Məhkəmə qərarları › İş №2-1(103)-1053/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1053/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1053/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), x7 və x3 ibarət tərkibdə, İddiaçı istehsalat kommersiya firmasının (bundan sonra - iddiaçı) vəkilləri x5 və x6, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - üçüncü şəxs) nümayəndəsi x2 iştirakı ilə cavabdeh AR İN DVX Vergi x1 Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2445/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qərardadından cavabdeh və ücüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2019-cu il tarixli **********194605 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının əlavə hesablama aparılan 845.003,11 manat hissəsində ləğv edilməsi, kameral yoxlama ilə hesablanmış vergilərin azaldılan 1.917.399,53 manat hissəsində dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.02.2020-ci il tarixdə Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək 27.01.2020-ci il tarixli **********3 nömrəli Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarla onun siyahıya alınmış əmlakı barədə hər hansı hərəkətlərin edilməsinin üçüncü şəxsə qadağan olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.02.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardadla razılaşmayan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması ehtimalını nəzərdən keçirmiş, lakin vergi ödəyicisinin özü tərəfindən siyahıya alınmış əmlakın israf edilə biləcəyi ehtimalı nəzərdən keçirilməmişdir. Halbuki, 03.02.2020-ci il tarixdə vergi ödəyicisinin siyahıya alınmış əmlakına baxış keçirilmiş və baxış nəticəsində əmlakların obyektdə olmaması və israf edilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materialların cinayət işinin başlanması məqsədilə cavabdehə göndəriləcəyi barədə vergi ödəyicisinə 07.02.2020-ci il tarixli **********087100 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə qərardadı ilə iddiaçının siyahıya alınmış əmlakı barədə hər hansı hərəkətlərin edilməsini üçüncü şəxsə qadağan etmiş, lakin məhz hansı hərəkətin qadağan edilməsi dəqiq müəyyən edilməmişdir. Bildirilir ki, vergi ödəyicisinin əmlakı 06.12.2019-cu il tarixdə siyahıya alınmasına baxmayaraq, siyahıya alınmış əmlaka vergi orqanı tərəfindən təkrar baxış keçirildikdən və cinayət işinin başlanacağı barədə vergi ödəyicisinə xəbərdarlıq məktubu göndərildikdən sonra vergi ödəyicisi müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəməyə müraciət etmiş və məqsədyönlü şəkildə ərizədə siyahıya alınmış əmlak barədə hər hansı hərəkətlərin edilməsinin üçüncü şəxsə qadağan edilməsini xahiş etmiş (hansı ki, həmin hərəkətlərlə cinayət işinin başlamasına yönəldilmiş hərəkətlər də ehtiva edilir) və məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar araşdırılmadan düzgün olmayan qərardad qəbul edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının mübahisələndirilən qərarla hesablanmış məbləğdən başqa iddiaçının hər hansı digər borcunun olub-olmadığını araşdırmadan əmlakın siyahıya alınması barədə qərarın icrasını dayandırmışdır. Digər tərəfdən, məhkəmə hesablamanın əsaslarını, mübahisələndirilən inzibati aktın qanuniliyini araşdırmadan müvəqqəti xarakterli müdafiə barədə ərizəni təmin etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuş, ziddiyyətli maraqları hərtərəfli qiymətləndirmədən, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə istinad etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsi öz apellyasiya şikayətlərinə uyğun izahat vermiş, iddiaçının vəkilləri birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayətlər qismən əsaslıdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair 07.11.2019-cu il tarixli **********178627 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib edilmiş, Akt əsasında 10.12.2019-cu il tarixli **********194605 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Üçüncü şəxs tərəfindən iddiaçı barəsində 31.01.2020-ci il tarixli **********237100 nömrəli Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq tərtib edilmişdir. Həmin xəbərdarlığa görə, üçüncü şəxsin 27.01.2020-ci il tarixli **********3 nömrəli qərarına əsasən, 27.01.2020-ci il tarixdə Firmanın 1.083.572,31 manat dəyərində əmlakları siyahıya alınmışdır. Firmanın əmlaklarının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılması barədə iddiaçıya xəbərdarlıq edilmişdir. İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.» Bu baxımdan, məhkəmə kollegiyası bildirir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Birinci instansiya məhkəməsi də göstərilən halları qərardadında müzakirə etməmiş və müvafiq hüquqi qiymət verməmişdir. Bununla yanaşı, üçüncü şəxsin 31.01.2020-ci il tarixli **********237100 nömrəli xəbərdarlığında da iddiaçıya izah olunmuşdur ki, borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Yəni, siyahıya alınmış əmlakların satılmasını vergi orqanı yalnız məhkəmədə iddia qaldırmaq yolu ilə gerçəkləşdirə bilər və həmin əmlaklarla bağlı indiki şəraitdə iddiaçının hər hansı hüququ təhdid altında deyildi. Əksinə, üçüncü şəxsin apellyasiya şikayətinə əlavə olunmuş, iddiaçının direktoru H.Cəfərovun üçüncü şəxsə ünvanlanan izahatında göstərilmişdir ki, ona saxlanmağa verilmiş mallar satılmışdır. İddiaçının direktorunun da imzaladığı Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair 03.02.2020-ci il tarixli aktlarda isə qeyd edilmişdir ki, sözügedən mallar aşkar edilmədi, israf olunmuşdur. Bütün bunlar da o deməkdir ki, iddiaçının hazırkı tələblə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi məqsədilə birinci instansiya məhkəməsinə müraciət etdiyi və sonuncu tərəfindən bununla bağlı qərardad qəbul edilən tarixdə 27.01.2020-ci il tarixli **********3 nömrəli qərarla siyahıya alınmış əmlaklar ümumiyyətlə mövcud deyildi. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə qərardadın ləğvi hissədə qismən razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayətlər qismən təmin edilməlidir (İPM-87, İPM-1.2, MPM-398.0.2). Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2445/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi x1 Baş İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar