Məhkəmə qərarları › İş №2-1(103)-1055/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1055/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1055/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X12 və X18) qarşı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə çıxarışın və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-iqtisadı Məhkəməsinin 2-1(82)-92/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxslər X12 və X18) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə İddiaçı məxsus olan Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 hektarlıq 333a saylı bağ sahəsinin nömrə uyğunsuzluğunun aradan qaldırılmasını və həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək X7 və istismarı birliyi tərəfindən 13 iyul tarixli 2004-cü il, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2004-cü il tarixdə İddiaçı ilə X7 və İstismarı Birliyi arasında Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0,12 hektarlıq 333a saylı bağ sahəsinə dair 13794 nömrəli “Bağın istifadyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə əsasında bağ sahəsi iddiaçının istifadəsinə verilmiş və hal hazırda da istifadəsindədir. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların icarəsində olan bağ sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edildiyindən, həmin bağ sahəsinin özəlləşdrilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx xxx 2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektarlıq 333a saylı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh özünün xx.xx.2016-cü il tarixli **********88 saylı məktubu ilə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini imtina etmişdir. İmtina məktubu onunla əsaslandırmışdır ki, sözügedən bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, həm də bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu mühafizə zolağının altında olan torpaq sahəsinə aiddir. Bu səbəbə görə ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.2-ci maddəsinə, Azərbaycan Respublikası İPM-in 13-cü, 14.1-ci, 33.1-ci, 35-ci və 38.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci, 20.2-ci və 71.2-ci maddələrinə istinad edərək X7 və istismarı birliyi tərəfindən 13 iyul tarixli 2004-cü il, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Həmçinin mübahisəli bağ nömrəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi də aşkar edilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadı Məhkəməsinin 2- 1(82)-92/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X7 və İstismarı Birliyi tərəfindən xx xxxx 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aiddir. Bundan başqa, müvafiq bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Belə ki, X3 21398 nömrəli müqaviləyə əsasən 333a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli Qeydiyyat vəsiqəsinə asasən müvafiq torpaq sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alqı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasport verilmişdir. Bundan əlavə, X4 adına isə 332m saylı bağ sahəsi, keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyatdan keçmiş, sonradan isə alqı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyatdan keçmişdir. Müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, 333a saylı bağ sahəsinin çıxarışında qeyd edilən bağ evi faktiki olaraq sökülmüşdür. Habelə, dənizdən təxminən 27 m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından ( hasardan 7,5-14,4) 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəblərdən də ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-64/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadı Məhkəməsinin 2- 1(82)- 92/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3552/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-64/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 hektarlıq 333a saylı bağ sahəsi 21398 saylı, xx.xx.1998-ci il tarixli icarə müqaviləsi ilə X1 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamentinin X7 və istismarı birliyi Buzovna ərazisindəki 333a nömrəli bağın istifadəyə verilməsi haqqında 13794 saylı xx.xx.2004-cü il tarixli müqaviləsi ilə Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan 333a nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 332m saylı bağ sahəsi ünvanında yerləşən ******* ha torpaq sahəsini alıcı X8 mülkiyyətinə verilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 332m saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları X8 adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı xx.xx.2011-ci il tarixli çıxarış ilə ünvan 3 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüquqları X9 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli rəyində Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 333a saylı bağ sahəsinə baxış keçirilərək bağ sahəsinin sərhədlərinin mişar daşı ilə hasarlandığı, ərazinin faktiki sahəsinin 1330 kv.m. olduğu, tikili olmadığı və Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsinin artıq sahə (130.0 kv.m.) ilə birlikdə 320.0 kv.m. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğu (bağ sahəsi dənizdən 30 m məsafədə yerləşir) qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********59 saylı, xx.xx.2017-ci il tarixli məktubunda X5 21398 nömrəli müqaviləyə əsasən 333a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli qeydiyyat vəsiqəsi verildiyi, sonra həmin qeydiyyat vəsiqəsinə əsasən bağ sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alqı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasport verildiyi, X4 adına isə 332m saylı bağ sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında DƏDRX-i tərəfindən qeydiyyatdan keçdiyi və sonra alqı-satqı müqaviləsi əsasında X8 adına keçdiyi, o cümlədən sözügedən əraziyə texniki baxış zamanı məlum olmuşdur ki, 333a saylı bağın çıxarışında qeyd edilən bağ evi faktiki söküldüyü, dənizdən təxminən 27m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından (hasardan 7,5- 14,4m) 6kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyi, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi 0.1464 ha torpaq sahsinin 0.1102 ha hissəsi digər şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna ərazisində 333 a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 2016-cı il 25 may tarixli məktubla mübahisəli bağ nömrəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini və həm də bağ sahəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu mühafizə zolağının altında olan torpaq sahəsinə aid olduğunu bildirib müraciətin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyi və cavabdehin istinad etdiyi halların iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilmədiyi qənaətinə gəlib iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» X16 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırki işdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamentinin X7 və istismarı birliyi Buzovna ərazisindəki 333a nömrəli bağın istifadəyə verilməsi haqqında 13794 saylı xx.xx.2004-cü il tarixli müqaviləsi ilə Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan 333a nömrəli bağın onun istifadəsinə verildiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçının iddia etdiyi bağ sahəninə vətəndaş X9 xüsusi mülkiyyət hüququ tanınmışdır. Bundan başqa mübahisəli bağ sahəsinin istifadəyə verildiyi xx.xx.2004-cü il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-1-ci bəndinə əsasən, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. 2008-ci il 2 dekabr tarixli, 728-İİİQD №-li Qanunla Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasında və 2-1-ci bəndinin birinci cümləsində “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmiş, həmin maddənin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş rəydən görünür ki, X5 21398 nömrəli müqaviləyə əsasən 333 a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra həmin qeydiyyat vəsiqəsinə əsasən bağ sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alğı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasport verilmişdir. X4 adına isə 332 m saylı bağ sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında DƏDRX-i tərəfindən qeydiyyatdan keçmiş və sonra alğı-satqı müqaviləsi əsasında X8 adına keçmişdir. Sözügedən əraziyə texniki baxış zamanı məlum olmuşdur ki, 333 a saylı bağın çıxarışında qeyd edilən bağ evi faktiki sökülmüşdür, torpaq sahəsi dənizdən təxminən 27m məsafədə yerləşir, yaxınlığından (hasardan 7,5-14,4m) 6kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)2030/2018 nömrəli, 2018-ci il 17 avqust tarixli məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********96 saylı, 2019-cu il 10 iyun tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsinə verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsindəki 0,12 hektarlıq 333a saylı bağ sahəsi kimi göstərilən əraziyə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Sözügedən sahə dənizdən 29-28 metr məsafədə yerləşir, torpaq sahəsi hasar daxilində 1350,0 kv.metr təşkil edir, üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bu sahə 334 və 332 saylı bağların ərazilərinin bir hissəsidir. Həmçinin iddiaçı qonşu hasar daxilindəki 0,04 ha torpaq sahəsinə də iddia etmişdir. Vətəndaşın bildirdiyinə görə həmin 0,04 hektar sahə də bağ sahəsinin ərazisinə aiddir. Sxematik xəritəyə əsasən həmin 0,04 hektar sahə 338 və 335 saylı bağların ərazilərinin bir hissəsidir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının hər hansı digər şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat yoxdur. Əvvəlki illərdə verilmiş sənədlər və cizgi planlar barədə elektron kadastr bazasında tam məlumat mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan Buzovna qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 333a saylı bağ sahəsinin dənizdən 29-28 metr məsafədə yerləşməklə sahilboyu mühafizə zolağına düşməsi mütəxəssislər tərəfindən aparılan texniki baxış zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının faktiki naturada iddia etdiyi torpaq sahəsi ilə 333a saylı bağın çıxarışında qeyd edilən bağ sahəsinin üst-üstə düşməməsi də həmin rəylər ilə müəyyən edilmişdir. Halbuki iddiaçı naturada iddia etdiyi torpaq sahəsinin məhz müqavilədə göstərilən bağ sahəsinə aid olduğunu sübut etməli idi. Beləliklə işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, faktiki iddia olunan torpaq sahəsi sahilboyu zolağın 29-28 metrliyində yerləşir. Deməli, Torpaq Məcəlləsinin qeyd edilən normalarının tələbləri (yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər) nəzərə alındıqda, həmin sahə 2004cü ildə müqavilədə nəzərdə tutulan bağ sahəsi kimi iddiaçının istifadəsinə verilə bilməzdi (yəni sahilboyu zolağın 29-28 metrliyində yerləşən torpaq sahəsi istinad edilən müqavilənin predmeti ola bilməzdi). Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair vətəndaş X9 xüsusi mülkiyyət hüququnun tanındığı və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarış verildiyi, eyni zamanda mübahisəli torpaq sahəsinin sahilboyu zolağın 29-28 metrliyində yerləşməsi səbəbindən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-92/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X12 və X18) qarşı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə çıxarışın və plan ölçünün verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar