Məhkəmə qərarları › İş №2-1(103)-1060/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1060/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1060/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Əlövsət oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2024 saylı, xx.xx.2024-cü tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanda yerləşən bağ sahəsinə dair X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********27 saylı reyestr nömrəli çıxarışına əsasən torpağın plan-ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-272/2024 saylı, xx.xx.2024-cü tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmə barədə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar