Məhkəmə qərarları › İş №2-1(103)-1055/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1055/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1055/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iş üzrə iddiaçının vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılması 09 yanvar 2024-cü il tarixə təyin edilmiş və iddiaçıya onun iddia ərizəsində qeyd etdiyi ünvana hüquqi yardım göstərilməsinə dair məktub göndərilərək apellyasiya şikayətini səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı, o cümlədən şikayətin “xahiş etdi” hissəsində “iddia tələbinin təmin olunmaması” qeyd olunduğu bildirilmiş və qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. İş üzrə məhkəmə kollegiyasının 09 yanvar 2024-cü il tarixə, saat 16:30-a təyin edilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılmasına dair iclasda iddiaçının vəkili ona vaxt verilməsini xahiş etmiş və göstərilən nöqsanların aradan qaldırılacağı bildirilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsi 30 yanvar 2024-cü il tarixə, saat 15:30-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili, o cümlədən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və onun vəkilinin, həmçinin cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, iş üzrə İddiaçı tərəfindən Vəkil verilən xx.xx.2022-ci il tarixli etibarnamə bir il müddətinə verilmiş və 2023-cü ilin 23 sentyabr tarixinə kimi etibarlı olmuşdur. Halbuki, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından apelyasiya şikayəti Vəkil tərəfindən 16 noyabr 2023-cü il tarixdə imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş və bu zaman o həmin şikayətin verilməsi üçün səlahiyyətli şəxs olmamışdır. O cümlədən şikayətin “xahiş etdi” hissəsində “iddia tələbinin təmin olunmamasını” xahiş etməklə iddiaçının mövqeyinə zidd yanaşma sərgiləmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılmasına dair 09 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına dəvət olunaraq qeyd olunan nöqsanların aradan qaldırılması ona bir daha təklif edilmiş və sonuncunun xahişinə əsasən məhkəmə kollegiyasının iclası 30 yanvar 2024-cü il tarixə təyin edilsə də, o məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4940/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar