Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1050/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi Məmmədov Absalam Mömin oğlunun iştirakı ilə, X2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinə qarşı bağ torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin müddətinin uzadılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3055/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 cavabdeh Bakı şəhər Sabunçu rayonu Pirşağı bələdiyyəsinə (bundan sonra Pirşağı bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciəti əsasında müvafiq inzibati aktın qəbul edilməməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 ş/k saylı bağ sahəsi və həmin qəsəbədə yerləşən 0.11 ha olan555 V saylı bağ sahəsinə dair onunla Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsi arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 1685 saylı və xx.xx.2009-cu il tarixli, 1693 saylı icarə müqavilələrinin müddətinin uzadılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 ş/k saylı bağ sahəsinin icarəyə verilməsi barədə Pirşağı bələdiyyəsi ilə bağladığı xx.xx.2009-cu il tarixli, 1685 saylı və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 V saylı bağ sahəsinin icarəyə verilməsi barədə xx.xx.2009-cu il tarixli, 1693 saylı icarə müqavilələrinin müddətinin uzadılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 ş/k saylı bağ sahəsi və həmin qəsəbədə yerləşən 0.11 ha olan 555 V saylı bağ sahəsinə dair onunla Pirşağı bələdiyyəsi arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 1685 saylı və xx.xx.2009-cu il tarixli, 1693 saylı icarə müqavilələri əsasında 5 il müddətinə iddiaçının icarəsinə verilmiş, həmin bağ sahələri üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına çıxarışlar verilmişdir. Həmin icarə müqavilələrinin müddətinin 2014-cü il tarixdə bitməsinə baxmayaraq, sözügedən torpaq sahəsi iddiaçı tərəfindən təyinatına uyğun olaraq istifadə edilir və bununla bağlı icarə haqları iddiaçı tərəfindən bələdiyyə büdcəsinə ödənilir. İddiaçı qeyd edilən torpaq sahələrinin müddətinin uzadılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, Pirşağı bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2008-ci ildə edilmiş dəyişikliyə uyğun olaraq icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə uzadıla bilər. Bundan əlavə Pirşağı bələdiyyəsində bələdiyyə mülkiyyətini təsdiq edən xəritələr, aktlar, elektron kadastr planının və şəhadətnaməsinin olmamasına görə müraciətə baxılması mümkün deyildir. Cavabdeh orqan iddia tələbinə dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2008-ci il tarixli, 709-İİİQD nömrəli “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının qanununun 11-ci hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadıla bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3055/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 ş/k saylı bağ sahəsinin icarəyə verilməsi barədə Talebpourazad Mohammad ilə Pirşağı bələdiyyəsi arasında bağlanmış xx.xx.2009cu il tarixli, 1685 saylı və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.11 ha olan 555 V saylı bağ sahəsinin icarəyə verilməsi barədə xx.xx.2009-cu il tarixli, 1693 saylı icarə müqavilələrinin müddətinin uzadılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Sabunçu rayon Pirşağı bələdiyyəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə dair verdiyi etiraza uyğun əsaslandırıb birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsi ilə Talebpourazad Mohammad arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli, 1685 nömrəli icarə müqaviləsi ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.11 ha sahədən ibarət 555 ş/k saylı bağ sahəsi və xx xxxxx 2009-cu il tarixli, 1693 nömrəli icarə müqaviləsi ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.11 ha sahədən ibarət 555 V saylı bağ sahəsi 5 (beş) il müddətinə Talebpourazad Mohammadın icarəsinə verilmiş və hər iki icarə müqaviləsi üzrə hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı onunla bağlanmış icarə müqavilələrinin müddətinin uzadılması barədə Pirşağı bələdiyyəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2017-ci il tarixli imtina məktubu ilə ona xx xxxxxxx 2008-ci il tarixli, 709-İİİQD nömrəli “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının qanununun 11-ci hissəsinə əsasən icarə müqaviləsinin müddətinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadıla biləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahələrinin uzun müddət ərzində iddiaçı tərəfindən təyinatına uyğun olaraq qanuni əsaslarla və faktiki olaraq istifadə etdiyini əsas kimi göstərərək cavabdeh orqan tərəfindən iddiaçının sosial ehtiyacları və digər halların nəzərə alınmadan ərizəsinin icrasından imtina etməkdə haqlı olmadığı qənaətinə gəlib iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 6.11-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi, uzadılması, ləğv edilməsi və s. şərtləri tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2008-ci il tarixli Qanunun İX hissəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müddətin uzadılması barədə inzibati aktın qəbul edilməsini tələb etdiyi 1685 saylı müqavilə xx.xx.2009-cu ildə, 1693 saylı müqavilə isə xx.xx.2009-cu ildə bağlanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələrin əsli və notarial qaydada təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilməmişdir. İddiaçı həmin müqavilələrdə müqavilə müddətinin uzadılması ilə bağlı hər hansı şərtin mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.Əksinə iş materiallarına əlavə edilmiş çıxarışların surətlərindən görünür ki, iddiaçının həmin torpaqlardan istifadə müddəti 5 (beş) il olmuş və bu hüquqa müvafiq olaraq xx.xx.2014-cü ildə və xx.xx.2014-cü ildə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqanın üzərinə icarə müqaviləsinin müddətinin uzadılmasına dair inzibati aktın qəbul edilməsinə dair öhdəlik qoyulsa da, qanunvericiliyin tələblərinə əsasən cavabdeh orqanın müqavilə müddətinin uzadılması barədə hər hansı səlahiyyətinin olmadığı, müqavilə müddətinin yalnız müqavilədə nəzərdə tutulduğu halda və ya açıq torpaq hərracları və müsabiqələri vasitəsilə uzadıla biləcəyi nəzərə alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının pozuntusuna yol verməklə, səhv qərar qəbul etmişdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3055/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. X2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinə qarşı bağ torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin müddətinin uzadılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1050/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1050/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver