Məhkəmə qərarları › İş №2-1(103)-1051/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1051/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1051/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7765/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 167.911 (bir yüz altmış yeddi min doqquz yüz on bir) manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin və 300 (üç yüz) manat vəkil xərcinin İddiaçı MKMya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçınə məxsusdur. xx.xx.2009-cu il tarixdən həmin daşınmaz əmlak iddiaçıya hər hansı bir kompensasiya ödənilmədən hasara alınmış və iddiaçı mülkiyyətində olan əmlaka daxil ola bilməmişdir. Məsələ ilə bağlı iddiaçı bir neçə quruma, o cümlədən cavabdehə müraciət etmişdir. Cavabdeh qurum 26 noyabr 2010-cu il tarixli məktubu ilə iddiaçıya məxsus əmlakın xx.xx.2009-cu il tarixdən kompensasiya ödənilmədən sonuncunun sərəncamından alındığını etiraf edərək, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 273 saylı sərəncamı ilə tikinti işlərinin aparılması məqsədilə "xxxx" MTK-ya verilməsini bildirmişdir. Həmçinin cavabdeh qurum köçürülmənin (kompensasiyanın ödənilməsi daxil olmaqla) məhz "xxxx" MTK tərəfindən aparılmalı olduğunu qeyd etmişdir. İddiaçı üç il ərzində "xxxx" MTK-ya ona məxsus əmlaka dair kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etsə də, müxtəlif qurumlara çoxsaylı şikayətləri hər hansı bir nəticə verməmişdir. Nəticədə iddiaçı 2013-cü il tarixdə "xxxx" MTK-ya qarşı pul tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müracət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etsə də, illərlə davam edən məhkəmə çəkişmələri nəticəsində həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən o əsasla rədd edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak "xxxx" MTK tərəfindən deyil, məhz cavabdeh tərəfindən sökülmüşdür. Nəticədə iddiaçı Bakı İnzibati Məhkəməsinə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın "xxxx" Kiçik Müəssisəsinə ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qət edilmişdir. Sözügedən qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə icra edilmişdir. İddiaçı sözügedən məhkəmə prosesində cavabdehdən yalnız sökülmüş əmlakın bazar dəyərini istəmiş, onun əldən çıxmış fayda qismində vurulan maddi ziyanı tələb etmək kimi hüququnun olduğunu bilməmişdir. Odur ki, hazırda iddiaçı sözügedən hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı bununla bağlı cavabdeh quruma müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2009-cu il tarixdən iddiaçının əmlakı cavabdeh tərəfindən birtərəfli qaydada götürülmüş, lakin kompensasiya yalnız 31 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Halbuki, iddiaçı ədalətli kompensasiya almadan mülkiyyət hüququndan məhrum edilə bilməz idi. İddiaçı vaxtında almış olduğu kompensasiyanı mülki dövriyyədə istifadə edərək qazanc əldə edə bilərdi, yaxud da kompensasiya ödənilməyənə qədər ona məxsus əmlakı kirayə verə bilərdi. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2009-cu il tarixdən 31 yanvar 2024cü il tarixə qədər olan müddət üçün (iddiaçıya qanunsuz qaydada əlindən alınmış daşınmaz əmlaka dair kompensasiyanın ödənilməməsini əhatə edən müddətdir ki, həmin müddət ərzində iddiaçıya məxsus əmlak ondan alına bilməzdi və o, bu müddət ərzində əmlakını kirayə verə bilərdi) əldən çıxmış fayda qismində maddi zərəri ödəməlidir. "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə Hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması (əmlakın kirayə verilməsinin mümkün olmaması) nəticəsində 01 dekabr 2009-31 yanvar 2024-cü il ərzində əldən çıxmış faydanın hesablanmış həcmi 167.911 manat təşkil edir. Hər ay üzrə sözügedən əmlakın kirayə haqqına dair cədvəl hesabatda öz əksini tapmışdır. İddiaçı ilə “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Vəkil arasında hüquqi xidmətin göstərilməsi haqqında 20 fevral 2024-cü il tarixli müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən, vəkilə ödənilən xərc 300 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-7765/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququna müdaxiləni qeyri-qanuni hesab etsə də, sonuncuya, ona məxsus qeyri-yaşayış sahəsinin bazar dəyərinin 13 il sonra ödənilməsini ədalətli kompensasiya təşkil etdiyi qənaətinə gəlmişdir. Halbuki, işin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2009-cu il tarixdən iddiaçının əmlakı cavabdeh tərəfindən birtərəfli qaydada götürülmüş, lakin kompensasiya yalnız 31 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Halbuki, iddiaçı ədalətli kompensasiya almadan mülkiyyət hüququndan məhrum edilə bilməz idi. Mübahisəsiz haldır ki, iddiaçı vaxtında almış olduğu kompensasiyanı mülki dövriyədə istifadə edərək qazanc əldə edə bilərdi, yaxud da kompensasiya ödənilməyənə qədər ona məxsus əmlakı kirayə verə bilərdi. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2009-cu il tarixindən 31 yanvar 2024-cü il tarixə qədər olan müddət üçün (iddiaçıya qanunsuz qaydada əlindən alınmış daşınmaz əmlaka dair kompensasiyanın ödənilməməsini əhatə edən müddətdir ki, həmin müddət ərzində iddiaçıya məxsus əmlak ondan alına bilməzdi və o, bu müddət ərzində əmlakını kirayə verə bilərdi) əldən çıxmış fayda qismində maddi zərəri ödəməlidir. "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə Hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması (əmlakın kirayə verilməsinin mümkün olmaması) nəticəsində 01 dekabr 2009-31 yanvar 2024-cü il ərzində əldən çıxmış faydanın hesablanmış həcmi 167.911 manat təşkil edir. Hər ay üzrə sözügedən əmlakın kirayə haqqına dair cədvəl hesabatda öz əksini tapmışdır. İstər yerli qanunvericilik, istərsə də Avropa Məhkəməsinin presendetlərinə əsasən, hətta əmlak dövlət ehtiyacları üçün alınanda belə mülkiyyətçinin həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər də nəzərə alınmalı və həmin zərərin əvəzi ödənilməlidir. Lakin iddiaçının əmlakı alınmış və onun bazar dəyəri yalnız ona 15 il sonra ödənilmişdir. O ki qaldı məhkəmənin bildirməsinə ki, iddiaçı 9 il keçdikdən sonra, daha dəqiq desək, 2023-cü ildə Bakı İnzibati Məhkəməsinə müraciət etməsinə, iş materiallarından da görünür ki, iddiaçı 2009-cu ildən 2013-cü ilə qədər cavabdeh orqana müraciət etməklə, 2013-cü ildə isə məhkəməyə müraciət etməklə əmlakının bazar dəyərini almağa çalışmış, sonunda isə buna yenidən 2023-cü ildə məhkəməyə müraciət etməklə nail olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binası və həmin əmlakın yerləşdiyi 0.001292 ha torpaq sahəsi İddiaçı MKM-nin xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2009-cu il tarixdə iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi hasara alındığı üçün sonuncunun qanuni nümayəndəsi X7 tərəfindən cavabdeh Bakı şəhər İH-yə müraciət olunaraq zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. İddiaçı 2013-cü ildə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" KM-nin iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MTKdan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi və cavabdeh “SKS MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, hazırkı halda, Bakı şəhər İcra Hakimiyyəti sərəncam verərkən iş üzrə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmişdir, buradan, cavabdeh "xxxx" MTK-ya qarşı irəli sürülmüş tələbin təmin olunmaması ayrıca icraatda hazırkı iş üzrə 3-cü şəxsə qarşı tələb irəli sürülməsinə səbəb ola bilər. Göründüyü kimi, məhkəmə tərəfindən "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulmalı olan 123.000 manat məbləğin hazırki iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tələb edilməsinin mümkünlüyü qeyd olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı 2023-cü ildə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 manat kompensasiyanın "xxxx" Kiçik Müəssisəsinə ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə həmin qərar icra edilərək kompensasiya məbləği ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda məhkəməyə müraciət edərək, 167.911 manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin cavabdehən tutularaq ona ödənilməsini tələb edir və ona dəymiş maddi zərərinin xx.xx.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinə kimi yarandığını bildirir. Lakin həmin qeyri-yaşayış binasının sökülməsinə dair alınma dövrünə uyğun olaraq müəyyən edilmiş 123.000 manat məbləğin kompensasiya şəkilində ödənilməsi iddiaçının xüsusi mülkiyyət hüququnun pozulmasını istisna edir. Bundan başqa, iddiaçı ona qeyd olunan zərərin vurulması və onun yaranma əsasları barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, eyni zamanda iddiaçı hüquqi xidmət haqqı kimi ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Lakin hazırda iddiaçı tərəfindən verilmiş əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı iddia tələbi təmin olunmadığından, hüquqi xidmət haqqı ilə bağlı xərclərin cavabdehdən tutulması hissəsində də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7765/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar