Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1050/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13352/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehəhəvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… xx.xx.2020-ci il tarixdə başlamış Vətən Müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Kəlbəcər rayon İdarəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində “snayper müşahidəçi” vəzifəsində Füzuli, Xocavənd istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatları zamanı xəsarət almış, müalicə almamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 246 №-li əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, xx.xx.2023-cü il tarixdə M/V seriyalı 113346 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. Döyüş əməliyyatlarında aldığı travmaya görə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Sabunçu tibb mərkəzində generalizə olunmuş təşviş pozuntusu (F41.1) diaqnozu xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 2 nömrəli X1 uzun gedişli posttravmatik stress pozuntusu (F43.1), generalizə olunmuş təşviş pozuntusu (F41.1) diaqnozları, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında posttravmatik stress pozğunluğu (F43.1) diaqnozu ilə müalicələr almışdır. Müdafiə Nazirliyinin hərbi-həkim komissiyası tərəfindən təkrarən şəhadətləndirilərək ona xx.xx.2022-ci il tarixli 11285 №-li xəstəlik haqqında şəhadətnamə ilə onun aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi şəhadətləndirilmişdir. H00075570FZF nömrəli Forma 88 arayışında onun əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, imtina barədə məlumat xx.xx.2023-cü il tarixdə isə ona SMS vasitəsi ilə istifadəsində olan telefon nömrəsinə məlumat göndərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cüi il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Uzun gedişli posttravmatik stress pozuntusu. Generalizə olunmuş təşviş pozuntusu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13352/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» Apellyasiyanın hazırkı mərhələsində, məhkəmənin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçı əyani müayinə olunmaqla, onun əlillik vəziyyətinin qüvvədə olan meyarlara müvafiq yenidən qimətləndirilməsi üçün cavabdehə 35 gün müddət təyin olunmuş, Agentliyin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş ekspert komissiyasının 05 aprel 2024-cü il tarixli qərarından aydın olmuşdur ki, həkim-ekspertlər tərəfindən qiymətləndirmə zamanı, qüvvədə olan meyarlara müvafiq olaraq “diaqnozun təsdiqlənmədiyi barədə” qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən İİ Qara müharibəsi zamanı döyüş əməliyyatlarında yaralanmış iddiaçının aldığı xəsarət şəhadətləndirilərək ona xx.xx.2023cü il tarixli 4063 №-li xəstəlik haqqında şəhadətnamə təqdim olunmuşdur. Həmin şəhadətnamədə onun aldığı xəsarət aşağıdakı kimi xarkterizə olunur: “...Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbbə əlaqəsi haqqında hhk-nın qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrısı. Çoxsaylı fəsadlaşmış kariyes. 13. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 17b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründəə məhdud yararlıdır. 14. Bir nəfər müşayiətçiyə zərurət var(ğ.12). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11285 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin (b.13). İşdən həmçinin görünür ki, xx.xx.2023-cü il H00075570FZF nömrəli mübahisələndirilən Forma 88 göndərişdə iddiaçının əlillik vəziyyətini əks etdirən göstəricilər aşağıdakılardan ibarətdir: - (status localis) Zahirən həyəcanlı,təşvişli,gərgindir.Ünsiyyətə həvəssiz.səbrsiz daxil olur. Suallardan həyəcanı artır. Boğulma hissi, qorxu, ürəkdöyünmə yaşadığını, kontrolunu itirmək qorxusu olduğunu deyir. Qarabasmalar, müharibə səhnələrinin canlanmağı, yuxusuzluqdan əziyyət çəkir. Diqqəti yayınıq, yaddaşı zəifləmişdir. İşdəki vəzifələrini yerinə yetirə bilmir. Əhval-ruhiyyə fonu enikdir. Emosional labil, qıcıqlıdır. Cüzi səbəbdən tez özündən çıxır. Münaqişəyə meyillidir. Davranışı qeyri-adekvatdır. Tənqidi formaldır. Həkim müayinəsinin nəticələri: -əsas diaqnoz: F43.1 Posttravmatik stres pozuntusu.Uzun gedişli posttravmatik stres pozuntusu. Generalizə olunmuş təşviş-pozuntu; -ağırlaşma:F41 Digər həyəcan pozuntuları, Uzun gedişli posttravmatik stres pozuntusu. Generalizə olunmuş təşviş-pozuntu. İşə əlavə olunmuş xəstəlik sənədlərindən (iddiaçının müayinəsinə dair X4, 2 nömrəli X2, Respublika Psixiatriya Xəstəxanasının tibb sənədlərinə, eləcə də onun xəstəlik tarixindən çıxarışa, hərbi-həkim komissiyasının qərarına və s.) çıxarılşlara əsasən tədqiq olunan 88 forma göndərişdə təsbit olunan göstəricilərin həqiqliyi öz təsdiqini tapır. Mübahisləndirilən göndrişdə təsbit olunan adıçəkilən diaqnoz göstəriciləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na münasibətdə təhlil olunduqda müəyyən olunur ki, qeyd olunan diaqnoz qüvvədə olan həmin Meyarların Əlavəsində aşağıdakı bəndləri ilə eynilik təşkil edir. Belə ki, həmin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.5.1-ci bəndinə əsasən generalizə olunmuş təşviş-pozuntu (F41.1); posttravmatik stres pozuntusu (F43.1) əlillik təyininə əsas verən meyar hesab olunur. Həmin Əlavənin 7.5.1.1-ci bəndində isə 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 faiz –2 il müddətinə əlillik təyini ilə qiymətləndirilir ; Həmin Əlavənin 7.5.1.2-ci bəndində isə 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət – 65-80 faiz – 2 il müddətin əlilik təyini ilə qiymətləndirilir. Göründüyü kimi, mübahisəlndirilən göndərişin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərədə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndərişdə təsbit olunan diaqnoz iddiaçıya əlillik təyininə əsas verir. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən həmin göndəriş üzrə əlillik təyin edilməsindən imtina olunmasını, o cümlədən, hazırkı mərhələdə məhkəmənin aralıq qərardadından sonra da, xx.xx.2024-cü i tarixli qərarı il qüvvədə olan meyarlara uyğun olaraq diaqnozun təsdiqlənmədiyi barədə gəldiyi nəticəni əsassız sayır və hesab edir ki, cavabdehin imtina qərarı iddiaçının qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, obyektiv qiymətləndirmə aparıldığını, məhkəmənin qərarının maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13352/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13352/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1050/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1050/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver