Məhkəmə qərarları › İş №2-1(103)-1062/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1062/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1062/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12881/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, onun müraciəti əsasında Naxçıvan MRnın Şərur rayon Hərbi Komissarlığı tərəfindən Vətənin müdafiəsinə göndərilərək xx.xx.1991- xx.xx.1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şərur rayon Regional Hərbi Qərargahı ləğv olunduqdan sonra, Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə təkrar çağırılaraq, Dövlət Sərhəd Xidmətinin (əvvəl MTN-nin SQ) Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsinin tərkibində xidmətini davam etdirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N saylı əmrinə əsasən hərbi hissədə qranatatan köməkçisi, hərbi-hissə komandirinin xx.xx.1993-cü il tarixli, 284 saylı əmrinə əsasən isə çavuş hərbi rütbəsi verilməklə həmin hərbi-hissədə bölmə komandiri vəzifəsinə təyin edimiş, xx.xx.1995-ci il tarixədək Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşdur. Daha sonra, Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.1995-ci il tarixli, 1518 saylı əmrinə əsasən könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.1997-ci il tarixinədək (əmr №1011) MTN-də kiçik gizir rütbəsi daşımaqla xidmət etmişdir. Sadaladığı bütün hallar ona məxsus ******* nömrəli hərbi biletin müvafiq səhifələrində öz əksini tapmışdır. Beləliklə, iddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə hərbi xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişir. Onun döyüşlərdə iştirak etmə faktını N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 32 nömrəli əmrində döyüşlərdə iştirak etməyi və qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməyi, eyni zamanda ona məxsus ******* nömrəli hərbi biletin 6-cı səhifəsində müvafiq qeydin aparılması təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12881/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən ölkəmizin ərazi bütövlüyünə qəsdlər başladığı xəbərini aldıqdan sonra, dərhal xidmət etdiyi Sovet ordusunun hərbi hissəsini tərk edərək Naxçıvan MR-a qayıdıb və onun müraciəti əsasında Şərur rayon Hərbi Komissarlığı tərəfindən vətənin müdafiəsinə göndərilərək xx.xx.1991-ci il tarixdən - xx.xx.1992-ci il tarixinədək Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir (Şərur RHK-ı tərəfindən verilmiş xx.xx.2002-ci i i tarixli, 425 nömrəli arayış iddia ərizəsinə əlavə olunur). Sonradan, Şərur rayon Regional Hərbi Qərargahı ləğv olunduqdan sonra, Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə təkrar çağrılaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (əvvəl Azərbaycan Respublikasının MTN-nin SQ) Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsinin tərkibində xidmətini davam etdirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə xx.xx.1993-cü il tarixli, N saylı əmrinə əsasən hərbi hissədə qranatatan köməkçisi, hərbi-hissə komandirinin xx.xx.1993-cü il tarixli, 284 saylı əmrinə əsasən isə "Çavuş" hərbi rütbəsi verilməklə həmin hərbi-hissədə "Bölmə komandiri" vəzifəsinə təyin edilib, xx.xx.1995-ci il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşdur. Daha sonra Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.1995-ci il tarixli, 1518 saylı əmrinə əsasən könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, xx.xx.1997-ci il tarixinədək (əmr №1011) Azərbaycan Respublikasının MTN-də "kiçik gizir" rüstbəsi daşımaqla xidmət etmişdir. Sadaladığı bütün hallar ona məxsus ******* nömrəli hərbi biletin müvafiq səhifələrində öz əksini tapmışdır (hərbi biletin surəti ərizəyə əlavə olunur). xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinə kimi hərbi xidmətə çağırılmış və xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişdir. Ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət olunmuşdur (xx.xx.2023-cü il tarixli, ********* nömrəli poçt qəbzinin surəti əlavə olunur). Lakin, cavabdeh orqan tərəfindən onun ərizəsinə xx.xx.2023-cü il tarixli, 3-4390/2-İ- 2xx/xx/2023 nömrəli cavab məktubu rəsmi qaydada xx.xx.2023-cü il tarixdə ünvanıma çatdırılmışdır. Bakı İnzibati Məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilmədiyi üçün o, cavabdeh orqanın cavab məktubunu məhkəməyə təqdim edə bilməmişdi...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Səfərli şikayətin təmin olunmamasını və birinci insatansiyaməhkəməmsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddiaçının cavabdehə məhkəməyə qədər ilkin müraciətinin mövcud olmadığını əsas tutaraq iddiasını mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qeyd olunan əsasla iddianı mümkünsüz hesab edərkən, iddiaçının cavabdeh orqana ilkin müraciəti ilə bağlı heç bir araşdırma aparmadan bu nəticəyə gəlmişdir. Halbuki, İPM-in 12.2-ci maddəsinin tələbinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçının apellyasiya şikayətinə, ona əlavə edilmiş sənədlərə və işin digər materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı məhkəməyə qədər cavabdehə ünvanlanmış ərizəsi, sonuncu tərəfindən onun səlahiyyətləri xaricində olduğuna görə inzibati icraat haqqında hüquq normalarına uyğun qaydada, aidiyyəti üzrə baxılması üçün xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Sərəhəd Xidmətinə (həm də Müdafiə Nazirliyinə) göndərilmişdir, hətta özünü əsl cavabdeh qismində görən Dövlət Sərəhəd Xidməti məhkəməyə xx.xx.2023-cü il tarixli məktub da ünvanlayaraq, iddiaçının həmin müraciətinə öz münasibətini bildirmişdir. Qeyd olunmalıdır ki, cavabdeh işə əlavə olunmuş iddia ərizəsinə etirazında da məsələnin həllinin onun səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddianı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkünsüz hesab etməzdən hələ iki ay əvvəl cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının ona müharibə veteran adı və vəsiqəsi verilməsi ilə bağlı ərizəsini aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə göndərmiş və sonucu tərəfindən həmin məktub icraata qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 31.1-ci maddəsinin tələbinə görə inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Həmin Qanunun 33.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Birinci instansiya məhkəməsi tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, araşdırma aparılmamış, AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqqında” Əsasnamənin birinci hissəsinin müəyyən etdiyi qaydalar çərçivəsində, hazırkı əsl olmayan cavabdehi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əvəz olunması və bu sonuncuya, prosessual qanunvericiliyə müvafiq olaraq, müddət təyin edilməklə, iddiaçının məhkəməyə qədər müracitinə baxılıb nəticəsi barədə məhkəməyə məlumat verilməsi istiqamətində xidməti vəzifəsindən irəli gələn prosessual hərəkətləri yerinə yetirməmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını əsasız hesab edən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12881/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ləğv edilməli, iş, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12881/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar