Məhkəmə qərarları › İş №2-1(103)-1046/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1046/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1046/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı diplomun tanınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1577/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Təhsil Nazirliyi) məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, iddiaçı iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2009-cu il tarixdə müraciətin təmin edilməsindən imtina etmiş və bu barədə iddiaçıya məktubla cavab verilmişdir. Lakin iddiaçı yenidən eyni məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla eyni məzmunlu müraciətə xx.xx.2009-cu ildə baxılaraq cavab verildiyini bildirmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə isə 9 ildən çox vaxt keçdikdən sonra xx.xx.2019-cu ildə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçının müraciəti əgər əsassız olsaydı o, heç bir vaxt müxtəlif orqanlara müraciət etməzdi. Lakin cavabdeh onun diplomunu bilərəkdən qeydiyyata almamışdır. Buna əsas kimi DDU-nun Bakı filialının fəaliyyətinin məhkəmə qərarı ilə əsassız hesab edilməsi göstərilmişdir. Amma həmin qərarda belə bir konkret müddəa olmamışdır. 2007-ci ilin iyun ayının sonlarında həqiqətən Təhsil Nazirliyi filialın fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmiş və müraciətdə birincisi filialın fəaliyyətinin dayandırılması, ikincisi filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsi olmaqla iki məsələ qoyulmuşdur. Məhkəmənin məlum qərarı ilə, Təhsil Nazirliyinin birinci tələbi təmin edilmiş, filialı bitirmiş şəxslərin diplolmlarının etibarsız hesab edilməsinə dair tələb isə rədd edilmiş və göstərilmişdir ki, belə bir qərarın qəbul edilməsi vətəndaşların təhsil hüququnun pozulması demək olardı. Qeyd olunan qərar qəbul ediləndə artıq ona diplom verilmiş və məhkəmənin qərarının ona heç bir təsiri olmamışdır. Çünki, vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Son dəfə iddiaçıya xx.xx.2019-cu il tarixdə TN Akkreditasiya və nostrifikasiya idarəsindən cavab məktubu daxil olmuş və onun diplomunun tanınmasından imtina edilməklə qeydiyyatdan keçirməmişlər. İddiaçı qərardadı qanunsuz və əsassız hesab edir, belə ki, onun hazırkı tələbinə iddia müddəti tətbiq edilməməli idi. Çünki, hazırkı tələb onun Konstitusion hüquqlarının, yəni təhsil, son nəticədə əmək hüquqlarının pozulması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, işdən göründüyü kimi, iddiaçı eyni tələblə xx.xx.2009-cu il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2009-cu il tarixli H-8529/03-24 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı yenidən eyni məsələ ilə əlaqədar 2019-cu ilin mart və aprel aylarında cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli M-3637/04- ANİ nömrəli məktubla eyniməzmunlu müraciətə xx.xx.2009-cu ildə baxılaraq cavab verildiyini bildirmiş, bununla da iddiaçı 9 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM), Azərbaycan Respublikasının xx.xx.2011ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşmüş, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilən MPM-ində də nəzərdə tutulmuşdu (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər.) Adıçəkilən Məcəllənin “Məhkəməyə şikayət verilməsi üçün müddətlər” adlı 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə məhkəməyə müraciət etmə müddətləri nəzərdə tutulmuş, MPM-lər bu müddəti “şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən” və “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası bildirir ki, mübahisə açan tərəf MPM-lərin verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin 2009-cu ildə verilən imtinasına xx.xx.2011-ci il tarixdə qüvvəyə minmiş “İnzibati icraat haqqında” AR Qanununun müddəalarını tətbiq etməsini maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirsə də, həmin məhkəmənin ümumi olaraq iddianın müddətin buraxılması əsası ilə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni doğru sayır və bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar