əksini tapmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən sertifikat alınmadan kartof məhsulunun idxalı nəticəsində qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilən 2021-ci il 5 oktyabr tarixli, AZ-21010733 nömrəli Sınaq protokoluna əsasən müəyyən etmək olar ki, yoxlanılan təhlükəsizlik göstəricilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli, 280 nömrəli “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında qeyd olunan Azərbaycan Respublikasında aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına daxil olan Ralstonia solanacearum (kartofun qonur çürüməsi) bakteriyası aşkar edilmişdir. “Yeyinti məhsulları haqqında” Qanunun 16-cı maddəsinə əsasən qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən qida məhsulları götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-3419/2022 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin edilməsi, “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 12/FN nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsinin 2021-ci il 7 oktyabr tarixli, 12/FN saylı qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsin 2022-ci il 31 avqust tarixli 2-1(112)-3419/2022 saylı qərarının əsaslandırıcı hissəsində 2017-ci il 6 dekabr tarixli, 542 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın 6.5-ci bəndinə istinad istinad edərək, 2021-ci il 25 sentyabr tarixində kartof məhsullarından nümunələrin götürülməsi zamanı yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunmadığı qeyd edilmiş və göstərilmişdir ki, nümunələrin götürülməsində iştirak etmiş Gülnarə Abdullayeva İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi deyil və MMC-nin direktoru Zeynəb Abdullazadə tərəfindən ona verilmiş etibarnamə hüquqi şəxs olan iddiaçı müəssisənin qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi verilmişdir. Qeyd etmək lazımdır ki, idxal edilmiş kartof məhsullarında zərərli orqanizm aşkar olunduqdan sonra məlum olmuşdur ki, həmin məhsullar qida təhlükəsizliyi sertifikatı olmadan satılmışdır. Göstərilən halın araşdırılması məqsədilə iş üzrə materiallar Azərbaycan Respublikası Prokurorluğuna göndərilmiş və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Həmin qərara baxdıqda müəyyən etmək olar ki, Abdullayeva Gülnarə İddiaçı MMC-nin icraçı direktoru kimi tanınmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, AZ- 21010733/LAB03- 21026-T-026 nömrəli sınaq protokolunda məhsul nümunələrinin 2021-ci il 27 sentyabr tarixində götürüldüyü qeyd edilsə də nümunələr 2021-ci il 25 sentyabr tarixli məhsul nümunələrinin götürülməsi aktına əsasən götürülmüşdür. Eyni zamanda qeyd edilmişdir ki, mübahisələndirilən qərarda AZ-21010733/LAB03-21026-T-026 nömrəli sınaq protokoluna deyil, AZ-21010603/İ-AB03-21026-T-026 nömrəli sınaq protokoluna istinad edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən hallar AZ-21010733/LAB03-21026-T-026 nömrəli sınaq protokolunda göstərilən nəticələrin İddiaçı MMC-nin idxal etdiyi kartof məhsulundan götürülən nümunə əsasında əldə edilməsinə əsaslı şübhələr doğurur. Bununla bağlı qeyd etmək lazımdır ki, sənədlərin tərtibi zamanı texniki səhvlərə yol verilmişdir. Lakin, İddiaçı MMC-nin 2021-ci il 23 sentyabr tarixli idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı elektron müraciətinə və AZ- 21010733/LAB03-21026-T-026 nömrəli sınaq protokoluna baxdıqda görmək olar ki, məhsulların partiya nömrəsi (202121) eynidir. Bununla da müəyyən etmək olar ki, laboratoriyaya təqdim edilmiş nümunələr İddiaçı MMC tərəfindən idxal edilən məhsullardan götürülmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, Azərbaycan Respublikası X5nin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 12/FN nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən İran İslam Respublikasından idxal olunması nəzərdə tutulan ümumi çəkisi 23.800 kq olan ərzaqlıq kartof məhsulunda xx.xx.2021-ci il tarixli, AZ-21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokoluna əsasən karantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar olunmuş, İddiaçı MMC tərəfindən İran İslam Respublikasından idxal olunması nəzərdə tutulan ümumi çəkisi 23.800 kq olan ərzaqlıq kartof məhsulunun Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi qərara alınmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh nümunə götürərkən qüvvədə olan qanunvericilik normalarının tələblərini pozmuşdur. Belə ki, işdən məlum olur ki, məhsuldan nümunənin götürülməsində iştirak edən Gülnarə Abdullayeva iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Cavabdeh bununla bağlı məhkəməyə iddiaçının qanuni nümayəndəsi tərəfindən Gülnarə Abdullayevaya verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməni təqdim etsə də, həmin etibarnamədən görünür ki, etibarnamə Zeynəb Abdullazadə tərəfindən, iddiaçı müəssisənin qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi verilmişdir. Belə olan halda həmin sənəd hüquqi şəxs olan iddiaçı tərəfindən verilmiş etibarnamə kimi, Gülnarə Abdullayeva isə iddiaçının səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddianın mahiyyəti ilə bağlı aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na əsasən - 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X5 (bundan sonra - Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra - sertifikat) malik olmalıdır. - 2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. - 2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. -2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. - 2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. - maddə 28.1.1 Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na əsasən: - 2.1.12. mal sahibi - mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxsdir. - 3.1. Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (sınağı) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir. - 3.5. Mallar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (sınağın) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul olunur. Həmçinin, yeyinti məhsullarından götürülən nümunələrin tədqiqi (sınağı) Azərbaycan Respublikası X5nin tabeliyindəki laboratoriyalarda aparılır. - 3.6. Malların tədqiqinin (sınağının) nəticələri protokolla rəsmiləşdirilir. – - 3.7. Malların tədqiqinin (sınağının) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir: 3.7.1. birbaşa təyinatı üçün istifadəyə yararlılığı; 3.7.2. birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsızlığı; 3.7.3. təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlər üçün yararlılığı. - 5.1. Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən: - 5.1. Nümunə götürülməsi, səlahiyyətli orqanın müfəttişləri tərəfindən aparılan baxış və ya ekspertiza üçün nümunə vahidlərinin seçilməsi prosesidir. Yüklərə və ya partiyalara fitosanitar baxış zamanı nümunələrin götürülməsi, seçilmiş vahidi əvəz etmədən aparılır. Aşağıdakı nümunəgötürmə üsullarından istifadə edilir: - 5.1.1. əl ilə; - 5.1.2. xüsusi texniki avadanlıq və ya vasitələr ilə (mexaniki və yaxud silindrik nümunəgötürücülər, çalovlar, şuplar, sınaq şüşələri, kağız paketlər, zərflər və ya qutular və s.) - 6.1. Yüklərin karantin tətbiq edilən zərərli orqanizmlər, eləcə də, təhlükəli zərərvericilərlə yoluxmasının aşkarlanması üçün əvvəlcə nəqliyyat vasitələrinin içərisinə, yəni yükün daşındığı hissələrə və ümumi sahəsinə, qapılara, o cümlədən qablaşdırma və arakəsmə materiallarına və yükün səthinə baxış həyata keçirilir. Müfəttiş ilk növbədə zərərvericilərin rast gəlinməsi ehtimalı yüksək olan yerlərdən (töküntülər, ovuntular, çatlardakı toz yığınları, yarıqlar, nisbətən çox isinən yerlər və s.) nümunələr götürülməlidir. - 6.5. Yüklərdən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən görünür ki, ölkəyə idxal edilən yeyinti məhsulları qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Məhsullar sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilməli, bunun üçün məhsuldan nümunə götürülməlidir. Qanunvericilik nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakını imperativ tələb kimi müəyyən edir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi fərqli qərar qəbulu imkanını istisna etmir. Belə ki, iddia ərizəsində iddiaçı nümunələrin haradan, kimin yanında hansı nəqliyyat vasitəsindən götürülməsinin məlum olmadığını, bununla da nümunə götürülmüş məhsulun onlara aid olmadığını bildirir. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə Gülnarə Abdullayevanın İddiaçı MMC-nin icraçı direktoru kimi tanınmasına istinad edərək “məhsul nümunələrinin götürülməsinə dair” 2021-ci il 25 sentyabr tarixli aktın qanuna uyğun olaraq, yəni İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərtib edilməsi ilə dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilən 15 dekabr 2021-ci il tarixli qərarda X3 İddiaçı MMC-nin icraçı direktoru kimi qeyd edilməsi, onun hazırki iş üzrə həqiqətən də İddiaçı MMC-nin icraçı direktoru kimi tanınmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası İPM-in tələbinə görə Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, işdən görünür ki, cavabdehin mübahisələndirilən qərarı qəbul etməsinə əsas olan AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda onun məhz iddiaçıya məxsus məhsulun sınağı barədə olmasını göstərən heç bir eyniləşdirici rekvizit yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirməməklə yanaşı, yaranmış əsaslı şübhələri təkzib edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-3419/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1045/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1045/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver