Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1052/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1154/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇİ-nin Bağçılıq Birliyi tərəfindən ona 1989-cu ildə verilmiş ünvan 1 ünvanda yerləşən 8 sot torpaq sahəsinin üzərində hüquqların onun adına dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ona 1989-cu ildə 8 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bu günədək onun qanuni istifadəsindədir. Torpaq sahəsi hasara alınmış, üzərində ağaclar əkilmiş və abadlaşdırılmışdır. Torpaq sahəsinə dair 12 sentyabr 1997-ci ildə üzvlük bileti verilmişdir. Hazırda torpaq sahəsinin özəlləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə cavabdehə müraciət olunsa da, ona müxtəlif bəhanələr gətirilməklə imtina olunmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, üzvlük kitabçası surətdir. Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügeden bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşki edir. Cavabdehin gətirdiyi əsaslar uydurmadan başqa bir şey deyil. Məhkəmədə verdiyi izahatında bildirmişdir ki, bağ sahəsi ondan öncə Quliyev Ramizə ayrılmış, onun sahəsi 8 sot olmuşdur. Daha sonra torpağa onun tərəfindən qulluq edildiyinə görə sənədlər onun adına dəyişdirilmişdir və təbii ki, cavabdeh öz mövqeyini müdafiə etməq üçün məhkəməyə təqdim etidyi H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyi üzvlərinin siyahısında adı olmamışdır. Əgər adı o siyahıda olmayıbsa ona üzvlük kitabı verilməklə torpaq sahibliyinə hansı əsasla keçib və yaxud sözügedən torpaq sahəsi ümumiyyətlə kimə ayrılıb və hansı əsasla sualına da məhkəmə cavab almamış, bu məsələləri araşdırmaq istəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyinin 98 nömrəli üzvlük kitabçasının surətinə görə, iddiaçı H.Z.Tağıyev adına Birliyin üzvüdür, sahə ona 1989-cu ildə verilmişdir, üzvlük kitabçasının verilməsi tarixi 12.09.1997-ci ildir. Üzvlük kitabçasında ayrılan bağ sahəsinin ölçüsü barədə məlumat qeyd olunmamışdır. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq 27.03.2018-ci il tarixli **********60 nömrəli imtina məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənəd (üzvlük kitabçası) surətdir. İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügedən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavabdehin 24.07.2018-ci il tarixli **********048 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyi tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyi üzvlərinin siyahısında iddiaçının adı yoxdur. “Torpaq islahatı haqqında” AR Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 25-ci maddəsinə əsasən, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, əsas hesab olunur. Qeyd olunan Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan heç birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsi və ya sərəncam yaxud order verilməmişdir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinə əsas şərt kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİHə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Lakin iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (iş vərəqi 92-121), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçasında sahənin ölçüsü də göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1154/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1052/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1052/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver