Məhkəmə qərarları › İş №2-1(103)-1054/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1054/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1054/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: “Azərbaycan X1” QSC) “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs: “Azərbaycan X1” QSC) iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-474/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AXDG QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubunda risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunduğu, məktuba əlavə edilmiş siyahıda 8-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyinə görə, hakimiyyət tədbiri görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən iddiaçının “Əlillik altsistemi”ndə qiymətləndirməsi etibarsız edilmişdir. Cavab məktubuna diqqət yetirdikdə görünür ki, məktub rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədədir. Həmin məktubla göndərişlərin əsaslılığına şübhələr olduğu üçün əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunubdur. Bu səbəbdən iddiaçının əlilliyinin etibarsızlığı ilə bağlı inzibati orqan olaraq tərəfimizdən tədbir görülmüşdür. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini əsassız hesab edərək, yeni iddia tələbinə uyğun qərar qəbul edilərək, idddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Azərbaycan X1” QSC-nin 13.05.2017-ci il tarixli, 4405003AABPV nömrəli göndərişinə (Forma 88) əsasən İddiaçı 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Cavabdeh orqan **********3 nömrəli, 18.09.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Müəyyən olunmuşdur ki, əlillik vəziyyətiniz “X1” QSC Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPV saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. “X1” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəniz ləğv edilmişdir.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq 29.03.2020-ci il tarixli məktubla bildirmişdir: “Azərbaycan X1” QSC-nin 29.01.2019cu il tarixli, MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AAB5B saylı göndərişin əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X1” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPV saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X1” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 44005003AABPV saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.” - “Azərbaycan X1” QSC məhkəmənin sorğusuna cavab olaraq 03.06.2020-ci il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan X1” QSC (ASCO) əlilliyin təyin və ya etibarsız edilməsi barədə qərar verən müvafiq icra hakimiyyəti orqanı deyildir və onun belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun görülmüşdür. Belə ki, ASCO əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin ləğv edilməsi barədə sərəncam verməmiş, təyin edilmiş əlillik dərəcəsinin etibarsız olub-olmamasını araşdırmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ASCO belə araşdırmanı aparmaq üçün müvafiq imkanlara malik deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə ilkin olaraq “03.07.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbilə müraciət etmiş, sonradan iddia tələbini “iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması” kimi dəyişdirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilərək, mübahisəni “iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması” tələbi həddində qiymətləndirərək, iddianı təmin etmiş, cavabdehin müvafiq hərəkətlərini qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddianın mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən əsaslı nəticəyə gəlinmiş olsa da, iddiaçıya uğurlu iddia irəli sürülməsilə bağlı düzgün hüquqi yardım göstərilməmiş, nəticədə mübahisə iddia tələbinin təmin edilməsi qaydasında həll edilsə də, iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsi məhkəmə qaydasında təmin olunmamışdır. Kollegiya vurğulayır ki, iddia tələbinin uğurlu hesab olunaraq məhkəmədə mahiyyəti üzrə baxılmasını mümkün edən əsas şərtlərdən biri irəli sürülən iddia tələbinin mahiyyət etibarı ilə, iddianın təmin ediləcəyi təqdirdə çatmaq istənilən məqsədə nail olmanı təmin etməsidir. Belə ki, hazırki inzibati mübahisəyə dair işin hallarından aydın olmuşdur ki, iddiaçı ona 2018-ci ildə təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsinə dair cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, ona təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa olunması arzusundadır. Qeyd edilən şərtin hazırki iddia tələbinə münasibətdə ödənilməsi məqsədilə kollegiya tərəfindən məhkəmə baxışı zamanı iddiaçı tərəfə hüquqi yardım göstərilmiş, iddia tələbinin dəyişdirilməsi tövsiyyə edilmişdir. İddiaçının vəkili, 25.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbi “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməklə, İddiaçı 4405003AAB5B saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, mübahisəyə “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməklə, İddiaçı 4405003AAB5B saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi həcmində baxılaraq iddia təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktiarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin qanunun 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan qanunvericilik normalarından da aydın göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməli, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməlidir. İşin hallarından və apelyasiya şikayətinin məzmunundan da aydın olur ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilərkən Azərbaycan X1” QSC-nin 29.01.2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubuna əsaslanılmışdır. “Azərbaycan X1” QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanan 29.01.2019-cu il tarixli, MC 02/02- 45 nömrəli məktubunda göstərilmişdir: “Sizin 2019-cu il 4 yanvar tarixli, **********1 nömrəli və 18 yanvar tarixli, **********4 nörməli məktublarınıza "Azərbaycan X1" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) aidiyyəti struktur bölmələri tərəfindən baxılmışdır. Bildiririk ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur. Xahiş edirik nəzərə alasınız.” Göründüyü kimi, cavabdehin əsaslandığı məktub “Azərbaycan X1” QSC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məktubuna cavab olaraq verilmişdir. Həmçinin, həmin məktubun məzmunundan görünür ki, “Azərbaycan X1” QSC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktublarına əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab edilmişdir. Yəni müvafiq göndərişi həyata keçirən tibbi müəssisəsi tərəfindən hər hansı bir sənəd etibarsız (və ya ləğv) hesab edilməmiş, yalnız əlilliyin cavabdeh tərəfindən ləğv edilməsini məqsədəuyğun bilmişdir. Beləliklə məhkəmə baxışı zamanı cavabdeh orqan tərəfindən 03.07.2018-ci ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edilməsinə dair əsaslı şüphələrin olmadığı müəyyən edilmiş, bu cür halların mövcudluğuna dair cavabdeh orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda işdən görünür ki, İddiaçı təyin edilmiş əlilliyi etibarsız hesab edərkən cavabdeh orqan yalnız müvafiq elektron sistemdə düzəliş etməklə kifayətlənmiş, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri pozularaq əlilliyin ləğv edilməsi barədə hər hansı inzibati qərar qəbul edilməmiş, bu barədə iddiaçıya məlumat verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiya sadalananlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, “Azərbaycan X1” QSC tərəfindən İddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız hesab edilməsi), iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, həmçinin cavabdeh inzibati orqan tərəfindən qanuvericiliyin tələblərinə uyğun qaydada inzibati icraat aparılmadığından İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalı, iddiaçının əlilliyi etibarsız hesab olunduğu tarixdən bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, İddiaçı 4405003AAB5B saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar