Məhkəmə qərarları › İş №2-1(103)-1062/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1062/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1062/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Quba şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3659/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2017-ci ilədək işləməsi nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı Eksperimental zavodunda işləmiş, 1977-ci ilin oktyabr ayından xx xxxxxx 1979-cu il tarixədək ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Eksperimental zavodunda işləmiş, xx.xx.1985-ci il tarixdə Bakı ağır qaynaq avadanlıqları zavoduna işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə “X7” MMC-yə mexaniklər xidmətinə sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə mexaniklər xidmətində baş mexanikin müavini vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə mexaniklər xidmətində baş mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixdə mexaniklər xidmətinə baş mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2017-ci il tarixdə baş mexanik şöbəsinə mexanik vəzifəsinə qəbul edilmişdir. İddiaçıya güzəştli şərtlərlə zərərli sahədə işləməyi ilə bağlı əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciəti nəticəsiz qalmış, heç bir tədbir görülməmiş və şöbə tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsi barədə cavab verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən, onun əmək kitabçasından görünür ki, onun çalışdığı peşələrdən yalnız “sahə rəisi”, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısına dəqiq şəkildə uyğun gəlir. Bu peşə üzrə isə iddiaçının xüsusi əmək stajı cəmi 5 il 8 ay 21 gündür. Siyahının iddiaçının çalışdığı kateqoriyaya uyğun 3-cü, Metallurgiya bölməsində isə göstərilən peşələrin arasında iddiaçının əmək kitabçasında göstərilən “baş mexanik”, “baş mexanikin müavini” peşə adları yer almamışdır. Bu peşələrin adları siyahıda göstərilmədiyi üçün iddiaçının onlarda çalışdığı müddət xüsusi sığorta stajına əlavə oluna bilməz. İddiaçının əmək kitabçasında 1998-ci ilə qədər olan məlumatlar xarici dildə daxil edildiyinə görə onun iş stajı barədə dəqiq informasiya əldə etmək mümkün deyildir. Əmək kitabçasının məhkəmədə sübut qismində qəbul oluna bilməsi üçün, onun rəsmi şəkildə təsdiq edilmiş tərcüməsinə ehtiyac xardır. Digər tərəfdən rəsmi təsdiq edilmiş tərcümənin varlığı ona görə vacibdir ki, əmək kitabçasında əks olunan peşə adları xüsusi terminoloji ifadələrdir, hansı ki, onları nə məhkəmə, nə də iddiaçı xarici dil biliklərinə əsaslanaraq, öz mülahizəsinə uyğun tərcümə edə bilməz. Həmin peşə adlarının Azərbaycan dilindəki dəqiq qarşılıqları yalnız peşəkar tərcüməçi tərəfindən müəyyən edildiyi halda qeyd edilən sənəd sübut kimi etibarlı hesab oluna bilər. Yalnız bundan sonra, iddiaçının çalışdığı peşələrin siyahı ilə dəqiq uyğunlaşdırılması aparıla bilər. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2017-ci ilədək işləməsi nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən 60 yaşının tamam olması ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3659/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3659/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2017-ci ilədək işləməyi barədə illərini nəzərə alınaraq xx.xx.2019cu il tarixdən 60 yaşının tamam olması ilə bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək (xx.xx.2020-ci il tarixli nüsxə iddiaçı tərəfindən imzalanmamışdır, xx.xx.2020-ci il tarixli nüsxə iddiaçı tərəfindən imzalanmışdır ), 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3659/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, “X7” MMC tərəfindən verilmiş araşdırıcı arxiv arayışına münasibət bildirilməmişdir. İnzibati iş xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi V.Həsənovun icraatına daxil olmuş, daha sonra onun Azərbaycan Respublikası Ali Məhkəməsinə təyin olunmağı ilə bağlı hazırkı iş hakim E.Nağıyevanın icraatına verilmişdir. Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə iclasları barədə məlumatı olmuşdur, belə ki, iddiaçı xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində məhkəməyə ərizələr ünvanlayaraq, apellyasiya məhkəməsində işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin apellyasiya icraatı zamanı məhkəmə iclasları şifahi dinləmələr şəklində keçirilsə də, iddiaçı heç bir məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3659/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı tədqiq edilmiş yazılı sübutlarla müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 1977-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Eksperimental zavodunda işləmiş, xx.xx.1985-ci il tarixdə Bakı ağır qaynaq avadanlıqları zavoduna işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə “X7” MMC-yə mexaniklər xidmətinə sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə mexaniklər xidmətində baş mexanikin müavini vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə mexaniklər xidmətində baş mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixdə mexaniklər xidmətinə baş mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2017-ci il tarixdə baş mexanik şöbəsinə mexanik vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı 60 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “X7” MMC-nin xx.xx.2018-ci il tarixli, 206/L №-li araşdırıcı arxiv arayışına əsasən İddiaçı həqiqətən, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək mexaniklər xidmətində baş mexanik, xx.xx.2017-ci il tarixdən baş mexanik şöbəsində mexanik vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex mexanikləri və sahə mexanikləri kimi öz əksini tapmışdır. “X7” MMC-nin xx.xx.2018-ci il tarixli, 148A №-li arxiv arayışına əsasən İddiaçı həqiqətən X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş Baku Steel Company Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar aşkar edilib: xx xxxxxx 1998-ci il tarixdən xx xxx 2004-cü il tarixədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində sahə rəisi vəzifəsində, xx xxx 2004-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək Mexaniklər xidmətində baş mexanikin müavini vəzifəsində, xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək Mexaniklər xidmətində baş mexanik vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları, Fond № 1, Siyahı №1Ş, 21 №-li saxlama vahidi, 261№-li saxlama vahidi. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin Metallurgiya İstehsalatı 3.6 (b) yarımbəndində sahə rəisləri, sex rəisləri, onların müavinləri və sex mexanikləri kimi öz əksini tapmışdır. Hər iki arxiv arayışı Baş direktorun kadrlar üzrə müavini F.R.Behbudova göstərilməklə imzalanmış və kadrlar şöbəsinin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş arayışlar arasında ziddiyyətlər mövcuddur. Belə ki, xx.xx.2018-ci il tarixli, 206/L №-li araşdırıcı arxiv arayışında iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək mexaniklər xidmətində baş mexanik, xx.xx.2017-ci il tarixdən baş mexanik şöbəsində mexanik vəzifəsində çalışdığı və onun çalışdığı peşənin müvafiq Siyahıda 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex mexanikləri və sahə mexanikləri kimi öz əksini tapdığı qeyd edilsə də, xx.xx.2018-ci il tarixli, 148 №-li arxiv arayışına əsasən iddiaçının xx xxxxxx 1998-ci il tarixdə xx xxx 2004-cü il tarixədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində sahə rəisi vəzifəsində, xx xxx 2004-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək Mexaniklər xidmətində baş mexanikin müavini vəzifəsində, xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək Mexaniklər xidmətində baş mexanik vəzifəsində çalışdığı və müvafiq siyahıda 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sahə rəisləri, sex rəisləri, onların müavinləri və sex mexanikləri kimi öz əksini tapdığı qeyd edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixdə açılmış, İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının surətinə əsasən əmək kitabçasının 14-cü qrafasında (səh.8) iddiaçının xx.xx.1999-cu il tarixdə 02-015 №-li, xx.xx.1999-cu il tarixli əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir(“Bakeletroqaynaq” SC-nin KŞ rəisi Mustafayev T.X. Əmək kitabçasının 15. Qrafasında (səh. 10) isə iddiaçının xx.xx.1998-ci il tarixdə 21 №-li əmək müqaviləsinə əsasən “X7” MMC-də Mexaniklər xidmətinə sahə rəisi vəzifəsinə qəbul edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasının doldurulmasında xronoloji uyğunsuzluq olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3659/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3659/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar