Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1056/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X6 və X4) “sərəncamların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanının yaxınlığından keçən diametri 1200 mm “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X5 ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və həmin ərazidə inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Belə ki, Bakı şəhəri üzrə abonentlər tərəfindən axıdılan çirkab suların davamlı nəql edilərək tam tənzimlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 1970-ci ildən hazırkı tarixədək istismarda olan, Bakı şəhərinin Nizami və Xətai rayonlarından keçən diametri 1200 mm və məhsuldarlığı 0.92 m3 /san olan xüsusi əhəmiyyətə malik “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında X5 məxsus tikilinin mövcud olduğu müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericiliyin, tikinti norma və qaydalarının tələbləri pozulmaqla Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamla kanalizasiya kollektorunun Xətai rayonu, Şahin Səmədov küçəsinin yaxınlığından keçdiyi (yerləşdiyi) torpaq sahəsi inşaat işlərinin aparılması məqsədilə iddia üzrə üçüncü şəxs X5 ayrılması və şəxsin də öz növbəsində qeyd olunan torpaq sahəsində fərdi yaşayış evini inşa etməsi müəyyən edilmişdir. Eyni zamanda inşa edilmiş qanunsuz tikilinin də istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli 283 saylı sərəncam verilmişdir. İnşa edilən fərdi yaşayış evi kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlıvaxtında texniki xidmətin göstərilməsini mümkünsüz etmişdir. Kollektorlarla ötürülən müxtəlif tərkibli çirkab suların birləşməsi nəticəsində xətlərdə alışmağa, partlayışa meyilli və insan səhhətinə ciddi ziyan vuracaq xüsusi təhlükəli (zəhərli) qazlar yaranır ki, bu hal da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi, yanğın, partlayış ehtimalını artırır, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmış olur. Eyni zamanda kollektorun altında qalan hissədə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Bu cür hallar dəfələrlə baş vermiş, bunun nəticəsində İddiaçı ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi barədə məhkəmələrdə iddialar qaldırılmış, Cəmiyyət dəfələrlə kompensassiya ödəmək məcburiyyətində qalmışdır. Verilmiş sərəncam nəticəsində qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin tələblərində birbaşa qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Qeyd olunan qanunvericilik aktların tələblərindən görünür ki, kanalizasiya xəttinin üzərində və ya onların sanitarmühafizə zolağında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Hesab edilir ki, İddiaçı ASC-yə məxsus kanalizasiya xəttinin keçdiyi ərazinin maraqlı şəxsin mülkiyyətinə verilməsinə dair sərəncam ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçıya Sərəncamlar qeyd edilən tikilinin sökülməsi tələbinə dair Xətai rayon Məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apllyasiya Məhkməsində baxılan zaman, cavabdeh tərəfindən məhkəmə araşdırmasına təqdim etməsi nəticəsində İddiaçı ASC-yə məlum olub. Məhz buna görə də qeyd edilən sərəncamlar İnzibati qaydada qaldırılmış iddia ilə mübahisələndirilib. Məhkəmə qərardadda göstərmişdir ki, müvafiq sənədlər iddiaçıda olmasa da, onun müvafiq dövlət orqanlarından zəruri sənədləri əldə etmək imkanı olsa da iddiaçı 20 il hərəkətsizlik, bununla da dözümlülük göstərərək, bu hüququndan istifadə etməmiş hərəkətsizlik nümayiş etdirmişdir. Buna görə də onun mübahisəli sərəncamdan hazırkı məhkəmə icraatında məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlili qəbul edilə bilməz. Məhkəmə qeyd edilən qənaətə gələrkən, faktın məlum olma vaxtını, İddiaçıSC-nin vəzifə və funksiyalarına uyğun olaraq iş həcminin çox olmasını, mövcud təhlükəli vəziyyətə əsasən iddia qaldırması zərurətini nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin istinad etdiyi hallar tamamilə yanlışdır. Belə ki, qeyd edilən Sərəncamlar Bakı Apellyasiya Məhkəməsinin icraatından əvvəl məlum olmuş olsa idi, İddiaçı ASC tərəfindən iddia mülki məhkəməyə qədər ilk olaraq İnzibati Məhkəmədə sərəncamların mübahisələndirilməsi hissəsində qaldırılmış olardı. Halbuki, işə baxan Xətai Rayon Məhkəməsində də qeyd edilən sərəncamlar barədə hər hansı məlumat olmamış işi araşdıran məhkəmə tərəfindən də qeyd edilən tikilinin sökülməsi ilə bağlı iddia tam təmin edilməklə sökülməsi qət edilmiş və qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhz həmin proses zamanı sərəncamlar məlum olmuşdur. Məhkəmədə mülki işə baxılan zaman, qarşı tərəfin sərəncamı məhkəmə araşdırmasına təqdim etməsi nəticəsində məlum olmuş, məhkəmədə iddiaçının mübahisələndirilən sərəncam barədə daha əvvəl məlumatın olması öz təsdiqini tapmamışdır. İddiaçının mübahisələndirilən sərəncamı daha əvvəl əldə etmək imkanının olması hazırkı iddianı iddia müddəti tətbiq edərək mümkünsüz saymaq üçün əsas ola bilməzdi. Göründüyü kimi, məhkəmə bu normanı tətbiq etməli olduğu halda, etməmişdir. Beləliklə, mübahisə predmeti qismində cavabdeh Xətai rayon İcra Hakimiyyətinin iki inzibati aktı - xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı və xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamı çıxış edir. Bakı İnzibati Məhkəməsi tərəfindən sərəncamların hazırda qüvvədə olub-olmaması lazımi qaydada yoxlanılmamışdır. İş üzrə cavabdehin xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncam iş materiallarına əlavə edilsə də, digər xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın əldə edilməsi mümkün olmamışdır. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021- ci il tarixli cavab məktubu və Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarına əsasən xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə ilkin torpaqayırma sənədinin Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı olduğunu, qeyd edilən sərəncamın hazırkı halda əyani şəkildə əldə edilməsi mümkün olmasına baxmayaraq Xətai rayon İcra Hakimiyyətinin 283 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamında Xətai RİH-nin 219 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə X5 fərdi ev tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsinin ayrıldığının qeyd edildiyini nəzərə alaraq hüquqi nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Xətai Rayon İcra Hakimiyyəti Başçısının 283 saylı xx.xx.2006-cı il tarixli sərəncamında qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə vət. X5 fərdi ev tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Vət. Ə.Ə.Əliyev ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək bildirir ki, ona ayrılmış torpaq sahəsində fərdi evin tikintisi başa çatdırılmışdır. Odur ki, göstərilən tikinti sahəsi istismara qəbul edilib hüquqi qeydiyyatdan keçirilsin. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/4613 saylı, xx.xx.2006-cı il tarixli məktubu ilə yuxarıda göstərilən ünvan Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 1-ci döngə ev 14 kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının X3 ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-05413-2022 nömrəli bildirilmişdir ki, Xətai Rayon İH-nin arxiv fondu üzrə 1998-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. X6 barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6805 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10/6805 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, qərardadın 1-ci və 2-ci sualları üzrə: kanalizasiya kollektorunun yeraltı olması və həmin kollektorun dəqiqliklə hansı istiqamətdə uzanması məlum olmadığından mübahisə predmeti olan tikilinin qeyd olunan kanalizasiya kollektorunun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşməməsini və həmin kanalizasiya kollektoru ilə mübahisəli tikili arasındakı məsafəni müəyyən etmək mümkün olmamışdır. Lakin naturada təqdim edilən kanalizasiya quyusu ilə mübahisə tikili arasındakı məsafənin 29.20 m olduğu müəyyən olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinin ünvan 4 ünvanında torpaq sahəsinin X5 ayrılması barədə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsini mübahisələndirir. Birinci instansiya məhkəməsi iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməsi əsası ilə iddianı mümkünsüz hesab etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsini mübahisələndirdiyindən hazırki iş üzrə əsas iddia tələbi mübahisələndirmə haqqında iddiaya aiddir. Bu əsasdan kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın mümkünlüyü məsələsi məhz mübahisələndirmə haqqında iddia növü üzrə yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamını və xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamını mübahisələndirərək, qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Həmçinin Kollegiya bildirir ki, mövcud qanunvericiliklə yanaşı mübahisələndirilən sərəncamların qəbul olunduğu dövrdə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də qeyd olunur ki, “Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir”. Qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyinə görə mübahisəli kanalizasiya kollektoru 1970-ci ildən istismara verilmiş, mübahisəli fərdi yaşayış evi isə ən tezi 1998-ci ildə tikilmişdir. Məhkəmə araşdırmasından isə aydındır ki, iddiaçı 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəli əmlakın üzərində yerləşdiyi güman olunan diametri 1200 mm olan kanalizasiya kollektoruna xidməti, nəzarət işlərini həyata keçirir. Belə olduğu halda 20 ildən artıq müddət ərzində iddiaçı tərəfindən həmin tikilinin müəyyən edilməməsinin və ya həmin tikilinin mövcud olmasına əsas verən sərəncamların iddiaçıya məlum olmamasının inandırıcı və ağlabatan hesab olunmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bu mövqeyə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı müvafiq sərəncamların ləğvi ilə bağlı iddia qaldırmazdan uzun müddət əvvəl həmin sərəncamlar barəsində məlumatlı olmuş(olmalı idi) , bu hal iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Belə olan halda məhkəmə iddiaçıya müddətin bərpası ilə bağlı ərizə təqdim edilməsinə zərurət görməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün həm əvvəllər qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliklə müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 saylı iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Səadət Bəktaşi Hakim: Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1056/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1056/2023
13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver