Məhkəmə qərarları › İş №2-1(103)-1060/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1060/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1060/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 4.840,82 manat pensiya məbləğinin tutularaq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra 09.01.2010-cu il tarixindən adıçəkilən şəxsə dair məhkəmə qərarına uyğun olaraq onun pensiyasının növü dəyişdirilərək, 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Həmin şöbə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən Cavabdeh əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı qanunvericiliyin tələblərinə uyğun olaraq 144-ə bölünməli olduğu halda, 72-yə bölünərək pensiya məbləğinin üzərinə əlavə edilmişdir. Bu səbəbdən 01.07.2017- 01.02.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 4.840,82 manat artıq pensiya məbləği ödənilmişdir. Xətai rayon şöbəsi tərəfindən həmin artıq ödənilmiş vəsait Cavabdeh əmək pensiyasından hər ay pensiyanın 10 faizi məbləğində tutulmuşdur. Bu zaman vətəndaşın razılığı alınmamış və ya tutulmaya dair hər hansı məhkəmə qərarı olmamışdır. Adıçəkilən şəxs tutulmanın qanunauyğun olmaması səbəbindən dayandırılaraq vəsaitin ona qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında göstərmişdir ki, ona 09 yanvar 2010-cu il tarixdən məhkəmə qərarlarından sonra 50 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək fəaliyyətini davam etdirdiyi üçün 01 iyul 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı qanunvericiliyin tələblərinə uyğun olaraq 72 aya bölünərək, əmək pensiyasının məbləğinin üzərinə əlavə olunaraq, ödənilmişdir. Aşağıdakı səbəblərdən verilmiş iddia ərizəsi təmin edilməməlidir. Hal-hazırda da o, "xxxx" QSC-də işləyir. İddiaçının iddia etdiyi kimi onun fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı 01.01.2010- 01.01.2017-ci il dövr ərzində 22.447,44 manat pensiya kapitalı 144 aya bölünərsə hər aya düşən pensiyanın üzərinə 155.88 manat əlavə olunaraq, ödənilərsə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinə əsasən pensiya təyin olunduğundan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyası kateqoriyasına keçdikdə yaxud pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədikdə həmən dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında göstərilən pensiya ödənişi müddəti ayların sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə almaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Belə olan halda 22.447,44 : 144 = 155,88 manat, hal-hazırda işləyir. Qanunda göstərildiyi kimi 6 ildən sonra yenidən haqq hesab aparılmalıdır. 155,88 man x 72 ay = 11.223,36 manat edir. 22.447,44 manat – 11.223,36 manat= 11.224,08 manat fərq yaranır. Bu məbləği ona kim ödəməlidir. Ona görə də iddiaçının iddiası tam əsassız olduğu üçün təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən Cavabdeh əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı 72-yə bölünərək pensiya məbləğinin üzərinə əlavə edilmişdir. Bu səbəbdən 01.07.2017- 01.02.2020-ci il tarixləri arasındakı dövr ərzində Cavabdeh ümumilikdə 4.840,82 manat artıq pensiya məbləği ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cvabdehdən tutularaq ona geri qaytarılmasını tələb edir. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli 2-1(112)-3855/2021 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş pensiya məbləğinin azaldılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 01 yanvar 2020-ci ildən onun aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən 184,14 manat məbləğinin bərpa olunaraq bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli 2-1(112)-3855/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh təyin olunmuş pensiya məbləğinin azaldılması barədə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 01 yanvar 2020-ci ildən iddiaçı Cavabdeh aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən 184,14 manat məbləğinin bərpa olunaraq bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması və həmin hərəkətlərin edilməsinin (məhkəmə qərarı və əmək pensiyaçısının razılığı olmadan) DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Qərardan narazı qalan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli 2- 1(103)-1510/2021 saylı qərardadı ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizənin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17.07.2021-ci il tarixli **********2 saylı məktubla məhkəməyə təqdim olunmuş Cavabdeh pensiya işinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə, müavinət təyin edən komissiyanın 21.11.2011-ci il tarixli 1236 nömrəli qərarı ilə Cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında 31 oktyabr 2013-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Cavabdeh pensiya məbləği məhkəmə qərarına əsasən yenidən hesablanmışdır. DSMF Xətai rayon şöbəsinin 20 iyul 2017-ci il taixli sərəncamının surətindən müəyyən olunur ki, Cavabdeh 01.07.2017-ci il tarixdən ömürlük 897,24 manat məbləğində pensiya təyin olunması qərara alınmışdır. DSMF Xətai rayon şöbəsinin “Pensiya miqdarının dəyişdirilməsi haqqında” sərəncamının surətindən müəyyən olunur ki, Cavabdeh 01.07.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək ümumilikdə 4.840,82 manat artıq hesablanmış pulun tutulması qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə 18.06.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh 09.01.2010-cu il tarixdə pensiya təyin olunmuşdur. Pensiyanın yenidən hesablanma səbəbi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1 (6 il və daha çox işlədiyinə görə) maddəsi olmuşdur. Müraciət tarixi 13.07.2017-ci ildir. Hazırki pensiya məbləği 1060 manat 35 qəpik. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, DSMF Xətai rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən Cavabdeh əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının qanunvericiliyin tələblərinə uyğun olaraq 144-ə bölünməli olduğu halda, 72-yə bölünərək pensiya məbləğinin üzərinə əlavə edildiyi və bu səbəbdən də sonuncuya 01.07.2017-01.02.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4.840,82 manat artıq pensiya məbləğinin ödənildiyi barədə iddiaçının dəlilləri əsaslıdır. Qeyd olunan məbləğin cavabdehdən alınaraq, ona geri qaytarılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır və bu barədə iddia təmin oluna bilməz. Bununla yanaşı, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək Spensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsiəmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsi əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X3 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PASa daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir Həmin Qaydaların 2.13-cü bəndinə əsasən Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. Göründüyü kimi pensiyanın müəyyən edilməsi (yenidən hesablanması) iddiaçı inzibati orqanın yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və ya onun müvafiq şöbələri, idarələri) tərəfindən həyata keçirilir və pensiyanın müəyyən edilməsi zamanı hesablamaların səhv olmasına görə vətəndaş (pensiya təyin olunmuş və ya pensiyası yenidən hesablanmış şəxs) məsuliyyət daşıya bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. İnzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar