Məhkəmə qərarları › İş №2-1(103)-1047/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1047/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1047/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Şəki ray., Dərəcənnət kəndində anadan olmuş, Şəki ray., Suçma ərazı dairəsi, Dərəcənnət kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5243/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.06.2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu 04.07.2014-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki,o,xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1978-1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1994-cü illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə 05.12.1978-ci il tarixli əmək kitabçasında və X5 filialı tərəfindən verilmiş 20.12.2019-cu il tarixli 1445 saylı arayışda qeydiyyat aparılmışdır. Lakin, 1978, 1979, 1980, 1982-ci illərdə kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarında iddiaçının adı və soyadında uyğunsuzluq vardır. Həmçinin, 01.01.1994-cü il tarixdən 05.12.2019-cu il tarixədək 01.01.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X1 aid bir mənzildə yaşayaraq qulluq etmiş və bu barədə 05.12.2019-cu il tarixli müayinə aktı tərtib olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan sənədlərlə X7 Xidmət Mərkəzinə müraciət etmiş, Mərkəz tərəfindən sənədlər Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Lakin, İdarə tərəfindən iddiaçının ünvanına məktub göndərilərək əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunaziddir. Belə ki, arxiv arayışına əsasən, 1978,1979,1980,1982-ci illər nəzərə alınmadan, iddiaçının 11 il tütünçü kimi güzəştli (1981,1983-1991,1993-cü illər) və 11 il 03 ay ümumi sosial sığorta stajı vardır. 01.01.1994-cü il tarixdən 05.12.2019-cu il tarixədək 01.01.1924-cü il təvəllüdlü,70 yaşdan yuxarı qoca olan doğma anası X2 ilə bir mənzildə yaşayaraq qulluq etdiyi müddət də nəzərə alınmaqla 20 ildən artıq ümumi sosial sığorta stajı yaranır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 52 yaşı tamam olduğu 04.07.2014-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 il olmaqla 25.01.2017-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5243/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. 25.01.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5243/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, iddia tələbini və apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxx 1962-ci il təvəllüdlüdür, ünvan 1i ünvanında qeydiyyatdadır. - AЗE ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 07.05.1978-ci ildə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda tütün briqadasının üzvü vəzifəsinə qəbul edilmiş, 20.05.1992-ci ildə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozuna üzv qəbul edilmiş və 05.04.1998-ci ildə işdən azad edilmişdir. -05 dekabr 2019-cu il tarixli aktdan görünür ki, Şəki şəhər İHB-nin Suçma kənd İcra Nümayəndəliyi, Şəki rayonu Suçma Bələdiyyəsinin sədri və Dərəcənnət kənd sakinləri öz imzaları ilə təsdiq etmişdirlər ki, ünvan 1 sakini İddiaçı həqiqətən doğma anası 01.01.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı ahıl yaşlı X1 01.01.1994-cü il tarixdən halhazıradək bir mənzildə yaşıyaraq qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamışdır. İddiaçı ailə həyatı qurmamış və anası ilə bir mənzildə yaşamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası X5 filialı tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli, 1445 saylı və 16 iyul 2020-ci il tarixli, 422 saylı arxiv arayışlarından görünür ki, Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İsmayılova (Ziyafət) Reyhan Heydər qızı kolxozda işlədiyi zaman əmək haqqısı və günləri aşağıdaki kimi qeyd edilmişdir: 1978-ci il - parnik, tütün (şəxsi hesab: 428; gün-169; pul -1.681,43); 1979-cu il – parnik, tütün (şəxsi hesab:419; gün – 339; pul – 1.928,39); 1980-ci il (şəxsi hesab:427, gün:287, pul -2.449,04); 1981-ci il tütün (şəxsi hesab:465, gün-210, pul – 2.038,92); 1982ci il – taxıçılıq işi, parnik (şəxsi hesab:438, gün -319,pul-5.504,06); 1983-cü il- parnik, f/t (şəxsi hesab:441; gün-297, pul – 3.849,21); 1984-cü il – parnik, f/t (şəxsi hesab:0436, gün- 229, pul – 2.609,87);1985-ci il – parnik, tütün (şəxsi hesab:0435; gün - 290, pul – 3.027,37); 1986-cı il- parnik, tütün, sair işlər ( şəxsi hesab: 0435, gün-316, pul - 1.929,58); 1987-ci il – parnik,tütün, məz (şəxsi hesab: 0434, gün – 325, pul -1.979,92); 1988-ci ilparnik, sair iş, tütün, məz (şəxsi hesab:0433; gün – 343; pul – 1.873,68); 1989- cu il – parnik, pomidor, tütün, taxıçılıq (şəxsi hesab: 0429, gün – 355, pul-1.641,29); 1990- cı ilparnik, pomidor, tütün,məz (şəxsi hesab: 0424, gün – 340, pul-12.630,30); 1991-ci ilparnik, tütün, pomidor,məz (şəxsi hesab:0806, gün – 331, pul -21.731,09) Qeyd: 1978-ci ildə İsmayılova Ziyafət H qızı, 1979-cu ildə İsmayılova Ziyafə H. Yazılıb karandaşla Reyhan yazılmış, 1980-ci ildə İddiaçı H qızı yazılıb, qara karandaşla Ziyafət qeyd olunub, 1981-ci ildə İddiaçı H qızı, 1982-ci ildə Mustafayeva Reyhan H qızı yazılıb qara karandaşla İsmayılova qeyd olunub, 1983-1991-ci illərdə isə İddiaçı qeyd edilmişdir. Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı H.qızı kolxozda işləyən zaman əmək haqqının və günləri aşağıdaki kimi qeyd edilmişdir: 1992-ci il – taxıçılıq, məz (şəxsi hesab:37, gün – 20, pul – 10543); 1993-cü il – kartof, pomidor, tütün, sair iş, taxılçılıq (şəxsi hesab: 38, gün -317, pul -200635), 1994-cü il – parnik (şəxsi hesab: 160, gün -28, pul -600) - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 07 may 2020-ci il tarixli ********** saylı məktubundan görünür ki,05 avqust 1978-ci il tarixli, AЗE ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 07.05.1978-05.04.1998-ci il tarixləri arasındaki dövr ərzində Şəki rayonu M.F.Axundov və Dərəcənnət kolxozunda işlədiyi müxtəlif vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrarsənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına görə 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajı mövcud deyildir. Belə ki, hazırkı iş üzrə cavabdeh iddiaçının 07.05.1978-05.04.1998-ci il tarixləri arasındaki dövr ərzində Şəki rayonu M.F.Axundov və Dərəcənnət Kolxozunda işlədiyi müddəti mübahisələdirmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının əmək kitabçasında yalnız 07.05.1978- 20.05.1992-ci ilə qədər Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda və Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütün briqadasında üzv olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası X5 filialı tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli, 125 saylı məktubda iddiaçının 1978-1991-ci illəri əhatə edən dövrdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozunda, 1992-1994-cü illəri əhatə edən dövrlər ərzində isə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, göstərilən arayışda və iddiaçının əmək kitabçasında onun kolxozda işlədiyi dövrlər arasında fərqliliklər mövcuddur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan 01.01.1994-cü il tarixdən 05.12.2019-cu il tarixədək 01.01.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X1 aid bir mənzildə yaşayaraq qulluq etməsi və bu barədə 05.12.2019-cu il tarixli müayinə aktı tərtib olunması ilə bağlı aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Məhkəmə kollegiyası qeyd edir göstərilən hüququnun yaranması üçün iddiaçı : - 1. bu hüququ əldə edən şəxs ahıl şəxsə (70 yaşdan yuxarı şəxsə) qulluq etməli; - 2. qulluğun faktiki həyata keçirilməsi və müddəti barədə müayinə aktı tərtib olunmalı; - 3. müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının yaxud Fondun nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunmalıdır. İşin apellyasiya icraatı zamanı iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş müayinə aktının təqdim edilməsi təklif edilsə də, iddia tərəfindən qeyd edilən akt məhkəməyə təqdim edilməmişdir. İddiaçı 09.09.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin iştirakı ilə yeni müayinə aktının tərtib olunmasının bilavasitə inzibati orqanın vəzifə səlahiyyətlərinə aid olduğunu və orqan tərəfindən tərtib edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən formaya uyğun tərtib edilmiş müayinə aktı iş materiallarında mövcud olmadığından iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar