Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1048/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs olduğu mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5521/2020 saylı qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5521/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, X1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim A.Hüseynov). Həmin qərardan narazı qalan cavabdeh və 3-cü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs olduğu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1988-ci ildən 05.03.1993cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 05.03.1993-cü il tarixdən 23.12.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və Müdafiə Nazirinin 23.11.2016-cı il tarixli 0814 saylı əmri ilə ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” AR Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına əsasən hüququnun olmasına baxmayaraq o, mənzillə təmin olunmamışdır. Belə ki, iddiaçı 23 il 09 ay 18 gün AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmət dövrü müxtəlif medallar ilə, o cümlədən 20 ildən çox qüsursuz xidmət etdiyinə görə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuş, himayəsində 2 uşağı var, onlardan biri 1-ci qrup əlildir, Silahlı Qüvvələr veteranıdır. İddiaçı AR Prezidentinin 569 №- li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməyi barədə qərar qəbul edilməsi xahişi ilə 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavablandırılmamış və iddiaçı bunu imtina kimi qiymətləndirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh - AR Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “AR Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri bardə” AR Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə AR Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İddiaçı Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Məlum olur ki, iddiaçının xidməti qüsurlu olmuşdur. Odur ki, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. 3-cü şəxs – AR Maliyyə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “AR Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri bardə” AR Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə AR Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İddiaçı sözügedən Fərmanda nəzərdə tutulan şəxslərin kateqoriyasına bərabər tutula bilməz, ona görə ki, məhkumluğun olması iddiaçının 20 il ərzində hərbi xidmətin qüsursuz xidmətinin hesab edilməsini istisna edir. Odur ki, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən o, 1988-ci ildən hərbi xidmətə başlamış, 27.12.2014-cü il tarixdə ona polkovnikleytenant hərbi rütbəsi verilmiş, 23.11.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı 24.06.2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, 17.11.2016-cı il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 14.08.2020-ci il tarixdə verilmiş M/V 088045 №-li vəsiqəyə əsasən, İddiaçı müharibə veteranı statusuna malikdir. Elektron hökümət portalından əldə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçının övladı – 19.07.1995-ci il təvəllüdlü X3 18.06.2019-cü ul tarixdə ağır kəmağıllıq, kəskin nəzərə çarpan imbesillik, kobud nitq və davranış pozuntusu diaqnozu ilə birinci dərəcəli əlildir. Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli 1(093)-221/2015 nömrəli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5.000 manat cərimə cəzasına məhkum edilmişdir. Xətai Rayon İcra Şöbəsinin amnistiya aktının tətbiq edilməsi barədə 28.06.2016-cı il tarixli qərarına əsasən, “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli qərarının 5.2-ci bəndi (əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər) tətbiq edilməklə İddiaçı Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir. Daxili İşlər Nazirliyinin 14.08.2020-ci il tarixli İ9633 nömrəli arayışına əsasən, xx.xx.1971-ci il tarixdə Gürcüstan, Marneuli rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İddiaçı 31.01.2020-ci il tarixdə mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməyi barədə Müdafiə və Maliyyə nazirliklərinə müraciət etmişdir. Maliyyə Nazirliyi tərəfindən 12.02.2020-ci il tarixli 11/05-27-926 nömrəli məktubla həmin müraciət aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərilmiş və müraciətə baxılmasının nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına 2-ci hissəsinə əsasən yaradılmış Komissiyaya məlumat verilməsi xahiş olunmuşdur. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 984 nömrəli, 07.05.2020-ci il tarixli məktubda iddiaçının adının Azərbaycan ordusunda həqiqi hərbi xidmət dövrü ərzində məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına 2-ci hissəsinə əsasən yaradılmış müvafiq komissiyaya təqdim ediləcəyi və komissiya tərəfindən qərar qəbul edildikdə nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 1988-ci il tarixdən 23.11.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun da adının daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçının törətmiş olduğu cinayət əməli ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əsasında onun hərbi xidmətini və hərbçi keyfiyyətlərini dəyərləndirmək qəbuledilməzdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Müdafiə Nazirliyinin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən İddiaçı 17.11.2016-cı il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunması ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Göründüyü kimi qanunverici istinad olunan medalla silahlı birləşmələrdə 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların təltif oluna biləcəyini qeyd etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ6 nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsində qeyd olunub ki, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnu qüsursuz xidmət etmiş hərbi qulluqçulara vermişdir. İş üzrə müəyyən edilir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman İddiaçı Xətai rayon SHXÇİ rəisi tərəfindən hərbi geyim formasını daşımaq hüququ verilmişdir. Beləliklə də, iddiaçı 1988-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 23.11.2016-cı ildən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Xidmət illəri ərzində bir dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmuş, həmin cəzadan da amnistiya aktı ilə azad edilmiş, həmçinin məhkum olunduqdan sonra da iddiaçı xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür ki, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirildiyindən, cavabdeh, iddiaçının adının mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5521/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1048/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1048/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver