Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1046/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11164/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanların hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddia ərizəsinin təmin olunması, ona Qarabağ müharibəsi veteranı adı və Qarabağ müharibasi veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının daimi qeydiyyat ünvanı Ağdam rayonu Qurtlar kəndinədir. Ağdam rayonundan məcburi köçkündür. Buna görədə ailəsi ilə birlikdə Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. Birinci Qarabağ müharibəsi zamanı 1990-ci ildən 1992-ci ilin mart ayınadək əsası kənd sakinlərindən təşkil olunmuş özünümüdafiə dəstəsi ilə birgə Qurtlar kəndinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, sonuncu dəfə isə Xocalı Faciəsi zamanı həmyerlilərimizin erməni quldur dəstələrinə əsir düşməməsi və mühasirədən azad olması üçün keçirilən Qaraqaya, Əsgəran rayonu istiqamətində edilən hücum əməliyyatında iştirak etmişdir. Ağdam rayonu İcra Hakimiyyəti Qasımlı ərazi dairəsi üzrə icra nümayəndəliyinin tərtib etdiyi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı üzrə adının birinci vərəq sıra nömrəsi 5-də olması barədə məlumat mövcuddur. Bu siyahıda adının olması ilə döyüş əməliyyatlarında iştirakı təsdiqlənir. Bundan sonra Birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etməyi barədə Azərbaycan Dövlət Televiziyası və TRT televiziyası arxivində olan, ARB Azərbaycan Dövlət Televiziya kanalında yayımlanmış 1992-ci ilə aid Xocalı qətliamı zamanı hücumla ələ keçirdikləri erməni Qaraqaya postundan döyüş əməliyyatlarında olmağı barədə video kadrlar mövcuddur. Bu video kadrlarda döyüş əməliyyatlarında iştirak etməyi təsdiqlənir. Əlavə olaraq, Xocalı sakinlərinin mühasirədən azad olunması üçün 1992-ci ilin fevral ayının 26-da keçirilən hücum əməliyyatında gördüyü erməni vəhşilikləri və erməni quldur dəstələrinin Xocalı sakinlərinin cəsədləri üzərində etdikləri qeyri-insani zorakılıqlardan sonra onda əsəbilik, gərginlik, yuxusuzluq və yatarkən sayıqlamalar kimi psixoloji pozuntular yaranmışdır. Bu səbəbdən müalicələr almışdır. Bu barədə Ağdam ruhi xəstəxanasının 1992-ci il tarixli arayışında Xocalı qətliamı zamanı döyüşlərdə iştitakı, psixoloji pozuntusunun olduğu və travma almağı öz təsdiqini tapır. 4 dekabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinin məzmununa görə qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə hərbi qulluqçu olmayan, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteran adı və vəsiqəsi verilə bilər. Göründüyü kimi, yerli icra hakimiyyətinin təsdiq etdiyi döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısından əlavə, döyüş əməliyyatlarında iştirakını təsdiq edən 1992-ci ilə aid videosüjet, döyüşlərdə iştirakı və döyüşlərdə aldığı psixoloji pozuntu travma haqqında 1992-ci ilə aid xəstəxana arayışı mövcuddur. Hesab edir ki, təqdim etdiyi sübutlar qanunvericiliyin tələblərinə uyğun olduğu üçün iddia tələbi təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-11164/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarı qanunsuz və ədalətsizdir, qərar ləğv olunmalı, iddia tələbi təmin olunmalı, pozulmuş hüququ bərpa olunmalıdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən, ondan asılı olmayan səbəblərdən əmək kitabçası və Xocalı hadisəsi zamanı iş yerinə məlumatlandırma haqqında verilən arayışı məhkəməyə təqdim edə bilməmişdir. Həmin arayışda Xocalı hadisəsi zamanı döyüş əməliyyatlarında iştirakı təsdiqlənir. İddiaçı Birinci Qarabağ müharibəsi zamanı 1990-cı ildən 1992-ci ilin mart ayınadək əsası kənd sakinlərindən təşkil olunmuş özünümüdafiə dəstəsi ilə birgə Qurtlar kəndinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, sonuncu dəfə isə Xocalı Faciəsi zamanı əhaləinin erməni dəstələrinə əsir düşməməsi və mühasirədən azad olması üçün keçirilən Qaraqaya, Əsgəran rayonu istiqamətində edilən hücum əməliyyatında iştirak etmişdir. Özünümüdafiə dəstələrində 2 ilə yaxın döyüşlərdə iştirak etsə də, bu günədək müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmamışdır. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərmişdir ki, İddiaçı sənədləri hüquqi əsas vermədiyinə görə ona müharibə veteranı adı və statusunun verilməsimdən imtina edilmişdir. Ağdam rayonu İcra Hakimiyyəti Qasımlı ərazi dairəsi üzrə icra nümayəndəliyinin tərtib etdiyi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı üzrə adının birinci vərəq, sıra nömrəsi 5-də olması barədə məlumat mövcuddur. Bu siyahıda adının olması ilə döyüş əməliyyatlarında iştirakı təsdiqlənir. Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etməyi barədə Azərbaycan Dövlət Televiziyası və TRT televiziyası arxivində olan, ARB Azərbaycan Dövlət TV kanalında yayınlanmış 1992-ci ilə aid Xocalı qətliamı zamanı hücum edərək döyüşlə ələ keçirdikləri erməni Qaraqaya postundan döyüş əməliyyatlarında olmağı barədə video kadrlar mövcuddur. Bu video kadrlarda döyüş əməliyyatlarında iştirak etməyi təsdiqlənir. Xosalı Faciəsi zamanı döyüş davam edərkən, xocalı sakinlərinin mühasirədən azad olunması üçün 1992-ci ilin fevral ayının 26-da keçirilən hücum əməliyyatında gördüyü erməni vəhşilikləri və erməni quldur dəstələrinin Xocalı sakinlərinin cəsədləri üzərində etdikləri qeyri-insani zorakılıqlardan sonra onda əsəbilik, gərginlik, yuxusuzluq və yatarkən sayıqlamalar kimi psixoloji pozuntular yaranmışdır. Bu səbəbdən müalicələr almışdır. Bu barədə Ağdam ruhi xəstəxanasının 1992-ci il tarixli arayışında Xocalı qətliamı zamanı döyüşlərdə iştitakı və psixoloji pozuntu, travma alması öz təsdiqini tapır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, o, iddiaçını tanıyır, onlar bir yerdə döyüşlərdə iştirak etmişlər. Onlar könüllü özünümüdafiə dəstəsində kəndin müdafiəsi üçün döyüşlərdə iştirak etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: iddiaçıya “müharibə veteranı” vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi sənədlərə aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmışdır. İddiaçı sənədləri hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən məqsədəuyğun hesab edilməmişdir (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2023-cü il tarixli 4 nömrəli protokolundan çıxarış məktuba əlavə edilmişdir). İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 05 mart 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4i üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim edilmiş müvafiq siyahıya və rəsmi məlumata əsasən Ağdam rayonu Qurdlar kənd sakini Məmmədov X3 özünümüdafiə dəstəsinin tərkibində 1988-1991-ci illərdə Qarabağ hadisələri zamanı erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Lakin həmin dövrə dair hər hansı post kitabı Ağdam rayon İcra Hakimiyyətində və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə mövcud deyildir. Həmin məktuba əlavə edilmiş ünvan 4i üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur: Qurdlar kənd sakini İddiaçı Seymur oğlu 1988-1991-ci illərdə Şelli kənd özünümüdafiə dəstəsində iştirak etmişdir. Hal-hazırda özünümüdafiə dəstəsində iştirak edən mülki şəxslərin siyahısı olan post kitabı mövcud deyil, işğal zamanı posta qalmışdır. Ona görə də özünümüdafiə dəstəsində iştirak edən şəxslər haqqında 27 mart 2021-ci ildə onların adlı siyahısı hazırlanmışdır. Həmin siyahıda Qurdlar kənd sakini İddiaçı Seymur oğlu 5-ci sırada göstərilmişdir. Həmin məktuba 27 mart 2021-ci il tarixli ünvan 4i üzrə nümayəndəliyinin 1988-1991ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısı əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993cü il, N №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin yuxarıda qeyd edilən müddəalarından görünür ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs kimi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam rayon İcra Hakimiyyəti məhkəməyə ünvanladığı məktubda ünvan 4i üzrə nümayəndəliyinin 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısında iddiaçının adının olduğunu təsdiq etsə də, qeyd olunan siyahı həmin dövrdə deyil, 27 mart 2021-ci ildə tərtib edilmişdir. Bundan başqa, qanunvericilik normalarının tələblərindən göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda, şəxsə müharibə veteranı adının verilməsi üçün əsas kimi çıxış edə bilər. Hazırki halda iddiaçının özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirakını sübut edən sübutlar (silahların təhkim edilməsi barədə əmrlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə təqdim edilə bilmədiyi halda isə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar müharibə veteranı adının verilməsi üçün əsas kimi qəbul edilə bilməz. İddiaçının istinad etdiyi fotoşəkil, video material, şahid ifadəsi, iş yeri və xəstəxana arayışları isə iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, hər bir halda şəxsin döyüş zonasında hər hansı obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin iddiaçının özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirakı məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11164/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1046/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1046/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver