Məhkəmə qərarları › İş №2-1(103)-1050/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1050/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1050/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “bağ sahəsinin naturada ona təhkim olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-1566/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.06 ha ölçüdə, JN – 22685D, KOD 00600036 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan bağ sahəsinin sərhədlərinin yerdə (naturada) ona təhkim olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (imtinasının) qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 18.11.1988-ci il tarixli, 11/625 saylı qərarı və Bakı Baş tikinti İdarəsi SİB-in “Savalan” bağçılıq yoldaşlığının 25.08.1996-cı il tarixli, 05 saylı protokolu ilə 0,12 ha torpaq sahəsində yerləşən 17/86- 2346 b saylı bağ sahəsi ona ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyinin “Hövsan ərazisindəki 17/86/2346 b nömrəli bağın istifadəyə verilməsi haqqında” 32360 nömrəli müqaviləsinə əsasən 0,12 hektar ölçüdə bağa dair onunla müqavilə bağlanmışdır. Göstərilən əraziyə dair torpağın mülkiyyətə verilməsinə dair ona 18.05.2005-ci il tarixdə, JN-21369D, KOD 00600036 saylı şəhadətnamə də verilmişdir. Həmin bağ sahəsinə dair X6 və İstismarı Birliyi tərəfindən torpaq sahəsinin planı da tərtib edilərək təsdiq edilmişdir. 16.06.2005-ci il tarixli müqaviləyə əsasən ona məxsus Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şöbəsi tərəfindən 09.06.2005-ci il tarixdə verilmiş 9108 nömrəli arayışa əsasən Hövsan bağ massivində yerləşən 17/86-2346 b saylı 1200 kv.m bağ sahəsinin 600 kv.metrini X5na bağışlamışdır və digər 600 kv.m sahə isə onun mülkiyyətində qalmışdır. Həmin bu bağışlama müqaviləsi Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda 16.06.2005-ci il tarixdə 4Ə-2-306 saylı reyestrlə rəsmiləşdirilərək təsdiq olunmuşdur. X5 onun bağışladığı bağ sahəsinə dair 07.07.2005-ci il tarixdə, JN- 22684D KOD 00600036 saylı torpağın mülkiyyətə verilməsinə dair öz adına şəhadətnamə almışdır. Həmçinin o, da yerdə qalan 0,06 ha bağ sahəsinə dair 07.07.2005-ci il tarixli, JN- 22685D KOD 00600036 saylı torpağın mülkiyyətə verilməsinə dair öz adına şəhadətnamə almışdır. Bacısı X1 onun ona bağışladığı bağ sahəsi üzərində bağ evi inşa edərək həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən 08.12.2007-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış da almışdır. Sözügedən əmlak Çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15243 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ona məxsus olan bağ sahəsi ilə əlaqədar daxilində müəyyən narahatçılıqlar olduğundan torpaq sahəsinin ona rəsmi qaydada təhkim olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə 08.07.2019-cu il tarixli məktubla müraciət etmişdir. Torpaq sahəsi 2005-ci ildən daş hasar daxilindədir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi ona bağ sahəni yerində təhkim etmək əvəzinə heç bir məntiqə sığmayan cavab verməklə müraciətinə baxılmasından imtina etmişdir. Cavabdehin 15.08.2019-cu il tarixli, **********09 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 17/86-2346 saylı sahədə yerləşən torpaq sahəsinin sənədlərində və faktiki vəziyyətində uyğunsuzluqların araşdırılması ilə bağlı 15.07.2019-cu il tarixli, ********* nömrəli ərizəsinə baxılaraq bildirilir ki, sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı və şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin sözügedən məktubu qanunuz və əsassızdır. Belə ki, ilk öncə onun ərizəsinin tarixi 15.07.2019- cu il deyil, 08.07.2019-cu il tarixlidir. Daha sonra isə, onun müraciəti Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 17/86-2346 saylı sahədə yerləşən torpaq sahəsinin sənədlərində və faktiki vəziyyətində uyğunsuzluqların araşdırılması ilə bağlı deyil, sözügedən bağ sahəsinin ona naturada təhkim olunması ilə bağlı olmuşdur. “Sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı” dedikdə reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi hansı kadastr planı ilə və bu üst-üstə düşmənin nədən ibarət olmasını qeyd etməmişdir. “şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır” cümləsinin onun bağının naturada ona təhkim olunması ilə bağlı işlərinə nə aidiyyatının olmasını da, əsaslandırmayıb. Çünki, o, bağ sahəsinə dair dövlət reyestrində qeydiyyat istəməmişdir. Bundan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilməli olduğu halda, o, ərizə və lazımi sənədlərlə cavabdeh orqana müraciət etdikdən günlər sonra belə ona hər hansı bildiriş göndərilməmişdir. Ona ümumi qaydada müraciətinə baxılaraq 20 gün sonra imtina məktubu göndərilmişdir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, onun müraciətinə imtina verilməyi də, qanunsuzdur. O, qeydiyyat istəmədiyi halda məktubda məhkəmə mübahisəsinin olması halının vurğulanması da qanuni deyildir. Çünki, həmin məhkəmə mübahisənin onun hazırki müraciətinə heç bir aidiyyatı yoxdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.06 ha ölçüdə JN- 22685D, KOD 00600036 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan bağ sahəsinin sərhədlərinin yerdə (naturada) ona tanıdılmasıtəhkim olunması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi və cavabdehlərin hərəkətlərinin (imtinalarının) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1566/2020 saylı, 10.06.2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-1566/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə məhkəmə cavabdeh orqanların qanunla müəyyən edilmiş müddətdən kənara çıxaraq ona imtina etmələrinə qərardadda münasibət bildirməmişdir. Həmçinin, məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinin 15.08.2019-cu il tarixli, **********09 nömrəli məktubunda göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 17/86-2346 saylı sahədə yerləşən torpaq sahəsinin sənədlərində və faktiki vəziyyətində olan uyğunsuzluqların araşdırılması ilə bağlı 15.07.2019-cu il tarixli ********* nömrəli ərizəsinə baxarkən sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halının olması barədə imtinasını nəzərə almamışdır. İmtinadan da görünür ki, Bakı şəhər Ərazi İdarəsi onun torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halını bildirməklə ona məxsus olan toprağın kiminsə ərazisi olmasını qeyd etmişdir. Belə olan halda onun iddiası qanuni və əsaslı olub, iddiasının qanuni və əsaslı olması ona məxsus lopraq sahəsinin üzərində ona qarşı iddia olduğu halda subyektiv hüququnun yaranmasına gətirib çıxarır. Bundan başqa Bakı Ərazi idarəsindən topraq sahəsinin dövlət reyestrində qeydiyyatını istəməmişdir. Əgər o torpaq sahəsinə dair çıxarış istəsə idi, İdarənin bu əsasla yəni məhkəmə mübahisəsi olması əsası ilə imtinası qanuni olardı. Lakin cavabdehlərin onun qonşusu ilə aralarında məhkəmə mübahisəsi olması əsası ilə topraq sahəsinin sərhədlərinin müəyyən edilməsi əsasından imtina etməsi tam qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən Hövsan bağ massivində yerləşən, 17/86-2346 “b” saylı bağ sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair JN-22685D, KOD 00600036 nömrəli, 07.07.2005-ci il tarixli “torpağın mülkiyyətə verilməsinə dair” iddiaçının adına şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü də, təsdiq edilmişdir. Həmin şəhadətnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə hasara alınmış bağ-torpaq sahəsi eynidir, sözügedən bağ sahəsi naturada ayrılaraq ona təhvil verilib, hazırda iddiaçının faktiki istifadəsində və mülkiyyətindədir, bağ sahəsi hasar daxilindədir, döngə nöqtələri bəllidir. İddiaçı hazırki tələblə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 15.08.2019-cu il tarixli, **********09 nömrəli məktubla onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı və şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizənin icrası tərəflərindən mümkün olmamışdır. X4 14 sentyabr 2020-ci il tarixli, 284 nömrəli ekspert rəyinə əsasən Mürsəlova (İbrahimova) Turanə Mədət qızına JN-22685D nömrəli (KOD ********) şəhadətnamə əsasında məxsus olan torpaq sahəsi ilə hasara alınmış bağ torpaq sahəsinin eyni olması, Mürsəlova (İbrahimova) Turanə Mədət qızının hasara aldığı 0.06 ha bağ torpaq sahəsinin hər hansı hissəsindən ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmamış və bununla da, İddiaçı hasara aldığı torpaq sahəsi ilə gediş-gəliş yolunun zəbt olunmaması (bağlanmaması), Mürsəlova (İbrahimova) Turanə Mədət qızının istifadəsində olan (JN- 21369 D, Kod 00600036 saylı şəhadətnamə ilə 0.12 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsini X5na bağışlamışdır) üzərində tikili olmayan və naturada hasara alınmış torpaq sahəsi 0.0657 ha (657 kv.m) təşkil edir və torpağın artıq 57 kv.m hissəsi bağın giriş-çıxış qapısı olan darvaza tərəfdən mövcud yola düşür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağ sahəsinin bölgü sxemi və ya plancizgisi bağ sahəsinin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır və əgər bağ sahəsinin yerini müəyyən etmək mümkün deyildirsə, o halda, mərzçəkmə qaydasında torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün iddia verilə bilər. Lakin, iddiaçıya ayrılmış bağ sahəsi naturada ayrılaraq ona təhvil verilib və onun faktiki istifadəsində və mülkiyyətindədir, döngə nöqtələri bəllidir. İddiaçının naturada ona təhkim olunmasını tələb etdiyi bağ sahəsi hazırda iddiaçının faktiki istifadəsində və mülkiyyətində olduğundan, eyni zamanda bağ sahəsinin hasar daxilində yerləşməklə döngə nöqtələri məlum olduğundan iddiaçının hansı hüquqlarının pozulduğu iş materialları ilə müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı hazırki iddia üzrə müəyyən edilmədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin iddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddiaya olduğu kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-1566/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar