Məhkəmə qərarları › İş №2-1(103)-1057/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1057/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1057/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8437/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan X8 2002-ci ildə ailə quraraq bu ünvanı tərk edərək getmişdir. Həmin vaxtdan da bu ünvanda yaşamır və heç bir əlaqəsi yoxdur. Daimi olaraq başqa yerdə yaşayır. Onun pasport qeydiyyatında qalması iddiaçının mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxs bu mənzildə yaşamır, ona aid bu mənzildə heç bir əşya və əmlak qalmamışdır, bu mənzilə heç bir aidiyyəti yoxdur və bu ünvana olan hüquqlarını artıq itirmişdir. Mənzilə dair order iddiaçının nənəsi X7 (vəfat edib), X2 (vəfat edib), anası X3 (vəfat edib), xalası X1 (RF vətəndaşı) və xalası X4 (Ukrayna vətəndaşı) verilmişdir. Lakin bu mənzildə iddiaçı və 3-cü şəxs qeydiyyatdadır və bu mənzildə iddiaçı yaşayır və təsərrüfatı o, aparır. Göründüyü kimi üçüncü şəxs 2002-ci ildən bu mənzili tərk edərək daimi yaşamağa başqa ünvana getmişdir, həmin vaxtdan da bu ünvanla heç bir əlaqəsi olmamışdır, təsərrüfatı aparmamış, mənzilin saxlanılmasında iştirak etməmişdir və pasport qeydiyyatı formal xarakter daşımışdır. Üçüncü şəxsin 20 ildir bu ünvanda yaşamaması, daimi olaraq başqa yerdə yaşaması, mənzilin sənədləşdirilməsi üçün heç bir təşəbbüs göstərməməsi, marağının olmaması və s. hallar nəzərə alınmamışdır. X11 Konstantinovna vəfat etdikdən sonra bu mənzilə faktiki sahibliyi iddiaçı edir, təsərrüfatı aparır, əmlakın saxlanılması xərclərini çəkir. Həmçinin o, mənzilin sənədləşdirilməsi ilə bağlı təşəbbüs göstərir və bu mənzilin xüsusi mülkiyyət kimi sərəncamına veriləcəyi üçün "xüsusi gözləntiyə malikdir". Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarında görünür ki, iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan - ünvan 2aylı mənzili iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubdan da görünür ki, ümumiyyətlə Bakı şəhəri, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, ev 203B, 30 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı həmin ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ünvana dair mərhum X6 adına 78507 nömrəli 10 noyabr 1968-ci il tarixli order verilsə də, həmin mənzil hazırda hər hansı şəxsin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Belə olan halda, iş üzrə İddiaçı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə münasibətdə mənzillə bağlı üstün hüquqa malik deyil və iddiaçı mülkiyyətçi olmadığından və balanssaxlayıcı ilə müvafiq müqavilə əsasında icarəçi sayılmadığından, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da yaranmış olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir, düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar