Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1057/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarınıb qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3137/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3137/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bağçının üzvlük kitabçasına əsasən o, 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin 05 mart 1990-cı il tarixli, 10 saylı protokoluna əsasən istifadəsinə sahəsi 900 kv. metr olan 47 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07.08.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adma Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən o, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və ‘26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 900 kv. metr olmaqla 47 saylı sahə ayrılmışdır. Həmçinin “Şabandağ” X1 üzvlərinin təsdiqlənmiş ümumi siyahısında onun adı sıra nömrəsi ilə 47-ci olaraq göstərilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, həmçinin “Şabandağ” bağşılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin axrivinə təhvil verilməməsi və təsərrüfat üzvlərinin siyahısında onun adının aşkar olunmaması ilə əlaqələndirmişdir. Hazırkı bağçılıq sahəsi ilə bağlı artıq şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağ sahələrini rəsmiləşdirilərək, qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) mübahisəli bağ massivindən 20 Yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ” bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 №li, 16.12.2005-ci il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Hazırda ən azı 3 şəxs öz bağ sahələrini dövlət qeydiyyatından keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, 1976-cı ildən Ə.Əmirov adına NQÇİ-də mühəndis işləyən İddiaçı 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Hacı Həsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən 07.08.1991-ci il tarixli qərarla sahəsi 900 kv. metr olan 47 nömrəli bağ sahəsi ayrılmışdır. - “Şabandağ” X1 sədri L.Mirəliyeva tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısından görünür ki, İddiaçı adı 47-ci nömrədə qeyd olunmuşdur. - İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********75 №li 31.08.2020- ci il tarixli məktubla bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmişdir. Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. İşdən aydındır ki, cavabdeh orqan iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmamalı olması qənaətinə gələrkən həmin torpaq sahəsinin başqa hüquqi şəxsə məxsus torpaq sahəsilə üst-üstə düşməsinə əsaslanmışdır. Bakı şəhər İcra hakimiyyəti başçısının 16.12.2005-ci il tarixli 330 №li sərəncamının surətindən görünür ki, X4 05.08.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X4 adına X5 kitabında 12.01.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. İş materiallarında olan 24.09.2021-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli 10/5358 saylı ekspert rəyindən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra hakimiyyəti başçısının 16.12.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X6 kitabında 12.01.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən ərazi “Azneft” İB Əmirov adına NQÇİ-nin ərazisidir. İşin qeyd edilən hallarından da aydın olduğu kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin harda yerləşməsinə dair hər hansı bir müəyyənedici sənəd təqdim edə bilməmişdir. Naturada göstərdiyi torpaq sahəsinin isə müvafiq icra hakimiyyəti orqanının sərəncamla digər bir hüquqi şəxsin adına, “Heydər Əliyev” Fonduna ayrılmış torpaq sahəsilə üst-üstə düşməsi isə iş materialları ilə öz təsdiqini tapır. Digər tərəfdən, kollegiya bildirir ki, mübahisəli torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.12.2005-ci il tarixli, 330 nömrəli sərəncamı da hər hansı qaydada mübahisələndirilməmiş, hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR MM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3137/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1057/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1057/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver