Məhkəmə qərarları › İş №2-1(103)-1047/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1047/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1047/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10446/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1133 saylı sərəncamı ilə Göradil BTK 75 Nəzdində olan X5 istifadəsinə verilən 33 nömrəli orderlə qeydiyyata alınan 1171 kv.m torpaq sahəsi olan 273 “j” saylı bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "...Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X10 bağlar sahəsindəki 75 nömrəli kooperativin nəzdində 33 nömrəli orderlə X3nın adına Bakı şəhər İcraiyyə Komitəsinin 11 avqust 1992-ci il tarixli 1133 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0.12 ha .ölçüdə 273 “j” nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının B-105/4-112/4-1/3 saylı 15 dekabr 2021-ci il tarixli arxiv arayışına əsasən “...Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı, bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci i ltarixli 42 nömrəli protokolu vardır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən X7 Göradil ərazisində 75 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır...” X3 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri 11 saylı notariat kontorunda vərəsəlik açılmış və Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən 273 “j” saylı 0.12 sot ölçülü bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə ərizə ünvanlanmışdır. Cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixli **********14 nömrəli imtina bildirişi verilərək bildirilmişdir ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, elektron kadastr məlumatlarına əsasən digər bağların ərazisidir və göstərilən bağ sahəsinə dair digər şəxsin müraciəti mövcuddur, həmçinin sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1171 kv.m təşkil edir...” Cavabdeh iddia ərizəsinə dair etirazında imtina bildirişinə uğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10446/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən ölçüsü 1171 kv.m təşkil edən 273 j saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X7) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Elektron kadastr məlumatına əsasən qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların (270 saylı bağ sahələrinin indekslərinin) ərazisidir və göstərilən bağ sahəsinə dair digər şəxsin (X9) müraciəti mövcuddur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sərəncamın arxiv arayışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmamaması ilə bağlı araşdırma aparılmamışdır.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova mübahisəli torpaq sahəsinin hər iki ərizəçi tərəfindən göstərildiyini, lakin bağların nömrələrinin fərqli olduğunu bildirərək, məhkəmənin şifahi göstərişinə uyğun olaraq idarə tərəfindən sözügedən vətəndaşa verilmiş cavab məktublarını təqdim edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil isə bağ sahəsinin bir neçə ildir ki iddiaçıda olduğunu, digər şəxsin onlara qarşı heç bir iddiasının olmadığını, idarənin cavab məktublarından da bunun açıq göründüyünü vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dpaşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması üçün əsasdır. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair ölmüş şəxsin adına Qanunun qeyd olunan normasında təsbit olunan hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, işdə olan sənədlərə, o cümlədən məhkəmə sorğularına alınmış cavab məktublarına əsasən aşağıdakılar müəyyən edilir:

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamında (çıxarışında) qeyd olunur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən: 2.33. X7 – Göradil ərazisində 75 №-li BTK nəzində bağ sahəsi ayrılsın;

2. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X10 bağlar sahəsindəki 75 nömrəli kooperativ tərəfindən verilmiş 33 nömrəli orderdə isə qeyd olunur ki, X7 Bakı şəhər İcraiyyə Komitəsinin 11 avqust 1992-ci il tarixli 1133 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan “273 j” nömrəli bağ sahəsi ayrılıb. Təqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, X5 adına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan normasına müvafiq olaraq ona Göradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan “273 j” nömrəli bağ sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş 75 nömrəli BTK tərəfindən verilmiş 33 nömrəli order (arxiv nüsxələri) mövcuddur və adıçəkilən sərəncamda bağ sahəsinin ölçüsü göstərilməsə də həmin sərəncam əsasında verilmiş orderdə bağ sahəsinin ölçüsünün 0,12 ha olduğu təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də həmin sənədlər tədqiq olunaraq qiymət verilmişdir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin həmin bağ sahəsinin torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmamaması ilə bağlı araşdırma aparılmadığını, sərəncamda bağ sahəsinin ölsçüsünün göstərilmədiyini mübahisənədirən dəlillri əsassızdır. Həmçinin, işə əlavə olunmuş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2021ci il tarixdə verilmiş ölüm haqqında şəhajdətnaməyə və Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli XK-1230 nömrəli məktubuna əsasən müəyyən olunur ki, tədqiq olunan sənədlərə əsasən mübahisəli bağın sahibi Bədir-zadə Zeynəb Rza qızı 27.10.998-ci il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi X8, yəni hazırkı iddiaçının ərizəsinə əsasən notarius tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur və bu hallar işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Beləliklə də, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayış verilməsini zəruri edən bütün faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətinin həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların ərazisi olduğunu və göstərilən bağ sahəsinə dair digər şəxsin (X9) müraciətinin mövcud olduğunu mübahisələndirən dəlillərinə gəldikdə, həmin dəlilləri əsassızdır. Belə ki, hazırkı mərhələdə məhkəmənin şifahi göstərişinə əsasən cavabdeh tərəfin təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, adıçəkilən, başqa şəxs X9 ilə X4 və İstismarı Birliyi arasında, ona “Göradil bağlar massivində 0,12 ha ölçüdə 257e saylı bağ sahəsi ayrılmasına dair” 36729 nömrəli icarə müqaviləsi mövcud olmuş, lakin cavabdeh orqanının həmin şəxsin sözügedən bağ sahəsinə hüququnun qeydə alınmasna dair xx.xx.2020-ci il tarixli ərizəsinə baxılaraq ona göndərilən cavab məktubunda bildirilmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-933/15 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən etibarsız hesab edilmiş və həmin bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Konkret halda, mübahisəli 273 saylı bağ sahəsi faktiki olaraq iddiaçının sahibliyindədir və ona qarşı həmin bağ sahəsi ilə bağlı, həmin şəxs tərəfindən hər hansı mübahisəsinin mövcud olduğu müəyyən olunmur. Həmin bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyinə gəldikdə, işdən görünür ki, 75 No-li BTK 18.051989-cu il tarixdə yaradılmışdır Bağların bölgü siyahısı və sxemi də məhz, həmin dövrə aiddir və sonrakı dəyişikliklər arxivdə mövcud deyil. Mərhuma sonradan, 1992-ci ildə ayrıca, həmin BTK nəzdiində 273j saylı bağ sahəsinin ayrılması barədə sərəncam verilmiş, həmin sərəncam əsasında da ona order təqdim olunmuşdur. Odur ki, sözügedən bağların bölgü sxemində həmin bağın qeyd olunmaması iddiaçının təqsirinə yozula və onun hüquqlarını məhdudlaşdıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıya həmin bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayışın verilməsindən imtina olunmasının əsassız olduğu və onun hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10446/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10446/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar