Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1056/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Abbasov Mirzəli Əbdüləli oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və hərəkətlər edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)- 6481/2020 saylı qərardadından iddaçının vəkili və nümayəndəsi F.Haqverdiyev tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb edilməklə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən cəmi 1800 kv.m olan torpaq sahələrinin İddiaçı və X2 mülkiyyətinə ayrılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və hərəkətlərin edilməsi vəzifəsinin Səbail Bələdiyyəsinin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-6481/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.Abdullayeva). Həmin qərardaddan iddaçının vəkili və nümayəndəsi F.Haqverdiyev apelyasiya şikayəti vermiş və şikayətində göstərmişdir ki, Səbail Bələdiyyəsi ərazisində, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşə hər birisi 600 kv.m olmaqla cəmi 1800 kv.m olan torpaq sahələri uzun müddətdir ki, İddiaçı, X2 və X1 (Vəfatından sonra – oğlu X2) sahibliyində və istifadəsindədir. Həmin torpaq sahələrinin adlarına rəsmiləşdirilməsi ilə bağlı Səbail rayon İcra hakimiyyəti Başçısı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığı alınmış, habelə müvafiq ərazinin planları Səbail Bələdiyyəsinin və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuşdur. Qeyd ediləni nəzərə alaraq, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən cəmi 1800 kv.m olan və hər birinə 600 kv.m olaraq məxsus olan torpaq sahələrinin mülkiyyətlərinə ayrılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tərəflərindən Səbail Bələdiyyəsinə müraciət olunmuşdur. Səbail Bələdiyyəsi tərəfindən “müvafiq icra strukturları tərəfindən torpaq ərazisinin xəritəsi verilmədiyindən” sənədləşmənin mümkün olmadığı 13 avqust 2020-ci il tarixli, SB/HƏ-5/229 nömrəli məktubla bildirilmişdir. Qeyd edilənlərə əsasən, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi məqsədilə Səbail bələdiyyəsi fiziki şəxsin ərizəsinə əsasən müsabiqənin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan (müvafiq rəylər tərəfimizdən alınmışdır) sonra müsabiqə keçirilməsi barədə qərar qəbul etməli və müsabiqənin keçirilməsinin təmin edilməsi üçün zəruri addımlar atmalı idi. Bakı İnzibati Məhkəməsi isə yanlışlıqla gəldiyi qənaətə əsasən bunu diskresion səlahiyyət kimi qəbul etmişdir. Səbail Bələdiyyəsi qeyd edilən qanunvericiliyə istinad etmədən qeyri-müəyyən cavab verərək müvafiq hərəkətlərin edilməsindən imtina etmiş, nəticədə hərəkətsizliyi ilə uzun müddətdir ki, torpaq sahələrinə vicdanlı sahiblik edən iddiaçı onların mülkiyyətinə keçirə bilməmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərindən görünür ki, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Səbail Bələdiyyəsi tərəfindən sözügedən məsələnin həlli üçün də indiyədək heç bir addım atılmamış, beləliklə, torpağın müsabiqə vasitəsilə satışı üçün zəruri olan hərəkətləri etməmiş və sənədləri toplamamışdır. Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsi və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçı istifadəsində olan, Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, Səbail Bələdiyyəsinə müvafiq icra strukturları tərəfindən torpaq ərazisinin xəritəsi verilmədiyindən sənədləşmə mümkün deyil. İcra strukturları tərəfindən ərazinin xəritəsi təsdiqləndikdən sonra həmin məsələyə baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçının vəkili və nümayəndəsi F.Haqverdiyev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-6481/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Mirzəli Abbasov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1056/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1056/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver