Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1058/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Üçüncü şəxslər X7 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər X7 və X6) qarşı “pasport qeydiyatından çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 356/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-356/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “üçüncü şəxslər X3 və X2 ünvan 1 ünvanından pasport qeydiyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının atası X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2ünvanında yerləşən həyət evi miras qalmışdır. X1 həmin həyət evinin tam həcmdə iddiaçıya qalması üçün bəzi hüququ məsələləri həll etmişdir. Belə ki, o, iki şahidin iştirakı ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda vəsiyyətnamə yazaraq bildirmişdir ki, ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu İddiaçı Hüseyin oğluna vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətnamə ilə iddiaçının atası sağlığında qanun üzrə digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Hal-hazırda həmin vəsiyyətnamə qüvvədədir. Bakı şəhəri 9 saylı notariat kontorunun notarusu tərəfindən verilmiş şəhadətnaməyə əsasən iddiaçı tərəfındən həmin əmlakın qəbul edilməsi və həmin əmlakın iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olması qeyd edilmişdir. Atasının vəfatından sonra mübahisəli evlə bağlı iddiaçının bacısı Eyvazova Aidə Hüseyn qızı ona qarşı iddia qaldırmışdır. O, Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli evə köçürülməyi barədə tələbi məhkəmə tərəfındən tam araşdırılmış və iş üzrə qəbul edilmiş 2(004)-344/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə mübahisəli evə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Eyvazova Aidə Hüseyn qızı Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası apelyasiya həmin iş üzrə 2(103)-9151/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti rədd edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş 2(004)- 344/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1486/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Eyvazova Aidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməmişdir.Məhkəmənin iddianın mümkün sayılmamasına gətirdiyi yeganə əsas həmin evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının olmamasıdır. Lakin, məhkəmələr tərəfindən müəyyən edilmiş faktlar və hallar Mülki Prossesual Məcəllənin 82-ci maddəsinədə öz həllini tapmışdır. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Eyvazova Aidə Hüseyn qızının mübahisəli evdə ona məxsus heç bir əşya yoxdur. Eyni zamanda, Ali məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə Eyvazova Aidə Hüseyn qızının heç bir hüququ yoxdur. Beləliklə, Eyvazova Aidə Hüseyn qızının oğlu X2 anasının hüququ olmadığından həmin evdə heç bir bağlılığı olmadığından xüsusilə həmin evdə yaşamadığından qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmaqlarına baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər şikayətə etiraz edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası üçüncü şəxslərin izahatlarını dinləyərək apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxslər X3 və X2 ünvan 1 ünvanından pasport qeydiyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını əsas gətirməklə iddianı mümkün saymamışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırki tələbində iddiaçı üçüncü şəxslər X3 və X2 ünvan 1 ünvanından pasport qeydiyatından çıxarılmasını tələb edir. İşdən görünür ki, iddiaçı qeydiyyatdan çıxarılmasını tələb etdiyi mübahisəli daşınmaz əmlaka dair əşya hüququnun olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (mad. 152.1) Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (mad 157.1) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (mad. 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (mad. 157.8). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (mad.158.4). İddiaçı həmin evlə bağlı vəsiyyətnamənin mövcudluğuna və onun vəsiyyət üzrə vərəsə olaraq atasından qalmış bütün əmlaka, o cümlədən, hazırki mübahisəli evə sahib olmasını iddia etsə də qeyd edilən hal iddiaçının həmin evə dair hüququnun mövcudluğuna dəlalət etmir. İşdən, eləcə də tərəflərin izahatından da müəyyən olunur ki, mübahisəli evə dair miras qoyanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi miras, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlakdır. Hazırki mübahisə predmeti olan mübahisəli ev miras aktivinə daxil olmadığından iddiaçının da həmin evlə bağlı vərəsəlikdən irəli gələn əmlak hüquqları yaranmamışdır. Belə olan halda iddiaçının həmin evə dair hər hansı əşya hüququnun, o cümlədən evə dair pasport qeydiyyatından çıxarma ilə bağlı subyektiv hüququnun müdafiəsindən bəhs edilə bilməz. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı) Məhkəmə subyektiv hüququn olmaması ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-317/2019cu il tarixli qətnaməsi ilə İddiaçı X5 və X4 qarşı onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə təmin edilməmişdir. Həmçinin, işdən müəyyən olur ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında qeydiyyatı müvəqqəti xarakter daşıyır, mübahisəli evə dair daimi qeydiyyatı yoxdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 15/15 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Kollegiya apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-344/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin mübahisəli evə köçürülməsi barədə iddianın rədd edilməsi özlüyündə hazırki iddiaçının üçüncü şəxsi həmin mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etməyə hüquqi əsas vermir. Yuxarıda qeyd edilən normalara və işin faktiki hallarına əsasən mənzildən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququ həmin daşınmaz əmlakla bağlı əmlak hüququna sahib şəxsə məxsusdur, iddiaçının isə həmin evlə bağlı əmlak hüququnu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırkı iddianın qaldırılması üçün iddianın mümkünlük şərtləri ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmamışdır. Bu əsasdan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-356/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1058/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1058/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver