Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1059/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlunda və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2023 saylı 11 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 265 saylı sərəncamı əsasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Yeni massiv küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m. olan torpaq sahəsi alıcı İddiaçı verilmişdir. Təqdim edilmiş sənədlərə əsasən torpaq sahəsinin dəyəri tam şəkildə ödənmiş, İddiaçı ayrılan sahənin sxemi və baş plandan çıxarış bələdiyyə tərəfindən təsdiq edilmişdir.
2. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Həmin imtina məktublarından narazı qalan İddiaçı (digər iddiaçılarla birlikdə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının (nümayəndəsinin) ərizəsi əsasında iddia tələbi “İddiaçı Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, X4 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, X2 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi” kimi dəyişdirilmişdir. İddiaçılar qismində X5, X6 və İddiaçı nəzərə alınmışdır.
5. Sonradan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı, X5, X10, X8 və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi" tələbinə dair 2-1(112)-9811/2022 nömrəli inzibati işindən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi”, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi", iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “çıxarışın verilməsi" tələbi üzrə icraat ayrıca icraata ayrılmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının anasına (X6) məxsus fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı üçün əsas Qala qəsəbə bələdiyyəsi tərəfindən verilmiş torpaqayırma sənədləri olmuşdur. Fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda torpaq sahəsinin faktiki sahəsi (torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə göstərildiyi kimi) 0,12 ha olaraq göstərilmişdir. İddiaçının anasına məxsus həmin torpaq sahəsi iddiaçıya məxsus torpaq ilə bir hasar daxilində yerləşməklə qonşu torpaqlardır.
7. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər, Xəzər rayonu, Qala Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda İddiaçı Əzizbəyov (Xəzər) rayonu, Qala bələdiyyəsi sədrinin 265 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Qala qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin mövcud arxiv sənədlərinin təsdiq olunmuş sürətləri məhkəməyə təqdim olunmuşdur. Bədədiyyə tərəfindən təqdim edilmiş sənədlərə əsasən İddiaçı Zalov qızına xx.xx.2005-ci il tarixli 265 nömrəli sərəncamla fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmış, onunla bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında eyni tarixli müqavilə bağlanmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (digər iddiaçılarla birlikdə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonunun Qala Bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli 265 saylı sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək iddiaçıya verilmişdir. Ayrılmış torpaq sahəsinin dəyəri tam şəkildə bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış, həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıların müraciətini təmin etməmişdir.
11. Cavabdeh orqan iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi. 12.Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1457/2023 saylı 11 may 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli, 265 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş fərdi yaşayış evinə dair texniki pasportda evin təfərrüatlı planı və torpaq sahəsinin faktiki ölçüsü 0,12 ha olaraq göstərilmişdir. Texniki pasport müvafiq bələdiyyə qərarı ilə tamamlanmaqla torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və təqdim edilmiş cizgidə isə istinad və məsafələr qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olmasını təyin etmək mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən 3 nömrəli Qala-Zeytunçuluq Sovxozunun Bakı şəhəri inzibati ərazi sərhədləri daxilində qalan hissəsində yerləşir və dövlət mülkiyyətindədir. Bundan əlavə, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmiş və yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(103)-277/2024 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, R.Ə.Səmədov və E.Ə. Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2023 saylı 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2024cü il tarixli, 2-1(102)-2610/2024 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(103)-277/2024 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
19. Eyni zamanda 01 noyabr 2024-cü il tarixli, 2-1(102)-2610/2024 saylı iş üzrə hakim Zakir Quliyev xüsusi rəy verərək, hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(103)-277/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20.Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə dair etiraza daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Əzizbəyov rayonunun Qala Bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli 265 saylı sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsini tələb edir.
30. Cavabdeh orqan isə sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsini bildirərək, iddianı təmin etməmişdir. Torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının müşayət məktubunda isə torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarında sahənin dövlət mülkiyyəti torpağına aid edilməsi və bələdiyyə ərazisinə aid olması ilə bağlı məlumatın olmamasını qeyd etmişdir.
31. İş materiallarından müəyyən olunur ki, sözügedən torpaq sahəsi Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 265 saylı sərəncamı əsasında bağlanmış alqı-satqı müqaviləsi ilə iddiaçıya verilmişdir.
32. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
33. Belə ki, Bakı şəhəri Xəzər rayon Qala Bələdiyəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Qala Bələdiyyəsinin yurisdiksiyasına torpaq sahələrinin ayrılmasına dair müvafiq sərəncam Qala Bələdiyyəsində mövcud deyildir.
34. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Xəzər Rayon İcra Hakimiyyətində Qala Bələdiyyəsinə aid sənədlər mövcud deyildir.
35. Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, arxivdə aparılmış araşdırma zamanı Əzizbəyov rayonu Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 265 nömrəli Sərəncamı ilə İddiaçı 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat, eyni zamanda Qala bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid ayrıc aktları aşkar edilməmişdir.
36. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bələdiyyələrə torpaq sahələrinin ayrılmasına dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
37. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Qala Bələdiyyəsinin yurisdiksiyasına torpaq sahələrinin ayrılmasına dair müvafiq Sərəncamın və vətəndaşlara ayrılması üçün nəzərdə tutulmuş torpaq sahələrinin xəritədən çıxarışı Mərkəzin arxivində aşkar edilməmişdir.
38. İş materiallarından göründüyü kimi sözügedən torpaq sahəsi Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 265 saylı sərəncamı əsasında bağlanmış alqı-satqı müqaviləsi ilə iddiaçıya verilmişdir. Həmin Sərəncamın surəti Dövlət Arxivinin Bakı filialında mövcuddur.
39. Məhkəmə tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq əldə edilən sənədlərdən müəyyən edilir ki, qeyd edilən ərazidə Qala bələdiyyəsi tərəfindən bir ailənin üzvlərinə (İddiaçı, onun anası X6 və bibisi X5) hər birinə 0,12 olmaqla torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Cavabdeh orqan tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yerləşən 61 G saylı evə dair X3 adına tərtib olunmuş çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. X4 məxsus fərdi yaşayış sahəsinə cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********40-10301) çıxarış verilmişdir.
40. Bundan başqa eyni hasar daxilində yerləşən X2 və X4 ayrılmış torpaq sahələrinə dair DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin arxivində saxlanılan və torpaq sahələrinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin iştrakı ilə təstiq edilmiş sxeminin surətindən görünür ki, Qala bələdiyyəsinin inzibati ərazisi müəyyən edilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Səyyarə Zülfüqarovanın iddia tələbi üzrə keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin Qala bələdiyyəsinin hüdudları daxilində yerləşməsi öz əksini tapmışdır. Qeyd olunan iddia tələbi üzrə Səyyarə Zülfüqarovanın iddia tələbi təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, eyni hasar daxilində yerləşən və eyni qurum tərəfindən ayrılan torpaq sahəsinin bir hissəsinin təmin edilməsinə cavabdehin razı olub digər torpaq sahəsi üzrə verilən iddia tələbi üzrə etiraz etməsi cavabdeh təşkilat tərəfindən bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyindədir və həmin torpaq sahəsi Qala bələdiyyəsi tərəfindən iddiaçıya ayrıldıqdan sonra elektron kadastr baza məlumatlarında dövlət torpağı kimi qeyd olunması iddiaçının həmin torpaqla bağlı gözləntili mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində sadalanan bələdiyyə səlahiyyətləri arasında ən mühimi onun sahibliyində olan əmlaklar üzərində sərəncam xarakterli hərəkətlərin yerinə yetirilməsidir. Təsadüfi deyil ki, bununla bağlı 29 iyun 2001-ci ildə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və 15 mart 2002-ci ildə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Qeyd olunan Qanun və Əsasnamədə bələdiyyələrə ayrılmış torpaq sahələri üzərində sərəncam vermək qaydası və müddətləri müəyyən edilib.
43. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyələrə torpaq sahəsi ayrılmasa Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsindən irəli gələn səlahiyyətlərin onlar tərəfindən həyata keçirilməsi mümkünsüz olar. Belə ki, torpaq sahəsi təhkim olunmayan bələdiyyələr nə torpaq vergisini tələb edə, nə də Qanundan irəli gələn səlahiyyətlərini həyata keçirə bilməz. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr vergitutma obyektinin dəyəri və sahəsi əsasında, vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi üzrə vergi ödəyicilərindən vergiləri tuturlar.
44. Göstərilənlər bir daha ona dəlalət edir ki, elektron kadastr məlumat bazasında torpaq sahəsinin dövlət torpağı kimi göstərilməsi cavabdeh təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.2-ci maddəsinin tələblərinə əsaslanmasından irəli gəlir. Belə ki, Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin o, cümlədən bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
45. Qeyd olunmalıdır ki, eyni hasar daxilində yerləşən digər torpaq sahəsinin DƏDRX-nin arxivində saxlanılan sxemi əsasında göstərilən ərazinin Qala bələdiyəsinin inzibati ərazisi olması müəyyən edilib. Lakin buna baxmayaraq cavabdeh təşkilat həmin ərazinin Qala bələdiyyəsinə aidiyyatının olmamasını bildirir.
46. Nəzərə alınmalıdır ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 qərarında (33-cü bənd) qeyd edilmişdir ki, “İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir”.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2023 saylı 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2023 saylı 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.