Məhkəmə qərarları › İş №2-1(103)-1051/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1051/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1051/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və ərizəçi SOCAR-ın “X5” Trestinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə qarşı “təhqiqat aktının ləgv edilməsi, istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının, o cümlədən İZ formalı aktının tərtib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “SOCAR-ın “X5” trestinin sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”nın ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ilə iddia təmin edilmiş, “SOCAR-ın “X5” trestinin sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı” ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı 13 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra SOCARın “X5” Tresti tərəfindən məhkəməyə ərizə ünvanlanaraq hazırkı inzibati iş üzrə 3-cü şəxs qismində icraata cəlb edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-781/2023 saylı qərarına əsasən “SOCARın "X5” Trestinin sabiq işçisi İddiaçı iddiası təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış komissiyasının Təhqiqat aktı ləğv edilmiş və İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək, uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X4 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı əvvəllər SOCAR-ın “X5” trestinin 5- ci dərəcəli elektrik avadanlıqlarına xidmət edən elektrik-montyoru peşəsində işləyərkən, xx.xx.2015-ci il tarixdə, saat 11-00-də 13 saylı Dərin Dəniz özülündə qrafikə əsasən biriqada üzvləri ilə birgə növbə dəyişməsi zamanı helekopter gözləyərkən, özünü narahat hiss etmiş, tibb feldşeri tərəfindən ilkin yardım göstərildikdən sonra briqada üzvləri ilə birgə helekopterlə sahilə çıxarılan işçi təcili tibbi yardım maşını ilə “Tibbi sığorta proqramı” üzrə SOCARın işçilərinə xidmət göstərən Mərkəzi Neftçilər xəstəxanasına aparılmışdır. Xəstəxanada müayinə zamanı ona “hiportoniya, beyin sol yarım kürəsinin hemogen insultu” diaqnozu qoyulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, işçi bundan əvvəlki illərdə eyni xəstəliklə uzun müddətdir ki, əziyyət çəkmiş və müalicələr almışdır. Göründüyü kimi İddiaçı SOCAR-ın “X5” Trestinin işçisi olmuşdur. Baxılmış iş üzrə iddia tələbinin əsası kimi işdə stres keçirdiyinə istinad etmişdir. Məhkəmə İZ forma aktın tərtib edilməsi tələbini X4 Xidməti üzərinə öhdəlik qoysa da, həmin aktın aid edildiyi tərəf iddiaçının əvvəllər işlədiyi SOCAR-ın “X5” trestinin olması mübahisəsizdir. Yəni qərarla müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən yerinə yetirməsi, birbaşa SOCAR-ın “X5” trestinin üzərindən aparılacağı bəllidir və bu aşkar şəkildə qərarın özündə şərh edilmişdir. Bunun da ona aid hüquqa toxunacağını istisna etmir. Belə olan halda işə baxarkən, SOCAR-ın “X5” tresti üçüncü şəxs qismində cəlb edilməli, işə onun iştirakı ilə baxılmalı idi. Lakin iddiaya baxılan zaman SOCAR-ın “X5" Tresti cəlb edilməmişdir. Bu da mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsasdır. Bu baxımdan da maraqlarına toxunan şəxs olaraq SOCAR-ın “X5" tresti cəlb edilməklə işə yenidən baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə “SOCAR-ın "X5” Trestinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5- ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 49-cu bəndində qeyd olunur ki, “məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur.” Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, “SOCAR-ın “X5” trestinin sabiq işçisi olmuş İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Xidmətinin üzərinə qoyulmasından ibarətdir ki, bununla bağlı məsələ də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdıraraq təhqiqatını və uçotunu aparmaq bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq cavabdehin vəzifələrinə daxil oldugundan, "X5” Trestinin maraqlarına toxunmur, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati iş üzrə qəbul edilmiş qərarla ərizəçinin üçüncü şəxs qismində maraqlarına toxunması müəyyən edilmədiyindən ərizəsi əsassızdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Ərizəçi SOCARın “X5” Trestinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar