Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-106/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 5130 saylı 28.06.1979-cu il tarixli fərqlənmə attestatından görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdən 25.06.1979-cu il tarixə kimi 22 nömrəli şəhər texniki peşə məktəbində quraşdırıcı çilingər peşəsi üzrə təhsil almışdır. ZT seriyalı 047590 saylı 10.03.1986-cı il tarixli diplomdan görünür ki, Əhəd İmayılov 1982-ci il tarixdən 1986-cı il tarixə kimi Bakı Politexnik Texnikumunda təhsil almışdır. BE seriyalı 044664 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 16.12.1979-cu ildən 24 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. M/V seriyalı 003137 saylı 26.12.1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İddiaçı iş stajının təsdiq olunması ilə bağlı əmək kitabçasını itirdiyi üçün onu təqdim edə bilməmişdir. İddiaçı işlədiyi dövrlə bağlı arxiv arayışlarını cavabdeh inzibati orqana təqdim edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 3 may 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04.06 1960-cı il təvəllüdlüdür. 01 sentyabr 1977-ci ildən 25 iyun 1979-cu ilə kimi 22 saylı Texniki Peşə Məktəbində quraşdırıcı-çilingər peşəsi üzrə təhsil alıb. Ona məxsus Əmək kitabçasını naməlum şəraitdə itirmişdir. Bu barədə mətbuatda 1 may 2020-ci il tarixdə elan verilmişdir. 21.11.1979-cu ildən 24.11.1981-ci ilə qədər hərbi xidmətdə olub. 22.02.1982-ci ildən 30.06.1983-cü ilə qədər Bakı Baş Tikinti idarəsinin 17 saylı Tikinti idarəsində çilingərquraşdırıcı peşəsi üzrə işləmişdir. 29.07.1983-cü ildən 01.05.1995-ci ilə qədər Bakı Qazan Mexaniki zavodunda qazançı peşəsi üzrə işləmişdir. 03.12.1992-ci ildən 03.03.1993-cü ilə qədər üç aylıq hazırlıq zabitlər kursu keçmişdir. 03.03.1993-cü ildən 08.06.1997-ci ilə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Kəlbəcər, Füzuli, Ağdam, Tər- Tər) iştirak etmişdir. 04.08.1997-ci ildən 01.10.2004-cü ilə qədər Bakı Qazan Mexaniki zavodunda mühəndis vəzifəsində işləmişdir. 10.10.2004-cü ildən hal-hazıra kimi "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işləyir. Güzəşt hüququ verən (qazançı və qaynaqçı) peşələri üzrə əmək stajı 20 (iyirmi) ildən çoxdur. Hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Lakin onun bu barədə tələbi cavabdeh tərəfindən təmin olunmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş, ümumiyyətlə məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamış və iş stajı düzgün hesablanmamışdır. Onun ümumi iş stajı 25 ildən, güzəşt hüququ verən (qazançı və qaynaqçı) peşələri üzrə əmək stajı 20 ildən çoxdur. İşlədiyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin əks olunduğu Siyahıda müəyyən edilmişdir, istinad kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərinin" 2 nömrəli siyahısı göstərilir. Həm məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəlim Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərinin" 2 nömrəli siyahısının İİİ hissəsində Metallurgiya istehsalatı bölməsində 2040100a kodu və 2040100a-13144 kodu ilə onun çalışdığı peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi göstərilmiş, həm də "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 3.1.a bəndinə əsasən metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançı peşəsi üzrə və həmin qərarın 14.2.a bəndinə əsasən "Tikinti materialları istehsalı" sahəsində qaynaqçı peşəsi üzrə ən azı 12 il 6 ay iş stajına malik olanlar 57 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Ona güzəştli şərtlərlə pensiya hüququnun verilməsi üçün tələb olunan 3 şərtin hər üçü də mövcuddur. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya məxsus sənədlərin təhlili zamanı onun iş stajının 25 ildən az olduğu müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 5130 nömrəli fərqlənmə attestatından görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdən 25.06.1979-cu il tarixə kimi 22 nömrəli şəhər texniki peşə məktəbində quraşdırıcı çilingər peşəsi üzrə təhsil almışdır. BE seriyalı 044664 saylı 19.09.1986-cı il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 16.12.1979-cu ildən 24 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00275-2020 saylı 25.08.2020-ci il tarixli arayışından müəyyən edilir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ATSC-nin arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 29.07.1983-cü il tarixli əmrlə 3-cü dərəcəli qazançı vəzifəsinə işə qəbul olunması, 1995-ci ilə dair əmək haqqı cədvəllərində 01.05.1995-ci il tarixli 272 saylı əmrlə işdən azad olunması, yenidən 2004-cü ilə dair şəxsi vərəqələrdə 04.08.1997-ci il tarixli 47/k saylı əmrlə 04.08.1997-ci il tarixdən kommersiya şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunması, 01.10.2004-cü il tarixli 26 saylı əmrlə ixtisarla əlaqədar olaraq 01.10.2004-cü il tarixdən işdən azad olunması, 1991,1992,1993, 1994,1995, 1997-ci illər, 2001-ci ilin yanvar ayı, 2004-cü ilin noyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. "xxxx" ATSC-nin arxiv sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı barəsində heç bir məlumatın olmadığı və zərərli işlə bağlı olan güzəştlər barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı məlumatın saxlanmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi güzəştli şərtlərlə əmək pensiya hüququ verən peşələrdə çalışdığını qeyd etməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda onun işlədiyi peşə öz əksini tapmamışdır. Adıçəkilən Siyahının İİİ hissəsində “Metallurgiya istehsalatı (qara metallar)” bölməsinin “Domna istehsalatı” yarımbölməsində fəhlə sinfinə daxil olan peşələr siyahısında “metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar” (kod2040100a-13144) nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının işlədiyi vəzifələrin və sahənin sözügedən Siyahıda qeyd olunan sahəyə və vəzifəyə uyğun gəlmədiyini müəyyən edərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 31.05.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 28.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunmamış, müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim olunacağı təqdirdə müraciətinə baxılacağı bildirilmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı dövründə cavabdeh iddiaçının tələbinə münasibət bildirməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın hərəkətlərini imtina kimi qiymətləndirərək iddiaya mahiyyəti üzrə baxmış, iddiaçının təhsil və xidmət dövrü də nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün tələb olunn 25 il ümumi iş stajının mövcud olmadığına istinad edərək nəticədə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinə münasibət bildirilməmiş, məsələyə cavabdeh inzibati orqan tərəfindən baxılarkən inzibati icraat aparılmamış, bu barədə materiallar yığılmamış, maraqlı şəxs (iddiaçı) həmin inzibati icraata dəvət edilməmiş, dinlənilməmiş, bununla da inzibati icraat haqqında qanunvericiliyin müvafiq tələbləri poulmuşdur. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1396/2021 saylı 16.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı 04.06.2017-ci il tarixdən güzəşli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünlüyünün müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən araşdırılma aparılması və bunun üçün cavabdeh inzibatı orqana iki ay müddətin təyin edilməsi qərara alınmışdır. Həmin qərardadın icrası ilə bağlı 13.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məktubunun məzmunundan görünür ki, İddiaçı 18.05.2020-ci il tarixli müraciətindən başqa Mərkəzi Filiala hər hansı müraciətinin daxil olmamış və bu səbəbdən də sözügedən qərardadın icrasının mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra apellyasiya instansiya məhkəməsində işin mahiyyəti üzrə araşdırılması davam etdirilmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinə münasibətdə cavabdeh inzibati orqanın həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə hərəkətlərini tələbin təmin olunmasından imtina kimi qiymətləndirir, eyni zamanda hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdaklara əsasən düzgün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı ona 57 yaşdan, yəni 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, hüquq münasibətinə iddiaçının 57 yaşının tamam olduğu, yəni 04.06.2017-ci il tarixdə qüvvədə olan qanunun norması tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 57 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədləri, işləməsi barədə arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 21.11.1979-cu ildən 24.11.1981-ci ilədək, 03.03.1993-cü ildən 08.06.1997-ci ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 5130 saylı 28.06.1979-cu il tarixli fərqlənmə attestatından görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdən 25.06.1979-cu il tarixə kimi (1 il 9 ay 24 gün) 22 nömrəli şəhər texniki peşə məktəbində quraşdırıcı çilingər peşəsi üzrə təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş BA-00275-2020 saylı 25.08.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ATSC-nin arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 29.07.1983-cü il tarixli 160/k saylı əmrlə 29.07.1983-cü il tarixdən 3-cü dərəcəli qazançı vəzifəsinə işə qəbul olunması, 1995ci ilə dair əmək haqqı cədvəllərində 01.05.1995-ci il tarixli 272 saylı əmrlə işdən azad olunması, yenidən 2004-cü ilə dair şəxsi vərəqələrdə 04.08.1997-ci il tarixli 47/k saylı əmrlə 04.08.1997-ci il tarixdən kommersiya şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunması, 01.10.2004-cü il tarixli 26 saylı əmrlə ixtisarla əlaqədar olaraq 01.10.2004-cü il tarixdən işdən azad olunması, 1991, 1992, 1993, 1994,1995, 1997-ci illər, 2001-ci ilin yanvar ayı, 2004-cü ilin noyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. "xxxx" ATSC-nin arxiv sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Zərərli işlə bağlı olan güzəştlər barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00343-2020 saylı 01.09.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsi 17 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 18.02.1982-ci il tarixli 18/k saylı əmrlə 22.02.1982-ci il tarixdən 4-cü dərəcəli çilingər quraşdırıcı vəzifəsinə işə qəbul olunması və 04.07.1983-cü il tarixli 63-k saylı əmrlə 30.06.1983-cü il tarixdən öz xahişi ilə işdən azad olunması və 1982, 1983-cü illərə dair hesabat cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar vardır. Apellyasiya baxışı zamanı İddiaçı 29.07.1983-cü il tarixdən 01.05.1995-ci il tarixə qədər işlədiyi Bakı Qazan Mexaniki ATSC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin, o cümlədən müəssisənin nizamnaməsinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 17.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, 07.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC (VÖEN **********) 29.01.2009-cu il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət qeydiyyyatından çıxarılmışdır. Həmçinin adı çəkilən İdarədən 19.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Qazan Mexaniki zavodu 23.11.1993-cü ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən Bakı-Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin əmr kitablarından İddiaçı aid 29.07.1983-cü il tarixli 160/k saylı işə daxil olma və 01.05.1995-ci il tarixli 272 saylı işdən azad olunma əmrlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 18.02.2022-ci il tarixdə daxil olmuş məktubun məzmunundan görünür ki, Filialda saxlanılan Bakı-Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin əmr kitablarında İddiaçı 160/k saylı 29.07.1983-cü il tarixli əmrlə 19.07.1983cü il tarixdən 3-cü dərəcəli qazançı vəzifəsinə işə qəbul olunması barədə məlumatlar mövcuddur. Həmin idarənin 1995-ci ilə dair əmr kitablarında onun işdən azad olunması barədə heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş 160/k saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.07.1983-cü il tarixdən haqqı ödənilməklə birhəftəlik sınaq müdəti ilə qaynaqçı peşəsinə qəbul edilmişdir. Bununla da sadalanan sübutlarla, o cümlədən arxiv arayışları və məhkəmə sorğularına verilmiş cavab məktublarından müəyyən olunur ki, iddiaçının 22.02.1982-ci il tarixdən 30.06.1983-cü il tarixədək və 29.07.1983-cü il tarixdən 01.05.1995-ci il tarixədək işlədiyi hər iki müəssisə- Bakı Baş Tikinti İdarəsi 17 saylı Tikinti idarəsi və Bakı Qazan Mexaniki ATSC hüquqi şəxs kimi mövcud olmuşlar. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək olan ümumi stajı 01.09.1977- 25.06.1979 (1 il 9 ay 24 gün) peşə təhsili dövrü, 21.11.1979- 24.11.1981 (2 il 3 gün), 01.06.1995- 08.06.1997 (2 il 7 gün) hərbi xidmət dövrləri, arxiv arayışları ilə təsdiq olunan 22.02.1982- 30.06.1983 (1 il 4 ay 8 gün) çilingər-quraşdırıcı işlədiyi dövr, 29.07.1983- 01.05.1995 (11 il 9 ay 2 gün) qazançı işlədiyi dövr (03.03.1993-cü ildən 08.06.1995-ci ilədək hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşür), 04.08.1997- 30.11.1997 (4 ay), 2001ci ilin yanvar ayı (1 ay), 2004-cü ilin noyabr ayı (1 ay) mühəndis işlədiyi dövrlər nəzərə alınmaqla 19 il 5 ay 14 gün təşkil edir. İddiaçı 01.01.2006-cı il tarixdən sonra işlədiyi dövrlə bağlı 10.10.2004-cü il tarixdən "xxxx" MMC-də qaynaqçı işlədiyini bildirir. Həmin müəssisənin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məhkəməyə məlumat verilməsi, qeydiyyatdan keçdiyi təqdirdə MMC-nin reyestrdə aparılan qeydiyyat məlumatlarına dair sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 19.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, İdarədə olan reyestrdə "xxxx" MMC adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan sonra iddiaçı apellyasiya baxışı zamanı müxtəlif fiziki şəxslərin (VÖEN alan) yanında əmək müqaviləsi ilə “qaynaqçı” peşəsində işlədiyini bildirərək bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışları və fərdi şəxsi hesab vərəqələrini (sosial arayışı) məhkəməyə təqdim etmişdir. İddiaçının təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən məlum olmuşdu ki, iddiaçı ilə X3 arasında 01.09.2014-cü il tarixdə əsas və X7 arasında isə 04.10.2014-cü il tarixdə əlavə əmək müqavilələri bağlanmış, hər iki müqavilənin növü “müddətsiz” qeyd edilmişdir. Adı çəkilən fiziki şəxslər, həmçinin X4 tərəfindən iddiaçının xeyrinə əmək haqqından sosial sığorta yığımlarının ödənildiyi müəyyən olunmuşdu. Qeyd olunan hallarla bağlı fiziki şəxs kimi X5 (VÖEN **********) yanında “qaynaqçı” və fiziki şəxs kimi X1 (VÖEN **********) yanında “texnoloq, qaynaqçı” peşələrində iddiaçının işləməsi və onun xeyrinə sosial sığorta yığımlarının ödənilib-ödənilmədiyi ilə bağlı müvafiq məlumatların məhkəməyə təqdim olunması üçün sorğular verilmişdir. Həmin sorğu məktublarına cavab olaraq məhkəməyə daxil olmuş məktubların məzmunundan görünür ki, İddiaçı ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən 01.09.2014-cü ildən 01.01.2017-ci il tarixədək fiziki şəxs X1 yanında “qaynaqçı” vəzifəsində qüvvədə olmuş əmək müqaviləsi və 04.10.2014-cü il tarixdən fiziki şəxs X5 yanında “qaynaqçı” vəzifəsində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilmişdir. Sığortaedənlər Zahir Heydərov və Gövhər Ələkbərova tərəfindən sığortaolunan İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilmişdir. Sorğuya cavab məktublarına əlavə edilmiş sığortaolunanın hesabından çıxarışdan görünür ki, sığortaedən Zahir Heydərov tərəfindən 2006-cı ilin dekabr ayı, 2007-ci ilin yanvar, aprel, may, iyun, 2008-ci və 2009-cu ilin bütün ayları, 2013-cü ilin yanvar-iyun ayları, 2014-cü üçün dekabr, 2015-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə (cəmi 40 ay), digər sığortaedən Gövhər Ələkbərova tərəfindən isə 2014-cü ilin mart, aprel, may, iyun, 2015-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə (cəmi 7 ay) İddiaçı xeyrinə (47 ay üzrə) sosial sığorta haqları ödənilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi 3 saylı Bakı DOST Mərkəzinin təsdiqlədiyi sosial arayışdan görünür ki, iddiaçının fiziki şəxs X2 yanında işlədiyi dövrlərdə də sığortaedən tərəfindən onun xeyrinə 2010-cu ilin yanvar- sentyabr ayları, 2011-ci ilin yanvar, mart, aprel, may, iyun, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2012-ci ilin mart, aprel, may, sentyabr, oktyabr ayları üzrə (cəmi 23 ay) sosial sığorta haqları ödənilmişdir. Belə olan halda iddiaçının 01.01.2006-cı ildən sonrakı dövr üzrə işlədiyi əmək stajı həm 3 saylı Bakı DOST Mərkəzinin təsdiqlədiyi sosial arayışın məlumatları, həm də məhkəmə sorğusuna əsasən verilmiş cavab məktublarından müəyyən olundu ki, 5 il 10 ay təşkil edir. Beləliklə, iddiaçının hər iki dövr (01.01.2006-cı ilədək və ondan sonrakı dövr) üzrə ümumi stajı 57 yaşının tamam olduğu 04.06.2017-ci il tarixə 25 il 3 ay 14 gün (19 il 5 ay 14 gün + 5 il 10 ay) təşkil edir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, onun 29.07.1983- 01.05.1995-ci illərdə (11 il 9 ay 2 gün) “qazançı” işlədiyi müəssisə hazırda mövcud deyil, yanında “qaynaqçı” işlədiyi (47 ay= 3 il 11 ay) fiziki şəxslər X1 və X5 fəaliyyətinin isə hazırda da mövcudluğu məlum deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, sözügedən icmal məktubda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən oxşar müəssisə kimi "xxxx" MMC-nin fəaliyyət istiqamətləri, həmin MMC-də zərərli sahədə “qazançı” və “qaynaqçı” (qaz qaynaqçısı və əl ilə qaynaq aparan elektrik qaynaqçısı) vəzifələrinin mövcud olubolmadığı, mövcud olduğu təqdirdə həmin peşələrin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşələrdə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşələrin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşələrin, eyni zamanda iddiaçının işlədiyi “qazançı” və “qaynaqçı” peşələrinin funksiyalarının yuxarıda adıçəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" MMC tərəfindən 31.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, "xxxx" MMC-nin fəaliyyət istiqaməti metal emalı sahəsinə aiddir. Bu sahədə elektrik qaynaqçısı və qazançılar güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Elektrik qaynaqçısı peşəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bölməsinin “Ümumi peşələr”in 23200000-19906 saylı koda, qazançı peşəsində işləyənlər 2 saylı Siyahının 324-cü bölməsinin “Metallurgiya istehsalı (qara metallar kod 2040100a-13144. Metallurgiya avadanlıqlarının təmiri və emalı ilə məşğul olur.)” Qeyd olunmalıdır ki, iddiaçının 29.07.1983- 01.05.1995-ci illərdə “qazançı” işlədiyi "xxxx" Zavodunun məhkəməyə təqdim olunmuş 1993-cü il tarixdə qeydiyyatdan keçmiş nizamnaməsində müəssisənin fəaliyyət istiqamətlərindən biri kimi “qazan-köməkçi avadanlıqların, metal konstuksiyaların, metal məmulatların hazırlanması, satmaq” da göstərilmişdir. Belə olan halda oxşar müəssisə olaraq, həm də metal emalı sahəsində fəaliyyət göstərən "xxxx" MMC-nin verdiyi arayışa qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin arayışda “qazançı” və “qaynaqçı” peşələri zərərli peşə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş Siyahıda müvafiq koda uyğunlaşdırılsa da, həmin peşələrin həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş eyni adlı Siyahıda da əksini tapması nəzərə alınmalıdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 29.07.1983- 01.05.1995-ci illərdə "xxxx" Zavodunda “qazançı” işlədiyi peşə (11 il 9 ay 2 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “3. Metallurgiya istehsalatı” sahəsində qeyd edilmiş “metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar” peşəsinə, fiziki şəxslərin yanında işlədiyi “qaynaqçı” peşəsi (3 il 11 ay) isə həmin Siyahıda “35. Ümumi peşələr” bölməsində qeyd edilmiş “qaz qaynaqçıları” peşəsinə uyğun olmaqla, onun 57 yaşının tamam olduğu 04.06.2017-ci il tarixə xüsusi iş stajı 12 il 6 aydan artıq (15 il 8 ay 2 gün) təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu 04.06.2017-ci il tarixdən təyin edildiyi üçün həmin dövrdə qüvvədə olan qanunun normasına görə (01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nun 9.1 maddəsi) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğu tələb olunmur. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya 57 yaşdan, yəni 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11.02.2021-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 04.06.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-106/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-106/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver