Məhkəmə qərarları › İş №2-1(103)-1048/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1048/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1048/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv. m olan 2125 A nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,1040 ha olan 2125 A nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.metr olan, 2125 A saylı bağ sahəsi ona verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-ci il tarixli məktubla bildirilmişdir ki, ünvanında və doğum tarixində fərq var, orderin arxiv nüsxəsi aşkar edilməmiş, 2125 A saylıl bağa dair digər şəxsin adına məlumat mövcuddur, sənəd üzrə 0.12 ha olsada faktiki olaraq 0.1040 ha təşkil edir bu səbəblərdən ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, bağ sahəsinə dair bu günə qədər heç bir mübahisə yoxdur, azalmayada etirazı yoxdur, 0.1040 ha kimi qeydiyyata alınmasına etiraz etmir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun bağ sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində 133 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, hüquq sahibinin ünvanı ünvan 2 yaşayan hüquq sahibi İddiaçı təvəllüdü arxivdə olan 1980-ci il tarixli arayışda 1937-ci il qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən etibarnamədə isə İddiaçı təvəllüdü 1958-ci il kimi qeyd edilmişdir. Bundan başqa, təqdim edilmiş orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, Ləhiş bağ massivində “2125 a” saylı bağa dair digər şəxsin adına məlumat mövcuddur və həmin şəxsin İdarəyə müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi digər 2124 saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin yaxınlığından (3 metr) orta təzyiqli qaz xətti keçir. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin ümumi ölçüsünün 0.1040 ha olduğu məlum olmuşdur və torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən etirazda qeyd olunan dəlillərdən ibarət olmuş, əlavə hər hansı fərqli dəlil irəli sürülməmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48- 2F/2-Ə-03837/2023 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhər X1 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahələriin verilməsi (Birliyinin komissiyasının bağ məsələlərinə baxılması haqda yığıncağın protokoli № 12 “22” noyabr 1989-cu ildən) xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarından çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 №-li və Bakı Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarlarına əsasən Bakı şəhər X1 İcraiyyə Komitəsinin qərarı ilə 133 №-li BTK-dən 50 nəfərə bağ-torpaq sahələrinin ayrılması və bu bağ-tikinti kooperativlərinin tərkibinin təsdiq olunması qərara alınmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/159 №li qərarına əsasən 10 №li əlavəsində müəyyən olunmuş Ləhic 133 №li bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq olunmuşdur: -6. İddiaçı Bakı şəh. 8-ci mikr. Binəqəıdi şossesi, 20, mən. 32. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 133 №li Bağ Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş 6 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 133 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2125 a №li bağ sahəsi ayrılmışdır. Birinci instansiya məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********29 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125 A saylı bağ sahəsinə dair sənəd, eləcə də həmin bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarı ilə 133 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adı göstərilmişdir. Həmin BTKnın yerləşmə sxemində 2125 a saylı bağ sahəsi öz əksini tapmamışdır. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125 A saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha və faktiki olaraq 0,1040 ha təşkil edir. Bağ sahəsinin sərhədləri şərtidir. Döngə nöqtələrinə 1 ədəd mişar daşı qoyulmuşdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümükn olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 23457/2024 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində 133 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, hüquq sahibinin ünvanı ünvan 3aşayan hüquq sahibi İddiaçı təvəllüdü arxivdə olan 1980-ci il tarixli arayışda 1937-ci il qeyd edilmişdir. Təqdim edilən etibarnamədə isə İddiaçı təvəllüdü 1958-ci il kimi qeyd edilmişdir. Bundan başqa, təqdim edilmiş orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, Ləhiş bağ massivində “2125 a” saylı bağa dair digər şəxsin adına məlumat mövcuddur. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi digər nömrəli bağın və bölünənlərinin ərazisinə düşür. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha, faktiki isə 0,1040 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırki mərhələdə iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 133 №-li kooperativi tərəfindən verilmiş order aidiyyəti orqanların arxivində aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Eyni zamanda qeyd edilməlidir ki, həmin hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, hüquqmüəyyənedici sənədlərin arxivdə saxlanılması iddiaçının vəzifə səlahiyyətlərinə aid deyildir. Bundan əlavə, sənədin əsli də cavabdehə təqdim edilmişdir ki, onun mötəbərliyini şühbə altına alan hər hansı hal da aşkar edilməmiş, imtina arxivdə orderin olmaması ilə əlaqədar olmuşdur. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi order aidiyyəti qurumların arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan və orderdə istinad olunan Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı mövcuddur. Belə ki, iddiaçının müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48-2F/2-Ə-03837/2023 saylı məktubu ilə Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989- cu il tarixli, 14/519 №-li qərarı təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 133 №li Kooperativinə aid 6 saylı orderdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 2125A nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, bağ sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az təşkil etməsi isə iddiaçının hazırki mərhələdə bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 0,12 ha təşkil etsə də, onun istifadəsində olan bağ sahəsinin ölçüsü 0,1040 ha təşkil etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək bağ sahəsinin məhz 0,1040 ha hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. ..... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Kollegiya qeyd edir ki, iddia tələbinin əsaslı olması, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,1040 ha olan 2125 A nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması və cavabdehin həmin hüququn qeydiyyata alınmasından imtinasının qanunsuz və əsassız olması birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma və iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilən etirazda öz əksini tapdığından və birinci instansiya məhkəməsi tərəfindən bütün imtina əsaslarına hüquqi qiymıt verildiyindən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya apelyasiya şikayətinin dəlillərinə ayrı-ayrılqda qiymət verilməsinə zərurət görmür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar